Məhkəmə qərarları › İş №e-2(011)-5053/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5053/2023

14.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5053/2023 14.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. TuranBank ASC-nin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 459/f-21 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 25% olmaqla, 36 ay müddətinə 5150 AZN (beş min yüz əlli manat) məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh2, TuranBank ASC, Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli, 459/f-21 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur.

2. Cavabdeh2 xx.xx.2023-cü il tarixinə TuranBank ASC-yə 4084.79 AZN (dörd min səksən dörd manat yetmiş doqquz qəpik) əsas, 648.08 AZN (altı yüz qırx səkkiz manat səkkiz qəpik) faiz, 1419.81 AZN (bir min dörd yüz on doqquz manat səksən bir qəpik) cərimə borcu olmaqla, cəmi borcu 6 152.68 AZN (altı min yüz əlli iki manat altmış səkkiz qəpik) təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, iddiaçı tərəfindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir.

İddiaçının tələbi:

3. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı «İddiaçı ASCnin xeyrinə 4084,79 manat əsas, 648,08 manat faiz, 1419,81 manat cərimə borcu olmaqla, cəmi 6152,68 manat məbləğində borcun və ödənilmiş 81,53 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir.

Cavabdehlərin etirazı:

4. Cavabdehlər tərəfindən iddiaçının tələbinə qarşı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları:

5. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 öz izahatında qeyd etmişdir ki, İddiaçı ASC-nin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 25% olmaqla 36 ay müddətinə 5150 (beş min yüz əlli) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh2, İddiaçı ASC və Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh2 xx.xx.2023-cü il tarixinə İddiaçı ASC-yə 4084,79 manat əsas, 648,08 manat faiz, 1419,81 manat cərimə borcu olmaqla, cəmi 6152,68 manat borcu mövcud olmuşdur. Odur ki, iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, qeyd edilən məbləğin cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin o, qeyd etmişdir ki, cərimə məbləği müqavilənin 2.1-ci bəndinə əsasən müəyyən edilir, cavabdehlərlə əlaqə saxlanılaraq razılaşma əldə etmək istənilmiş lakin bu mümkün olmamışdır.

6. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

7. xx.xx.2021-ci il tarixli, İK 459/f-21 saylı kredit müqaviləsinə əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh2 36 ay müddətinə illik 25% ödəmək şərtilə 5150 (beş min yüz əlli) manat məbləğində kredit verilmiş, borcalan isə müqaviləyə əsasən krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür;

8. xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 xx.xx.2021-ci il tarixli, İK 459/f-21 saylı kredit müqaviləsinə əsasən borcalan Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri borc verənə tam şəkildə ödəməyi öhdəsinə götürür, borc alan öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borc alan, borc vern qarşısında birgə məsuliyyət daşıyırlar.

9. xx.xx.2021-ci il tarixli X3 əsasən, 5150 manat İddiaçı ASC tərəfindən Cavabdeh2 ödənilmişdir.

10. Hesabdan çıxarışa əsasən, Cavabdeh2 borcu xx.xx.2021-ci il tarixli, İK 459/f-21 saylı kredit müqaviləsi üzrə 4084,79 manat əsas borc, 648,08 manat faiz, 1419,81 manat cərimə borcu olmaqla, cəmi 6152,68 manat məbləğindədir.

11. xx.xx.2023-cü il tarixli bildiriş və onun göndərilməsinə dair xx.xx.2023-cü il tarixli qaimə;

12. xx.xx.2023-cü il tarixli bildiriş və onun göndərilməsinə dair xx.xx.2023-cü il tarixli qaimə və digər sənədlər.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

471. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 742.1. Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

16. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

17. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada borc, yəni kredit müqaviləsi bağlanılmış (MM m.739.1, 739.2), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli (MM m.442) və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. (MM m. 443.1, 448.1 və 448.2).

18. Həmçinin digər Cavabdeh1 zamin qismində kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərinə götürməsi müəyyən olunmuşdur. Mülki qanunvericiliyin tələbinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, Mülki Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. (472.1.) Eyni zamanda əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (472.2). İş materiallarında olan xx.xx.2022-ci il Zaminlik müqaviləsinin 2-ci maddəsinə əsasən zamin həm borc alan öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, həm də faizlərə və digər xərclərə görə borc olanla birgə tam məsuliyyət daşıyır.(§8)

19. Məhkəmə qeyd edir ki, təqdim edilən sübutlar borcun ödənilməsi barədə tələbin qismən əsaslı olduğunu təsdiq edir. Belə ki, iddiaçının tələb etdiyi 1419,81 manat məbləğində cərimə borcunun əsas borca mütənasib olmadığı qənaətinə gələn məhkəmə cərimə borcunun azaldılaraq 409 manat məbləğində müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. (MM 467)

20. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4084,79 manat əsas, 648,08 manat faiz, 409 manat cərimə olmaqla, cəmi 5141,87 (beş min yüz qırx bir manat səksən yeddi qəpik) manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır.

Məhkəmə xərcləri:

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 71,42 (yetmiş bir manat qırx iki qəpik) manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

1. İddia tələbi qismən təmin edilsin.

2. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4084,79 manat əsas, 648,08 manat faiz, 409 manat cərimə olmaqla, cəmi 5141,87 (beş min yüz qırx bir manat səksən yeddi qəpik) manat məbləğində borc pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin.

3. İddiaçı tərəfindən ödənilmiş 71,42 (yetmiş bir manat qırx iki qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin.

4. İddia tələbi qalan hissədə təmin edilməsin.

5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar