Məhkəmə qərarları › İş №e-2(011)-5195/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-5195/2021

09.06.2021 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-5195/2021 09.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, kreditor Tələbkar Borclu qarşı aliment tələbi haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəsinə baxaraq, müəyyən etdim: Kreditor Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1985-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının, Ordubad şəhərində anadan olmuş və Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 10 mənzil 35 yaşayış yeri üzrə qeydiyyatda olan və faktiki yaşayan Borclu Bakı şəhəri, 46 saylı notarial kontorda, 04 may 2021-ci il tarixdə bağlanılan aliment sazişinin 1.4-cü bəndinə uyğun olaraq borclunun məvacibinin 60 (altmış) faizinin 1200 (bir min iki yüz) manatdan aşağı olmamaq şərti ilə tutularaq Tələbkar ödənilməsinə dair məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.2-ci maddəsinə əsasən məhkəmə, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, ərizəni qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 276-cı maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Göründüyü kimi, qanunvericilik məhkəmə əmrinin verilməsinin iki əsasını nəzərdə tutur ki, bunlar kreditorun tələbinin aşkar olması və kreditorun tələbinin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanmasıdır. Kreditorun tələbinin aşkar olması dedikdə, məhkəmə əmrinin verilməsi haqqında ərizəyə əlavə olunmuş sübutların məhkəmə iclasında tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən də kreditor tərəfindən irəli sürülmüş pul məbləğinin alınmasına dair tələbin tam əsaslılığının məhkəmə üçün aşkar olması başa düşülməlidir. Ona görə də, kreditor tərəfindən məhkəmə əmrinin verilməsi haqqında ərizəyə əlavə olunmaqla təqdim edilmiş sübutlar borcluya qarşı olan tələbin əsaslı olduğunu tam təsdiq etmirsə və ya qismən təsdiq edirsə, bu halda kreditorun tələbi aşkar olmadığı üçün məhkəmə əmri verilə bilməz. Məhkəmə hesab edir ki, əlavə sübutlar məhkəmə iclasında tədqiq edilməklə və tərəflərin izahatları dinlənilməklə kreditor tərəfindən irəli sürülmüş aliment məbləğinin alınmasına dair tələbin tam əsaslılığının müəyyən edilməsi zərurəti olduğundan məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 279.2.3-cü maddəsinə əsasən məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa imtina edir. Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268, 279-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Kreditor Tələbkar Borclu qarşı aliment tələbi haqqında məhkəmə əmrinin verilməsi barədə ərizəsinin icraata qəbul olunmasından imtina edilsin. Ərizəçiyə izah edilsin ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması ərizəçinin həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qərardaddan şikayət verilə bilməz. Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar