Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5068/2023 14.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. TuranBank ASC-nin Xaçmaz filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 459/f-21 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 19% olmaqla, 24 ay müddətinə 7800 AZN (yeddi min səkkiz yüz manat) məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur.
2. Cavabdeh xx.xx.2023-cü il tarixinə TuranBank ASC-yə 3694.23 AZN (üç min altı yüz doxsan dörd manat iyirmi üç qəpik) əsas, 501.1 AZN (beş yüz bir manat on qəpik) faiz, 1082.8 AZN (bir min səksən iki manat səksən qəpik) cərimə borcu olmaqla, cəmi borcu 5278.13 AZN (beş min iki yüz yetmiş səkkiz manat on üç qəpik) təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, iddiaçı tərəfindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir.
İddiaçının tələbi:
3. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 3694.23 manat əsas, 501.1 manat faiz, 1082.8 manat cərimə borcu olmaqla, cəmi 5278.13 manat məbləğində borcun və ödənilmiş 72,79 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir.
Cavabdehlərin etirazı:
4. Cavabdehlər tərəfindən iddiaçının tələbinə qarşı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
5. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 öz izahatında qeyd etmişdir ki, İddiaçı ASC-nin Xaçmaz filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021ci il tarixli kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 19% olmaqla 24 ay müddətinə 7800 (yeddi min səkkiz yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixinə İddiaçı ASC-yə 3694.23 manat əsas, 501.1 manat faiz, 1082.8 manat cərimə borcu olmaqla, cəmi 5278.13 manat borcu mövcud olmuşdur. Odur ki, iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, qeyd edilən məbləğin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin o, qeyd etmişdir ki, cərimə məbləği müqavilənin 2.1-ci bəndinə əsasən müəyyən edilir, cavabdehlə əlaqə saxlanılaraq razılaşma əldə etmək istənilmiş lakin bu mümkün olmamışdır. Cavabdeh tərəfindən sonuncu ödəniş 5 yanvar 2023-cü il tarixdə həyata keçirilmişdir.
6. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
7. xx.xx.2021-ci il tarixli, İK 964/f-21 saylı kredit müqaviləsinə əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh 24 ay müddətinə illik 19% ödəmək şərtilə 7800 (yeddi min səkkiz yüz) manat məbləğində kredit verilmiş, borcalan isə müqaviləyə əsasən krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür;
8. xx.xx.2021-ci il tarixli X3 əsasən, 7800 (yeddi min səkkiz yüz) manat İddiaçı ASC tərəfindən Cavabdeh ödənilmişdir.
9. Hesabdan çıxarışa əsasən, Cavabdeh borcu xx.xx.2021-ci il tarixli, İK 964/f-21 saylı kredit müqaviləsi üzrə 3694.23 manat əsas borc, 501.1 manat faiz, 1082.8 manat cərimə borcu olmaqla, cəmi 5278.13 manat məbləğindədir.
10. xx.xx.2023-cü il tarixli bildiriş və onun göndərilməsinə dair xx.xx.2023-cü il tarixli qaimə və mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi (MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 742.1. Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
13. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
14. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada borc, yəni kredit müqaviləsi bağlanılmış (MM m.739.1, 739.2), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli (MM m.442) və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. (MM m. 443.1, 448.1 və 448.2).
15. Məhkəmə qeyd edir ki, təqdim edilən sübutlar borcun ödənilməsi barədə tələbin qismən əsaslı olduğunu təsdiq edir. Belə ki, iddiaçının tələb etdiyi 1082,80 manat məbləğində cərimə borcunun əsas borca mütənasib olmadığı qənaətinə gələn məhkəmə cərimə borcunun azaldılaraq 370 manat məbləğində müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. (MM 467)
16. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3694,23 manat əsas, 501,10 manat faiz, 370 manat cərimə olmaqla, cəmi 4565,33 (dörd min beş yüz altmış beş manat otuz üç qəpik) manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri:
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 65,65 (altmış beş manat altmış beş qəpik) manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
18. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
1. İddia tələbi qismən təmin edilsin.
2. Cavabdeh 3694,23 manat əsas borc, 501,1 manat faiz, 370 manat cərimə olmaqla, cəmi 4565,33 (dörd min beş yüz altmış beş manat otuz üç qəpik) manat məbləğində borc pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin.
3. İddiaçı tərəfindən ödənilmiş 65,65 (altmış beş manat altmış beş qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin.
4. İddia tələbi qalan hissədə təmin edilməsin.
5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova