Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5178/2024 21.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı Cavabdeh Müqabil oğluna qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli “Soyutma sisteminin müddətli satışı” üzrə müqavilə əsasında 986 (doqquz yüz səksən altı) manat əsas borc, 32,8 (otuz iki manat səksən qəpik) manat faiz borcu, ümumilikdə 1018,8 (min on səkkiz manat səksən qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 30,19 manat vəsaitin Cavabdeh Müqabil oğlundan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, Cavabdeh Müqabil oğlu, onunla xx.xx.2022-ci ildə, şəxsi istifadə üçün soyutma sisteminin müddətli satışı üzrə AR Mülki Qanunvericiliyi ilə nəzərdə tutulmuş forma və məzmun tələbləri əsasında xxxxxxx nömrəli alğı-satqı müqaviləsi bağlamışdır. Müqavilənin ümumi dəyəri 1184 (min yüz səksən dörd) manat olmuşdur. Cavabdeh 12 ay ərzində hər ay 99 manat olmaqla hər növbəti ayın 30-u ödəniş etməyi öz üzərinə götürdü. Müqavilə şərtlərinə əsasən, o də öz növbəsində həmin tarixdə soyutma sisteminin və aksesuarlarının cavabdehə satışını həyata keçirmiş və saz vəziyyətdə təhvil vermişdir. Lakin o zamandan bəri çoxsaylı xəbərdarlıqlara və tələblərə baxmayaq cavabdeh müqavilə üzrə 1184 (min yüz səksən dörd) manat borcdan yalnız 2 ay üçün toplam 198 manat ödəniş etmişdir, 986 manat borc isə bugünə qədər ödənilməmiş qalır. Tələblərinə cavab olaraq cavabdeh maddi vəziyyətinin qənaətbəxş olmadığını bəhanə gətirmiş və ümumiyyətlə heç bir ödəniş etməyəcəyini və alınmış müvafiq sadalanan avadanlıqları da geri qaytarmayacağını dəfələrlə nalayiq ifadələrlə və zorakı şəkildə bildirmişdir. Cavabdeh bu hərəkətləri ilə mübahisənin danışıqlar yolu ilə həllini mümkünsüz etmişdir. Göründüyü kimi, cavabdeh müqavilə ilə müəyyən olunmuş öhdəliklərini icra etməkdən boyun qaçırmış, yəni müqavilə ilə qarşılıqlı razılaşdırılmış ödəniş cədvəlinə əsasən müəyyən olunmuş tarixlərdə ödəməli olduğu toplam 986 (doqquz yüz səksən altı) manat vəsaiti ödəməmiş, müqavilənin şərtlərini kobudca pozmuşdur. Cavabdeh müqavilə üzrə son ödənişi 30 aprel 2023-cü ildə etməli olduğundan faizlərin hesablanmasnın başlanğıc tarixi 30 aprel 2023-cü il olmalıdır. Qanun üzrə ödənilməsi nəzərdə tutulan faizin hesablanması müddəti bugünə qədər 8 ay təşkil edir. Odur ki, əsas borcdan əlavə 5%-lə hesablanan 32,8 (otuz iki manat səksən qəpik) manat vəsait faiz borcu kimi cavabdeh tərəfindən ödənilməlidir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh Müqabil oğlu arasında xx.xx.2022-ci il tarixli xxxxxxx saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən “Satıcı” (İddiaçı) “Alıcı”ya (Cavabdeh Müqabil oğlu) “Soyutma sistemini və aksesuarlarını” (bundan sonra Soyutma Sistemi) saz halda satmış, “Alıcı” isə həmin Soyutma sistemini təhvil alaraq Müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini “Satıcı”ya ödəməyi qəbul etmişdir, Müqavilənin ümumi dəyəri 1184 (min yüz səksən dörd) manat təşkil edir, Soyutma sisteminin quraşdırılması ilə əlaqədar xərclər və digər məcburi ödənişlər Müqavilə qiymətinə daxil deyildir, “Alıcı” Soyutma sisteminin ilkin ödəniş edildikdən sonra qalıq dəyərini - 1184 (min yüz səksən dörd) manat məbləği 12 ay ərzində hər ay 99 manat olmaqla, hər növbəti ayın 30-u ödəniş etməlidir. İş materiallarında olan “Ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh Müqabil oğlu toplam məbləği 1184 manat olan malı (kondisioner), ilkin ödəniş 0 manat, 12 ay müddətinə, aylıq ödənişi 98,67 manat olmaq şərti ilə almışdır. İş materiallarından görünür ki, İddiaçı, Cavabdeh Müqabil oğluna müqavilə üzrə borcunu 3 iş günü müddətdə ödəməsinə dair xəbərdarlıq məktubu göndərmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 30,6 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh Müqabil oğlu arasında Soyutma sistemi və aksesuarları üzrə xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır, iddiaçı, müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyanı alıcıya təhvil vermiş, alıcı Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə - aylıq ödənişləri yerinə yetirməməkə müqavilənin şərtlərini pozmuşdur, hazırda cavabdehin iddiaçıya borcu xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 986 manat əsas borc, 32,8 manat faiz borcu olmaqla, ümumilikdə 1018,8 manat təşkil edir, cavabdeh borcunun olması barədə iddiaçı tərəfindən xəbərdar olunmuşdur. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Müqabil oğlundan xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, “Soyutma sistemi və aksesuarları” üçün 986 manat əsas borc, 32,8 manat faiz borcu olmaqla, ümumilikdə 1018,8 manat alınaraq İddiaçı ödənilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iddia təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, iddia tələbinin həcmi (1018 manat) nəzərə alınmaqla dövlət rüsumuna görə ödənilmiş 30,19 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Müqabil oğlundan xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 986 manat əsas borc, 32,8 manat faiz borcu olmaqla, ümumilikdə 1018 (min on səkkiz) manat 80 (səksən) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat 19 (on doqquz) qəpik tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-5178/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5178/2024
21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver