Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5197/2022 20.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16.360 ABŞ dolları məbləğində, ödəniləcək günə Azərbaycan Mərkəzi Bankının ABŞ dollarının Azərbaycan manatına olan məzənnə kursuna uyğun olaraq, borc pulun və məhkəmə icraatı ilə əlaqədar dövlət rüsumu qismində ödənilmiş 174 manat məbləğində pulun alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə olunmuş 16 dekabr 2021-ci il tarixli qəbzdə qeyd olunduğu kimi, Cavabdeh 12 dekabr 2019-cu il tarixdə iddiaçıdan götürdüyü 16.860 ABŞ dolları məbləğində borc puldan, şahidlər X1 və X2 iştirakı ilə 500 ABŞ dolları qaytarmışdır və yerdə qalan 16.360 ABŞ dollarını 30 avqust 2022-ci il tarixinə qədər borc verən İddiaçı qaytarmağı öz üzərinə götürmüşdür. Cavabdeh borcu qaytara bilmədiyi üçün iddiaçı borcun qaytarılması üçün təyin edilmiş vaxtı iki dəfə uzatmışdır və bu barədə onunla 12 oktyabr 2019-cu il tarixdə və 20 noyabr 2020-ci il tarixdə razılaşmalar imzalanmış və cavabdeh borcu müvafiq olaraq 2019-cu ilin dekabr ayında, eləcə də 2020-ci ilin dekabr ayının 5-nə kimi qaytaracağına söz vermişdir. Lakin buna baxmayaraq cavabdeh borcun az bir hissəsini geri qaytarsa da, borcun 16.360 ABŞ dolları məbləğində olan hissəsini geri qaytarmamışdır. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14.700 ABŞ dolları məbləğində ödəniləcək günə Azərbaycan Mərkəzi Bankının ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi ilə borc pulun və 174 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul edərək onun təmin edilməsini xahiş etdi. Belə ki, o, izahatında iddiaçıya 14.700 ABŞ dolları məbləğində borcunun olmasını etiraf etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Belə ki, Mülki Məcəllənin tələblərinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında borc münasibətləri mövcud olmuş, cavabdeh iddiaçıdan pul almış, lakin pul vəsaitini ona geri qaytarmamışdır. Məhkəmə araşdırması zamanı iddiaçı bununla bağlı 16 dekabr 2021-ci il tarixli qəbz təqdim etmişdir. Həmin qəbzdən görünür ki, cavabdeh iddiaçıdan 16.860 ABŞ dolları məbləğində borc pul almış, onun bir hissəsini qaytarmış, qalan pulu isə 2022-ci ilə qədər qaytaracağına dair öz üzərinə öhdəlik götürmüşdür. Məhkəmə iclasında izahat verən Cavabdeh izahatında iddiaçıya 14.700 ABŞ dolları pul borcunun olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, cavabdehin iddianı etiraf etməsi qəbul olunmalıdır. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, cavabdeh iddiaçıya olan borcu etiraf etdiyindən, Cavabdeh 14.700 ABŞ dolları pul vəsaiti (ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə) alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 174 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehdən 174 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 14.700 (on dörd min yeddi yüz) ABŞ dolları pul vəsaiti (ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə) və ödənilmiş 174 (bir yüz yetmiş dörd) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-5197/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5197/2022
20.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver