Məhkəmə qərarları › İş №e-2(011)-5067/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5067/2022

15.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5067/2022 15.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, 08 iyul 2020-ci il tarixli müqaviləyə əsasən, Bosch markalı qabyuyan üçün 780 manat ödənilməmiş hissə, 240 manat dəbbə pulu; 01 dekabr 2020-ci il tarixli müqaviləyə əsasən, Samsung markalı tv üçün 1.935,20 manat ödənilməmiş hissə, 575.80 manat dəbbə pulu; 08 dekabr 2020-ci il tarixli müqaviləyə əsasən, Samsung markalı tv üçün 1.935,20 manat ödənilməmiş hissə, 575.80 manat dəbbə pulu; 28 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən, Big Racer markalı dolab, Big Racer markalı çalışma masası, Big Racer markalı termo, Big Racer markalı tumba, Big Racer markalı gənc çarpayı, Uretan markalı döşək üçün 1.536 manat ödənilməmiş hissə, 480 manat dəbbə pulu olmaqla, ümumilikdə 8.058 manat borc və 100.58 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 28 sentyabr 2019-cu il, 08 iyul 2020-ci il, 01 dekabr 2020-ci il, 08 dekabr 2020ci il tarixli müqavilələrə əsasən, cavabdeh Bosch markalı qabyuyan, 2 ədəd Samsung markalı tv, Big Racer markalı dolab, Big Racer markalı çalışma masası, Big Racer markalı termo, Big Racer markalı tumba, Big Racer markalı gənc çarpayı, Uretan markalı döşək almış və nəticədə 8.058 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 28 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 3.840 manat olan Big Racer markalı dolab, Big Racer markalı çalışma masası, Big Racer markalı termo, Big Racer markalı tumba, Big Racer markalı gənc çarpayı, Uretan markalı döşək üçün ümumilikdə 2.016 manat olmaqla, 1.536 manat ödənilməmiş hissə, 480 manat cərimə pulu borcu; 08 iyul 2020-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1.513 manat olan Bosch markalı qabyuyan üçün ümumilikdə 1.020 manat olmaqla, 780 manat ödənilməmiş hissə, 240 manat cərimə pulu borcu; 01 dekabr 2020-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 2.311,20 manat olan Samsung markalı tv üçün ümumilikdə 2.511 manat olmaqla, 1.935,20 manat ödənilməmiş hissə, 575.80 manat cərimə pulu borcu; 08 dekabr 2020-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 2.311,20 manat olan Samsung markalı tv üçün ümumilikdə 2.511 manat olmaqla, 1.935,20 manat ödənilməmiş hissə, 575.80 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3.789 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarından görünür ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 28 sentyabr 2019-cu il, 08 iyul 2020-ci il, 01 dekabr 2020-ci il, 08 dekabr 2020-ci il tarixli müqavilələrə əsasən, cavabdeh Bosch markalı qabyuyan, 2 ədəd Samsung markalı tv, Big Racer markalı dolab, Big Racer markalı çalışma masası, Big Racer markalı termo, Big Racer markalı tumba, Big Racer markalı gənc çarpayı, Uretan markalı döşək almışdır. Müqavilələrə əsasən cavabdeh öhdəliyi lazımınca icra etmədiyindən 13 iyul 2022-ci il tarixə onun borcu yaranmışdır. Cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış alğı-satqı müqavilələrinə əsasən Cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsas borca aid hissədə əsaslıdır və tam təmin edilməlidir. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, 28 sentyabr 2019-cu il tarixli müqavilə üzrə hesablanmış 480 manat dəbbə məbləği azaldılaraq 40 manat məbləğində, 08 iyul 2020-ci il tarixli müqavilə üzrə 240 manat dəbbə məbləği azaldılaraq 20 manat məbləğində, 01 dekabr 2020-ci il tarixli müqavilə üzrə hesablanmış 575.80 manat dəbbə məbləği azaldılaraq 50 manat məbləğində, 08 dekabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə hesablanmış 575.80 manat dəbbə məbləği azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 28 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 1.536 manat, dəbbə pulu 40 manat, 08 iyul 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 780 manat, dəbbə pulu 20 manat, 01 dekabr 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 1.935,20 manat, dəbbə pulu 50 manat, 08 dekabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 1.935,20 manat əsas, dəbbə pulu 50 manat olmaqla, ümumilikdə 6.346,40 manat pul vəsaiti Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı təşkilat 100.58 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilən 100.58 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 28 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 1.536 (bir min beş yüz otuz altı) manat, dəbbə pulu 40 (qırx) manat, 08 iyul 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 780 (yeddi yüz səksən) manat, dəbbə pulu 20 (iyirmi) manat, 01 dekabr 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 1.935,20 (bir min doqquz yüz otuz beş manat iyirmi qəpik) manat, dəbbə pulu 50 (əlli) manat, 08 dekabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 1.935,20 (bir min doqquz yüz otuz beş manat iyirmi qəpik) manat əsas, dəbbə pulu 50 (əlli) manat olmaqla, ümumilikdə 6.346,40 (altı min üç yüz qırx altı manat qırx qəpik) manat pul vəsaiti və 100.58 (bir yüz manat əlli səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar