Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5114/2024 09.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit üzrə borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə BF-1043-2023 saylı istehlak krediti müqaviləsi (mikro krediti) bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehə 24 ay müddətinə, illik 14%-lə 13 000 manat məbləğində kredit verməyi, cavabdeh isə aldığı krediti təyinatına uyğun istifadə etməyi və müqavilədə göstərilmiş müddətdə aldığı krediti faizlərlə birlikdə Banka qaytarmağı öhdsinə götürmüşdür.
2. Müqavilənin Əlavəsi olan ödəniş qrafikinə əsasən aylıq ödəniş 624,17 (sonuncu ay üzrə 624,11) manat müəyyən edilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliyini qsmən yerinə yetirmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri
3. İddiaçı 9061,97 manat əsas, 332,26 manat faiz borcu, 373,60 manat cərimə olmaqla, cəmi 14891,25 manat pulun və iş üzrə ödənilmiş 117,67 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlə aralarında imzalanmış kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə şəxsi ehtiyac məqsədi ilə illik 14%-lə, 24 ay müddətinə qaytarılmaq şərti ilə 13 000 manat məbləğində kredit vəsaiti ayrılmışdır. Kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən cavabdehin kredit üzrə aylıq ödənişi 624,17 manat təşkil edir. Cavabdeh tərəfindən ona ayrılmış kredit vəsaiti təyinatı üzrə istifadə edilsə də, kredit öhdəliklərinin ödəniş qrafikində nəzərə tutulmuş qaydada icra edilməsi həyata keçirilməmiş, nəticədə tərəflər arasında imzalanmış kredit müqaviləsinin şərtləri cavabdeh tərəfindən birtərəfli qaydada pozulmuşdur. Kredit müqaviləsinin 5.1.6-cı bəndinə əsasən cavabdeh iddiaçı tərəfindən 60 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini ödəniş qrafiki üzrə ödəmədikdə, habelə annutitet ödənişlər 12 ay ərzində 3 dəfədən çox gecikdirildikdə müqaviləyə birətərfli qaydada xitam vermək və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını, habelə müqavilədə müəyyən edilmiş dəbbə pulunu tələb etmək hüququna malikdir. Öhdəliklərin lazımı qaydada icra olunmaması səbəbindən iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq göndərilmiş, borcunu dərhal ödəməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi onun diqqətinə çatdırılmışdır. Lakin xəbərdarlıq göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliklər lazımı qaydada icra edilməmiş olaraq qalmışdır. xx.xx.2024-cü il tarixinə hesablanmaqla cavabdehin iddiaçı qarşısında ümumilikdə 9767,53 manat məbləğində icra edilməmiş öhdəliyi mövcuddur.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.
8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
9. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
10. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
11. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
12. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
13. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
14. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
19. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
20. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
21. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə kredit müqaviləsi bağlanmış, cavabdehə 24 ay müddətinə illik 14% dərəcəsi ilə 13 000 manat məbləğində kredit verilmişdir.
22. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc prdmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.
23. İşin mübahisəsiz halıdır ki, Bankla cavabdeh Seyran İnasaridze arasında kredit (borc) müqaviləsi bağlanmış, Bank müqavilədə nəzərdə tutulmuş pul vəsaitini Seyran İnasaridzeyə verməklə öhdəliyini icra etmişdir. Lakin sonuncu aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş qrafikinə uyğun ödəməmiş, bununla da öhdəliyini tam icra etməmişdir.
24. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə, şərtlərlə və hesablanmış faizlə birlikdə və eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh göstərilən müqavilə əsasında pul vəsaitini alaraq ondan istifadə etmiş, lakin pulu qaytarmaqla bağlı vəzifəsini yerinə yetirməmişdir. Odur ki, iddia tələbi əsas borcun və ona hesablanmış faizlərin tələb edilməsi hissəsində əsaslıdır.
25. Məhkəmənin qənaətinə görə, iddia tələbi 373,30 manat məbləğində cərimənin tələb edilməsi hissəsində qismən əsaslıdır. Məhkəmə qeyd edir ki, cərimə borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuş və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi, həmçinin borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlı olmasıdır. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır.
26. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin 373,30 manat həcmində hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Həmçinin, iddia tələbindən də açıq şəkildə görünür ki, hesablanmış cərimənin məbləği əsas borcdan da artıqdır və şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin 40 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir
27. Məhkəmə hesab edir ki, 117,67 manat məbləğində dövlət rüsumu iddianın təmin olunması nisbətində (iddia ümumi tələbin 96%-i nisbətində təmin edilmişdir) tərəflərə aid edilməlidir.
28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. 9061,97 manat əsas, 332,26 manat faiz borcu, 40 manat cərimə borcu olmaqla, cəmi 9434,23 manat pul və 112,96 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 4,71 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı