Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5184/2024 13.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi iıə İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı "X1" MMC-nin direktoru Nümayəndə xx.xx.2023-cü il tarixdə "Vorld Telekom” MMC ilə imzalanmış hüquqi müqaviləyə əsasən, sonuncunun Cavabdeh arasında 21 aprel 2016-cı il tarixli 01-AGT000005236 nömrəli alqı-satqı müqaviləsinin tələb etmə hüququnu əldə etmişdir.
2. Müqaviləyə əsasən alıcı olan Cavabdeh "xxxx" mağazasından ümumi nisyə dəyəri 172 manat olan Huawei Y220 black (İMEİ: **********37032) markalı mobil telefon almışdır.
3. Cavabdeh xx.xx.2016-ci il tarixdən başlayaraq hər ayın 21-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 13 (on üç) manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri-152 (yüz əlli iki) manatı mağazaya ödəməmişdir.
İddiaçının tələbi:
4. Cavabdeh 152 manat borc məbləği, 15 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 197 manatın alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
Cavabdehin iddiaya münasibəti:
5. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
6. İddiaçı X1 MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 1845.4-cü maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
7. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər:
8. xx.xx.2016-cı il tarixli, 01-AGT000005236 saylı alqı-satqı müqaviləsinə əsasən, satıcı "xxxx" MMC alıcı Cavabdeh müqavilənin şərtlərinə uyğun olaraq, şəxsi istehlak və istifadə üçün 12 ay müddətinə 172 manat məbləğində əmtəəni (Huawei Y220 black (İMEİ: **********37032) markalı mobil telefon) nisyə alqı-satqı şərtləri əsasında verməyi, alıcı isə aldığı əmtəənin qiymətini ödəniş cədvəli əasında hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür;
9. xx.xx.2016-cı il tarixli 01-AGT000005236 nömrəli müqavilə üzrə ödəniş cədvəlinə əsasən, Cavabdeh ilkin ödəniş 20 manat ödəmək şərtilə, 12 ay müddətinə hər ay 13 manat, sonuncu ay isə 9 manat olmaqla cəmi 172 manat ödəməyi öhdəsinə götürmüşdür;
10. xx.xx.2023-cü il tarixli bildirişə əsasən, xx.xx.2016-cı il tarixli 01-AGT000005236 nömrəli müqavilə üzrə tələb etmə hüququ İddiaçı MMC-yə güzəşt edilmişdir.
11. İş materiallarına əlavə edilmiş xəbərdarlıq məktubuna əsasən, (xx.xx.2024-cü il tarixli poçt qəbzi) tələb hüququnun İddiaçı MMC-yə güzəşt edilməsi barədə Cavabdeh xəbərdarlıq edilmiş, xx.xx.2016-cı il tarixli 01-AGT000005236 saylı alqı-satqı müqaviləsi üzrə 152 manat əsas borc, 15 manat cərimə olmaqla, ümumilikdə 167 manat borcunu 5 gün ərzində ödəmək təklif olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir;
12. xx.xx.2022-ci il tarixli, 001 nömrəli faktorinq müqaviləsinə əsasən, İddiaçı MMC "xxxx" MMC-nin borclu Cavabdeh ilə arasında xx.xx.2016-cı il tarixli 01-AGT000005236 nömrəli alqı-satqı müqaviləsinin tələb etmə hüququnu əldə etmişdir;
13. xx.xx.2016-cı il tarixli, 01-AGT000005236 saylı girov müqaviləsi.
14. xx.xx.2024-cü il tarixli, 00005236/24 saylı maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2016-cı il tarixli 01-AGT000005236 nömrəli alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 152 manat əsas borc və 15 manat cərimə olmaqla, cəmi 167 manat məbləğində borcu mövcuddur.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 193.1. Güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. 193.2. Əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir. 193.3. Əvvəlki sahib tələb əsasında bu hüququn və tələbin güzəşti barədə lazımınca təsdiqlənmiş sənədi də əldə edənə verməlidir. Bu sənədin təsdiqlənməsi üçün zəruri xərclər yeni sahibin üzərinə qoyulur. 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.
196. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
17. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, "xxxx" MMC ilə Cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmış (MM m.601.1), həmin müqaviləyə əsasən onlar arasında öhdəliklər yaranmışdır. Daha sonra, İddiaçı MMC ilə "xxxx" MMC arasında tələbin güzəşti razılaşdırılmışdır. "xxxx" MM-nin Cavabdeh qarşı olan tələb hüququ İddiaçı MMC-yə keçmişdir (MM m.193). Həmçinin tələb hüququnun İddiaçı MMC-yə güzəşt edilməsi barədə Cavabdeh müvafiq bildiriş təqdim edilmişdir. Müqaviləyə əsasən iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir.
18. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. (MM m.600.4)
19. Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
20. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2016-cı il tarixli, 01- AGT000005236 saylı "Nisyə alqı-satqı" müqaviləsinə 152 manat borc məbləği, 15 manat cərimə borcu olmaqla, cəmi 167 manat pul məbləği İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri:
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğ Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:
1. İddia tələbi təmin edilsin.
2. Cavabdeh 152 manat əsas borc məbləği, 15 manat cərimə borcu olmaqla, ümumilikdə 167 (yüz altmış yeddi) manat tutularaq İddiaçı MMC-yə ödənilsin.
3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz manat) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin.
4. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova