Məhkəmə qərarları › İş №e-2(011)-5090/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5090/2023

15.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5090/2023 15.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi ilə Cavabdehin qanuni nümayəndəsinin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı “X5 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı “X5 Azərbaycan” QSC Cavabdeh qarşı - xx.xx.2013-cü tarixli kredit müqaviləsi üzrə vərəsə Cavabdeh 7184.30 manat əsas borcun, 812.12 manat hesablanmış və ödənilməmiş faiz borcun, 2071.71 manat cərimə borcun, 2.50 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcun, cəmi 10070.63 manat borcun və dövlət büdcəsinə köçürülmüş 120.21 manat dövlət rüsumunun, «X5 Azərbaycan» QSC-nin хeyrinə tutulması (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2013-cü il ildə «X5 Azərbaycan» QSC və Əliyev Azərxan Əmirxan oğlu arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Əliyev Azərxan Əmirxan oğluna istehlak yönümlü 7500 (yeddi min beş yüz) manat məbləğində kredit kartı limiti ayrılmışdır. «X5 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan Əliyev Azərxan Əmirxan oğlu kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən, «X5 Azərbaycan» QSC-yə 7184.30 manat əsas borc, 812.12 manat hesablanmış və ödənilməmiş faiz borc, 2071.71 manat cərimə borc, 2.50 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcu olmaqla cəmi 10070.63 manat təşkil edir. Əliyev X4 qarşısında olan öhdəliklərini lazımınca icra etməməsi ilə əlaqədar Bank məhkəməyə müraciət etmişdir. Banka daxil olmuş e-2(005)-4848/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci tarixli məhkəmə qərardadından məlum olmuşdur ki, Əliyev Azərxan Əmirxan oğlu xx.xx.2022-ci il tarixində vəfat etmişdir. ünvan 1 ünvanlanan vəkil sorğusuna cavab olaraq Banka təqdim edilmiş xx.xx.2022-ci il tarixli reyestr 2V-376 nömrə ilə qeydiyyatı olan V-128/2022 saylı və xx.xx.2022-ci il tarixli reyestr 2V-377 nömrə ilə qeydiyyatı olan V-128/2022 saylı vərəsəlik işində olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən müəyyən olundu ki, Cavabdeh xx.xx.2022-ci il tarixində vəfat etmiş Əliyev Azərxan Əmirxan oğlunun yegəna vərəsəsidir və o miras əmlakdan tam hissədə pay almalıdır. Cavabdeh 18 yaşının 2024-cü ilmart ayına tamam olması ilə əlaqədar V-128/2022 saylı vərəsəlik işi üzrə müvafiq sənədləri onun əvəzinə qanuni nümayəndəsi və qəyumu hesab olunan,anası X3 imzalamışdır. Tərəflərin izahatları: İddiaçı “X5 Azərbaycan” QSC məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxış iclasının Bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iş üzrə Bankın iddiasının tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qanuni nümayəndəsi X1 nümayəndəsi və vəkili Nümayəndə2 məhkəməyə etiraz ilə müraciət edərək, bildirdi ki, iddiaçının iddianın əsası olaraq məhkəməyə təqdim etdiyi tərəflər arasında bağlanmış xx.xx.2013-cü il Bank hesabı debet kartı,kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsinin 4.26-cı bəndinə görə "müqaviləyə əsasən bank 5 il müddətinə 7.500 manat məbləğində kredit kartı limiti açır (kredit xətt i), kart/əlavə kart sahibi işə həmin kredit limitini (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti(krediti} və ona hesablanmış faizləri, komission və həmçinin nəzərdə tutulmuş digər ödənişləri bu müqavilədə müəyyən edilmiş şərtlərlə banka qaytarmağı öhdəsinə götürür " İddiaçının məhkəməyə təqdim etdiyi “X5 Azərbaycan "QSC ilə mərhum Əliyev Azərxan Əmirxan oğlunun aralarında xx.xx.2013-cn il tarixdə bağlanmış müqavilədən görünür ki, müqavilə 5 il müddətinə bağlanmış, müqavilə əsasında kredit alana kredit xətti açmaqla təqdim edilməsi nəzərdə tutulmuş 7.500 manat vəsaitin nə vaxt, hansı tarixdə verilməsi, verilən tarixdən əsas və faiz borcundan hansı məbləğlərdə ödənişlər edilməsi hallarını təstiq edən sübutlar məhkəməyə təqdim edilməsədə tərəflər arasında bağlanmış müqavilə 5 il müddətinə bağlanması və həmin müqavilənin müddəti bitdiyi gündən iddiaçının kredit alanın üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi səbəbindən iddiaçı AR MM-nin 373.2ci maddənin tələblərinə uyğun olaraq üç il ərzində, yəni xx.xx.2021-ci ilədək kredit alandan borcunu tələb edə bilərdi. İş materiallarından görünür ki, iddiaçı nə müqavilənin qüvvədə olduğu müddətdə, nə müqavilənin müddəti bitdiyi gündən sonra qanunla nəzərdə tutulmuş 3 il müddətində Əliyev Azərxan Əmirxan oğluna qarşı belə bir tələb irəli sürməmiş, hazırki tələblə mərhum Əliyev Azərxan Əmirxan oğlunun vərəsəsinə qarşı xx.xx.2023-ci il tarixdə məhkəməyə müraciət etməsi, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi haqda qətnamənin qəbul edilməsi üçün əsasdır. Odur ki, qeyd olunanlara əsasən məhkəmədən iddia rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan, “X5 Azərbaycan” QSC ilə Əliyev Azərxan Əmirxan oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləyə əsasən 5 il müddətinə 7500 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli bildiriş məktubundan görnünür ki, “X5 Azərbaycan” QSC tərəfindən cavabdehə borcun ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunların tələblərinə uyğun olaraq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Əliyev Azərxan Əmirxan oğlunun “X5 Azərbaycan” QSC-yə 7184.30 manat əsas borc, 812.12 manat hesablanmış və ödənilməmiş faiz borc, 2071.71 manat cərimə borc, 2.50 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcu olmaqla cəmi 10070.63 manat borcu yaranmışdır. İş materiallarında olan AZ İİ № 280020 ölüm haqqında şəhadətnamədən görünür ki, Əliyev Azərxan Əmirxan oğlu xx.xx.2022-ci il tarixdə, Bakı şəhərində ölmüşdür. İş materiallarında olan, Bakı şəhər 18 saylı notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Əliyev Azərxan Əmirxan oğlunun vərəsəsi kimi Cavabdeh tanınmış, "xxxx" QSC-nin əməkdaşı Əliyev Azərxan Əmirxan oğlunun adına olan 24624.97 manat pul məbləğində miras əmlak almışdır. İş materiallarında olan, xx.xx.2022-ci il tarixli Mirasın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə vərəsənin ərizəsindən görünür ki, Cavabdeh Əliyev Azərxan Əmirxan oğlundan irs qalan miras əmlak olan ünvan 2 ünvanında yerləşən mənzili qəbul etmişdir.Ondan başqa vərəsə yoxdur. İş materillarında olan, AZ İİİ № 162201 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2006-cı ildə Bakı şəhərində anadan olmuş, ata adı qrafasında Əliyev Azərxan Əmirxan oğlu, ana adı qrafasında Qanuni nümayəndə qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, “X5 Azərbaycan” QSC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 120.21 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 374.1-ci maddəsinin tələbinə görə əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun ‘Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair "xx.xx.2001-ci il tarixli qərarında şərh edilmişdir ki," iddia müddəti hüquq münasibətləri iştrakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir,mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sab iri iyin aradan qaldırılmasına xidmət göstər ir, tərəflərdən üzərindən cox vaxt ötmüş, möhtəbərliyinin yoxlanılması çətin və ya qeyri-münkün olan subutlara istinad etməsini aradan qaldıraq,ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2.-ci maddəsinə əsasən, Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır. Buna görə də, iddia təmin edilməməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2013-cü ildə «X5 Azərbaycan» QSC və Əliyev Azərxan Əmirxan oğlu arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən 5 il müddətinə borcalan Əliyev Azərxan Əmirxan oğluna istehlak yönümlü 7500 (yeddi min beş yüz) manat məbləğində kredit kartı limiti ayrılmışdır. «X5 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan Əliyev Azərxan Əmirxan oğlu kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bоrcu ödəməmişdir. Əliyev Azərxan Əmirxan oğlu xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bakı şəhər 18 saylı notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Əliyev Azərxan Əmirxan oğlunun vərəsəsi kimi Cavabdeh tanınmış, "xxxx" QSC-nin əməkdaşı Əliyev Azərxan Əmirxan oğlunun adına olan 24624.97 manat pul məbləğində miras əmlak almışdır. Cavabdeh Əliyev Azərxan Əmirxan oğlundan irs qalan miras əmlak olan ünvan 2 ünvanında yerləşən mənzili qəbul etmişdir. Belə ki, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, “X5 Azərbaycan” QSC ilə Əliyev Azərxan Əmirxan oğlu arasında xx.xx.2013-cü il tarixdə bağlanmış müqavilədən də göründüyü kimi 5 illik müddətinə 7500 manat məbləğində kredit xətti açılmışdır. Göründüyü kimi, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. Belə olan halda, iddiaçı üçün iddia müddətinin axımı da həmin vaxtdan başlamışdır. İddiaçı AR MM-nin 373.2-ci maddəsinin tələblərinə uyğun olaraq 3 il ərzində yəni xx.xx.2021-ci il tarixədək kredit alandan borcunu tələb edə bilərdi. Lakin iş materiallarından görünür ki, iddiaçı mövcud iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən iddia təmin edilməməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçrilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydada uyğun olaraq müəyyən olunur. Şəxsin hüququ pozulduqda, onun müdafiəsi üçün pozulmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçrilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilən Plenum qərarında göstərilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını ntizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması şin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. «E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarınauyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “X5 Azərbaycan” QSC ilə Əliyev Azərxan Əmirxan oğlu arasında xx.xx.2013-cü il tarixli müqavilə üzrə icra müddəti xx.xx.2018-ci il tarixdə bitərək iddia müddətinin axımı başladığından, iddia müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Odur ki, iddia ərizəsi iddia müddəti ötürülməklə verildiyindən iddia rədd edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı bu cür tələblər üçün qanunla müəyyən edilmiş müqavilə tələbləri üzrə iddia müddətini ötürdüyündən, habelə mübahisə tərəfi olan cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia müddətinin ötürülməsinə görə iddia rədd edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda dövlət rüsumuna görə ödənilən 120.21 manat məbləğində xərcin əvəzinin cavabdehdən tutulmasına dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Belə ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia təmin edilmədiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı “X5 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar