Məhkəmə qərarları › İş №e-2(011)-520/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-520/2024

13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-520/2024 13.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC -nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər 36 saylı Notariat konturuna qarşı “icra qeydinin silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 36 saylı Notariat ofisi tərəfindən İddiaçı barəsində verilmiş xx.xx.2023-cü il tarixli 8İ-3364 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 36 saylı Notariat ofisi tərəfindən borclu qismində hüquqi şəxs "xxxx" QSC ilə və İddiaçı barəsində bağlanmış müqavilə əsasında xx.xx.2023-cü il tarixli 8İ-3364 reyestr nömrəli İcra qeydi verilmiş və icra olunması üçün İcra şöbəsinə göndərilmişdir. Aşağıda göstərilən əsaslara və maddi hüquq normalarına görə hazırki İcra qeydi qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Tərəfindən borc müqaviləsi 11 may 2023-cü il tarixdə Bakı şəhəri, 9 saylı Notariat ofisində bağlanmışdır. Amma nədənsə icra qeydini Bakı şəhəri, 36 saylı Notariat ofisi vermişdir. Bundan başqa müqavilənin müddəti xx.xx.2023-cü il tarixdə başa çatmalı olduğu halda, müddət başa çatmadan xx.xx.2023-cü il tarixdə verilmişdir. İcra qeydinin verilməsinə əsasən olmuş icra qeydi əsaslandırılmadan verilmişdir. Borcun ödənilməsinə əsas olmuş borcun məbləği dəqiqləşdirilməmişdir. Yəni bu msələ icra qeydində aydınlaşdırıla bilməz. Buna məhkəmə araşdırması lazımdır. Borc məbləğinin təxminən bir qismi ödənilmişdir. Ancaq icra qeydində pulun hamsısı tələb olunur. Bundan başqa pretenziya qaydalarına riayət etmədən notarial qaydada icra qeydi alınmışdır. Ona məlumat verilməmişdir. Bildiriş ona çatmamışdır. Sadalananlara əsasən Bakı şəhəri 36 saylı Notariat ofisi tərəfindən tələbkar qismində hüquqi şəxs "xxxx" QSC ilə və İddiaçı barəsində bağlanmış müqavilə əsasında verilmişxx.xx.2023-cü il tarixli 8İ-3364 reyestr nömrəli İcra qeydi ləğv edilməlidir. İcra qeydinin surətini icra şöbəsində almışdır. Bu barədə yalnız icra şöbəsində bilmişdir. Məhkəmə iclasında iştriak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC -nin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, İddiaçı ilə "xxxx" MMC arasında 11 may 2023-cü İİ tarixində Bakı şəhəri, 9 saylı Notariat ofisində borc müqaviləsi bağlanmışdır. Borc müqaviləsinə əsasən Borclu 5 ay ərzində 12 oktyabr 2023-cü il tarixədək aldığı 81500 manat borc məbləğini hissə-hissə müqavilə ilə müəyyən edilmiş müddətlər çərçivəsində borc verənə qaytarmalıdır. Borc alan qrafik üzrə birinci xx.xx.2023-cü il tarixli ödəniş müddəti üçün müəyyən edilmiş məbləğdən yalnız 17900 manat məbləğində qismən ödəniş etmişdir. Borclu digər qrafiklər üzrə ödəniş müddətini keçirərək ümumiyyətlə ödəniş etməmişdir. Borc müqaviləsinin 7-ci bəndinə əsasən "ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərilməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında əsasında mübahisəsiz qaydada aparılır". Qeyd olunanlara əsasən. Kreditor 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərmiş və borclu həmin bildirişi 15 avqust 2023-cü il tarixində şəxsən qəbul etmişdir. Bundan sonra, kreditor borclu barəsində icra qeydinin aparılması üçün "Elektron notariat" informasiya sistemi üzərində müraciət etmişdir. Müraciət zamanı icra qeydinin aparılması üçün zəruri sənədləri əlavə etmişdir. Kreditorun müraciəti əsasında Bakı şəhəri 36 saylı Notariat ofisi tərəfindən İddiaçı barəsində xx.xx.2023-cü İİ tarixli 81-3364 reyestr nömrəli icra qeydi verilmişdir. Qeyd olunmalıdır ki, müqavilə 9 saylı Notariat ofisində bağlanmasına baxmayaraq, qanunun tələblərinə görə icra qeydi Borclunun olduğu yer üzrə notarius tərəfindən aparıla bilərdi. Bununla belə icra qeydinin verilməsi üçün müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi müddəti bitmədən ərizə verildiyini qəbul edir, hazırda isə müqavilədə qeyd olunan xx.xx.2023-cü il tarixi keçmişdir və borclu hələ də borcunu tam ödəməmişdir, bu isə onlara yenidən icra qeydinin verilməsi ilə bağlı müraciət etmək imkanı verir. Sonda Nümayəndə qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş, həmçinin nümayəndələrinin iştirakını təmin etməmişdir. Bununla belə, onlar məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, Borc verən – "xxxx" QSC, Borc alan – İddiaçı 81500 manat məbləğində pul borc vermiş, Borc alan krediti 5 ay müddətinə xx.xx.2023-cü il tarixinədək Borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 7-ci maddəsinə əsasən, ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli İcra qeydindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə İddiaçı **********643 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 65800 manat 00 qəpik tutulması, bundan əlavə borclu İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 65825 manat 00 qəpik (altmış beş min səkkiz yüz iyirmi beş manat sıfır qəpik) pul tutulması təklif edilmişdir. Həmin icra qeydi xx.xx.2023 tarixdə aparılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Bildirişdən görünür ki, tələbkar "xxxx" QSC tərəfindən borclu İddiaçı bildiriş göndərilərək xx.xx.2023-cü il tarixli **********643 nömrəli borc müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdə ödəniş edilməli olduğu halda öhdəliyin yerinə yetirilmədiyi, müqavilə üzrə borc məbləğinin tələbkara ödənilməli olduğu və borcun 20 gün müddətində ödənilmədiyi halda icra qeydinin aparılacağı barədə məlumat verilmişdir. İş materiallarında olan xəbərnamədən görünür ki, İddiaçı adına göndərilmiş zərf xx.xx.2023-cü il tarixdə “şəxsən” qrafası imzalanmaqla qəbul edilmişdir. İş materiallarından görünür ki, tələbkar "xxxx" QSC-nin direktoru Boyükağa Mustafayev tərəfindən xx.xx.2023-cü il tarixində 9 saylı notariat ofisinə icra qeydinin aparılması barədə müraciət ünvanlanmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" QSC ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, "xxxx" QSC İddiaçı 81500 manat məbləğində pul borc vermiş, İddiaçı isə həmin məbləği xx.xx.2023-cü il tarixinədək ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasındakı müqavilənin şərtlərinə görə, ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınması müəyyən edilmişdir. "xxxx" QSC xx.xx.2023-cü il tarixdə İddiaçı müqavilə üzrə ödənişin yerinə yetirilmədiyi, müqavilə üzrə borcun 20 gün müddətində ödənilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərmişdir, bildiriş İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Bundan sonra "xxxx" QSC xx.xx.2023-cü il tarixində 9 saylı notariat ofisinə müraciət edərək icra qeydinin aparılmasını xahiş etmiş, Perfect Logistics" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə İddiaçı borc müqaviləsinə əsasən müddət üçün ödənilməmiş 65800 manat və 25 manat 00 qəpik rüsumun (haqqın) tutulması barədə xx.xx.2023 tarixdə icra qeydi aparılmışdır. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, icra qeydi müqavilə əsasında verilmişdir və müqavilənin şərtlərinə əsasən borclunun üzərinə borcu xx.xx.2023-cü il tarixinə qədər qaytarmaq öhdəliyi qoyulmuş, həmçinin müqavilə ilə ödəniş müddətinin keçirilməsi halında borcun notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınması müəyyən edilmişdir. Bununla belə mübahisələndirilən icra qeydi xx.xx.2023-cü il tarixdə, yəni müqavilə üzrə öhdəliyin yerinə yetirilməli olduğu xx.xx.2023cü il tarixdən əvvəl verilmişdir. Lakin icra qeydi aparılarkən buna əməl edilməmiş, icra qeydi və icra qeydinin aparılacağı barədə bildiriş vaxtından əvvəl verilmişdir ki, bu da notariat hərəkətlərinin qanunazidd olması və qanunvericiliyin tələblərinə riayət edilmədən aparılması barədə nəticəyə gəlməyə əsas verir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Həmin Qanunun 77-ci maddəsinə əsasən, icra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı;tələbkarın adı və ünvanı;borclunun adı və ünvanı: ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə); haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; icra qeydinin aparıldığı tarix (il, ay, gün);icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; icra qeydini aparan notariusun imzası, möhürü. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısında, müxtəlif predmedlər üzrə icra qeydinin aparılması üçün zəruri olan sənədlərin siyahısı göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli; ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş təqdim olunur. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 38-ci bəndinə görə, notariuslar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar təsdiq etdikləri əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Həmin Təlimatın 161-ci bəndinə görə, notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur Həmin Təlimatın 162-ci bəndinə görə, icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə, 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli Bakı şəhəri 36 saylı Notariat ofisi tərəfindən İddiaçı barəsində verilmiş xx.xx.2023-cü il tarixli 8İ-3364 reyestr nömrəli icra qeydi ləğv edilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdeh Bakı şəhəri 36 saylı dövlət notariat kontoru dövlət rüsumunu ödəməkdən azad edildiyindən dövlət rüsumu Dövlət Büdcəsinə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri 36 saylı Notariat ofisi tərəfindən İddiaçı barəsində verilmiş xx.xx.2023-cü il tarixli 8İ-3364 reyestr nömrəli icra qeydi ləğv edilsin. Dövlət rüsumu Dövlət Büdcəsinə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar