Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5131/2022 17.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilələrin ləğv edilməsi, müqavilə predmeti olan avtomobilin geri verilməsi və sair tələbinə” dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC-si cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilələrin ləğv edilməsi, müqavilə predmeti olan avtomobilin geri verilməsi və sair tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, "xxxx" MMC xx.xx.2011-ci il tarixli, ********** saylı Nizamnamə əsasında fəaliyyət göstərən və vergi ödəyicisi olan hüquqi şəxsdir. Onun əsas fəaliyyəti avtomobillərin alqı-satqısı ilə məşğul olmaqdır. "xxxx"MMC-nin mülkiyyətində olan “Kia Optima” minik markalı, 2010-cu il buraxılışlı, KNAGN411BBA067835 şassi (ban) nömrəli, qara rəngli, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün Cavabdeh2 ilə "xxxx" MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli, 2719 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 6000 manat, 36 ay müddətinə, hər ay üzrə 869 manat ödəniş etməklə, 37270.9 manata satılmışdır. 19 fevral 2020-ci il tarixli, 2719 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 müqavilə üzrə zaminlik edərək 19 fevral 2020-ci il tarixli, 2719 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 ödəniş etmədiyi təqdirdə zamin olaraq ödənişləri edəcəyini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh2 “Kia Optima” minik markalı, 2010-cu il buraxılışlı, KNAGN411BBA067835 şassi (ban) nömrəli, qara rəngli, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2719 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cəmi 6000 manat ödəniş etmişdir. Cavabdeh2 xx.xx.2020-ci il tarixdən "xxxx" MMC-yə heç bir ödəniş etməyərək 31270.9 manat məbləğində əsas borcu qalaraq ödənilməmişdir. xx.xx.2020-ci il tarixli, 2719 saylı müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icrasını təmin etmək məqsədilə Cavabdeh2 dəfələrlə şifahi xəbərdar edilsə də, o, borcunu ödəməkdən yayınmışdır. Sonda tərəflərindən müqavilənin şərtlərinə əsasən cavabdehin qeydiyyat ünvanına pretenziya məktubu ünvanlanmış, lakin buna baxmayaraq cavabdeh öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. xx.xx.2020-ci il tarixli, 2719 saylı nisyə alqı-satqı müqaviləsinin 4.5-ci bəndinə əsasən hər aylıq ödənişi gecikdirildiyi halda, avtomobilin təhvil verildiyi günə qədər gecikdirdiyi hər gün üçün 50 manat məbləğində icarə haqqı ödənilməlidir. Belə ki, cavabdeh müqavilənin predmeti olan avtomobilin ödənişini 19 mart 2020-ci il tarixdən iddia verilən günədək, 853 gün istifadə edərək təhvil vermədiyindən gecikdirdiyi hər gün üçün 50 manat məbləğində istifadə (714 x 50 = 35700) haqqı hesablanmaqla 42650 manat məbləğində istifadə haqqı hesablanmışdır. Bu müqavilənin 4.6-cı bəndinə əsasən aylıq ödənişin gecikdirildiyi hər gün üçün ödəməli olan ödənişin 1%-i məbləğində cərimə ödənilməlidir və cavabdeh “Kia Optima” minik markalı, 2010-cu il buraxılışlı, KNAGN411BBA067835 şassi (ban) nömrəli, qara rəngli, **- PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ödənişini 19 mart 2020-ci il tarixdən iddia verildiyi günədək, 853 gün istifadə edərək ödəniş etmədiyindən, ödənişi gecikdirdiyi hər gün üçün ödəməli olduğu aylıq ödənişin 1%-i məbləğində cərimə hesablanılmaqla 7412 manat məbləğində cərimə pulu hesablanmışdır. xx.xx.2020-ci il tarixli, 2719 saylı Müqaviləsinin 11.4-cü bəndinə əsasən mübahisəli hallar yarandıqda, məsələnin həllinə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmasına satıcı yəni iddiaçı və alıcı yəni cavabdeh tərəflər razıdırlar. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış 19 fevral 2020-ci il tarixli, 2719 saylı “əşyanın nisyə alqı satqısı” və “zaminlik” müqavilələrinin ləğv edilməsi, müqavilə predmeti olan avtomobilin geri verilməsi, əks təqdirdə dəymiş zərərin əvəzi kimi 31270.9 manat əsas borc pulun, 7412 manat məbləğində cərimə pulunun, 42650 manat məbləğində icarə haqqının və dövlət rüsumu qismində ödənilmiş 334 manatın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, müqavilə predmeti olan avtomobilin geri verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 19 fevral 2020-ci il tarixli, 2719 №-li əşyanın nisyə alqı-satqısı haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh2 ilə "xxxx" MMC ilə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən “Kia Optima” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilkin ödəniş 6000 manat, 36 ay müddətinə, hər ay 869 manat ödəniş etməklə, 37270.9 manata satılmışdır. İş materiallarında olan 19 fevral 2020-ci il tarixli, 2719 №-li zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış zaminlik müqaviləsinə əsasən Cavabdeh1, yəni zamin Cavabdeh2 iddiaçı ilə arasında olan müqavilə üzrə öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 19 fevral 2020-ci il tarixli Təhvil-təslim aktının surətindən görünür ki, “Kia Optima” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı minik avtomobili Cavabdeh2 təhvil verilmiş, nəqliyyat vasitəsinin heç bir nasazlığı olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 157.2-ci maddəsi təsbit edir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub olmadığının müəyyən olunmasıdır. Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. İstinad edilən Plenum qərarında əks olunmuş hüquqi mövqeyi nəzərə alaraq məhkəmə hazırkı iddia tələbinin əsasını tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi və ondan irəli gələn öhdəliklər təşkil etdiyini qeyd edir. Buna əsasən məhkəmə istinad edilən müqavilənin etibarlılığını yoxlamalıdır. Mülki Məcəlləyə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. (324, 329-cu maddələr) Hazırkı iddia tələbinin hüquqi əsasını iddiaçının mövqeyinə görə alğı-satqı müqaviləsi təşkil edir. Qanunvericiliyin tələbinə əsasən, mülki hüquqi əqdlər, o cümlədən alğı-satqı müqavilələri əmlaka dair mülkiyyət hüququnun əldə edilməsinin əsaslarından biridir. Baxılan mülki iş üzrə tərəflər arasında bağlanmış əqdin predmetini avtomobil təşkil edir. Avtomobil daşınmaz əmlak olmaqla "Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları"nın təsdiq edilməsi barədə 11 aprel 2007-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısına əsasən dövlət reyestrində rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalar siyahısına daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 650-ci maddəsinə görə, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 144.1-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 423.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, hazırkı iş üzrə alğı-satqı müqaviləsi notarius tərəfindən təsdiq edilməli olduğu halda təsdiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1. maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. (337.5-ci maddə) Mülki işin materialları müəyyən edilmişdir ki, 19 fevral 2020-ci il tarixli, 2719 №-li əşyanın nisyə alqı-satqısı haqqında müqaviləsinə əsasən “Kia Optima” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilkin ödəniş 6000 manat, 36 ay müddətinə, hər ay 869 manat ödəniş etməklə, 37270.9 manata satılmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, “Kia Optima” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olaraq həmin avtomobili Cavabdeh2 faktiki sahibliyinə və istifadəsinə vermişdir. Lakin həmin müqavilə notarius tərəfindən təsdiq edilməmişdir. Yuxarıda istinad edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə alğı-satqı müqavilələri notarius tərəfindən təsdiq edilməli olduğu halda təsdiq edilmədiyindən, qanunvericiliyin bununla əlaqədar, həmçinin müqavilənin ləğvi ilə bağlı tələbləri pozulduğundan, iddianın hüquqi əsasını təşkil edən müqavilələr etibarsız əqd kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Cavabdeh2 avtomobilin verilməsi mülki işdə olan sübutlarla təsdiq edildiyindən və tərəflər arasında bağlanmış alğısatqı müqaviləsi mülki məcəllənin şərtləri pozulmaqla bağlanmış əqd - etibarsız əqd olduğundan tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borclu olduğundan mübahisə predmeti olan avtomobil iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh2 “Kia Optima” minik markalı, 2010-cu il buraxılışlı, KNAGN411BBA067835 şassi (ban) nömrəli, qara rəngli, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil alınaraq iddiaçı "xxxx" MMC-yə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-5131/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5131/2022
17.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver