Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-5086/2023 22.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı – İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-dən 471.068 (dörd yüz yetmiş bir min altmış səkkiz qəpik) manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, tərəflər arasında olan mübahisə korporativ hüquq münasibətlərindən əmələ gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin “Qeyd” hissəsindən görünür ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarın 11-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Qeyd edilən Qərarın 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qeyd edilən Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Göründüyü kimi, tərəflərin subyektiv tərkibi və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla işə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı deyildir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC-nin Nizamnaməsindən görünür ki, cəmiyyətin təsçisi İddiaçıdur. Sonradan "xxxx" MMC-nin Nizamnaməsinə dəyişiklik edilmiş və Cəmiyyətin Nizamnaməsinin titul vərəqində və eləcədə zəruri olan yerlərdə cəmiyyətin adı Cavabdeh MMC kimi oxunması qərara alınmışdır. İddia ərizəsinə əlavə edilmiş Təsisçi ilə Şirkət arasında bağlanmış xx.xx.2018-ci il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı təsisçisi olduğu "xxxx" MMC-yə 500 000 ABŞ dolları məbləğində pul vəsaitini borc vermişdir. Həmin Müqavilənin 1.4-cü bəndindən görünür ki, borc “borc alana” "xxxx" MMC-nin cari xərclərini ödəmək və Əsas vəsaitlərin alınması məqsədilə verilir. Məhkəmə araşdırması zamanı ilkin olaraq müəyyən edilmişdir ki, Cavabdeh MMC, neft-qaz, bərpa olunan enerji, dağ-mədən sənayesi, inşaat, sənaye, kənd təsərrüfatı və s. kimi mühüm biznes sektorlarına yüksək keyfiyyətli məhsul və xidmətlər təklif etmək məqsədilə təsis edilmişdir.Tərəflər arasında bağlanmış həmin borc müqaviləsinin təyinatı da, müqavilədən göründüyü kimi məhz MMC-nin fəaliyyətinin təşkili ilə bağlıdır. Göründüyü kimi tərəflər arasında yaranan münasibətlər korporativ münasibətlərdi. Məhkəmə göstərilənləri, habelə tərəflərin subyektiv tərkibini və onlar arasında mövcud olan hüquq münasibətlərinin xarakterini nəzərə alıb, belə qənaətə gəlir ki, bu halın mövcudluğu məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar kimi çıxış edərək, işə məhkəmə aidiyyəti baxımından ümumi məhkəmədə baxılmasını qeyri-mümkün edir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddiaçının iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hesabına ödənilmiş 765 (yeddi yüz altmış beş) manat məbləğində dövlət rüsumu (qəbz nömrəsi:**********) özünə qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-5086/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-5086/2023
22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver