Məhkəmə qərarları › İş №e-2(011)-5087/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5087/2023

08.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5087/2023 08.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh "xxxx" MMC-nin təsisçisi olmaqla öz qulluq mövqeyindən istifadə etməklə, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ona Türkiyə Respublikasının Antalya şəhərində yerləşən “Alva Donna 5” hotelində xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində ailəvi istirahət etmək üçün tur paketi təşkil edəcəyinə dair yalandan vəd verib aldadaraq bu adla ondan 03 aprel 2019-cu il tarixdə, saat 16:40 radələrində ünvan 1 ünvanında yerləşən “Af Mall” ticarət mərkəzinin 3-cü mərtəbəsində olan “Like Travel" MMC-nin ofisində 3740 manat pul vəsaitini alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib ona 3740 manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan sonra iddiaçı və digər çoxsaylı zərərçəkmiş şəxslərin şikayəti əsasında Cavabdeh barəsində cinayət işi başlanılmış, onun törətdiyi cinayət əməlləri və bunun nəticəsində ona vurduğu maddi ziyan Nəsimi Rayon məhkəməsinin 1(006)-76/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə öz təsdiqini tapmış və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının1(103)- 1717/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə onun barəsində olan hökm qanuni qüvvəyə minmişdir. İstər cinayət işinin məhkəmədə baxıldığı vaxtda, istərsə də Cavabdeh təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkib bitirdikdən sonra iddiaçı tərəfindən dəfələrlə cavabdehə müraciət olunmasına baxmayaraq, iddiaçıya vurduğu maddi ziyanı ödəməkdən imtina etmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh 3740 manat məbləğində pulun və iddianın verilməsinə görə ödənilmiş 57,40 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdehin iddiaçının tələbinə dair etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-76/2021 saylı xx.xx.2021-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin qərardan görünür ki, məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən şəxs Cavabdeh ifadəsində göstərmişdir ki, İddiaçı Türkiyə Respublikasının Antalya şəhərində yerləşən “Alva Donna 5” hotelində xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində ailəvi istirahət etmək üçün tur paketi təşkil edəcəyinə dair vəd verib bu adla İddiaçı 03 aprel 2019-cu il tarixdə saat 16:40 radələrində ünvan 1 ünvanında yerləşən “Af Mall” ticarət mərkəzinin 3-cü mərtəbəsində olan "xxxx" MMC-nin ofisində 3740 manat pul vəsaitini almışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 1717/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən, təqsirləndirilən şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmiş, həmin hökmlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təyin edilmiş edilmiş 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 3 ilə endirilmiş, Cavabdeh 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq olunaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4- cü maddələri ilə təyin edilmiş 3 il müddətə azadlıqdan məhrum etmə cəzası 6 ay azaldılmaqla 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilmişdir. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin maddələrinə istinad ediləcək) 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-76/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1717/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı və Cavabdeh ifadəsi ilə təsdiq edilir ki, Cavabdeh İddiaçı Türkiyə Respublikasının Antalya şəhərində yerləşən “Alva Donna 5” hotelində xx.xx.2019cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində ailəvi istirahət etmək üçün tur paketi təşkil edəcəyi vədi ilə ondan 3740 manat pul vəsaitini almış və həmin pulu hazırkı günədək iddiaçıya geri qaytarmamışdır. Beləliklə, iddia tələbi tam sübut edildiyi üçün Cavabdeh Tofiq oğlundan 3740 manat məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 3740 (üç min yeddi yüz qırx) manat məbləğində pul vəsaiti və 57.40 (əlli yeddi manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar