Məhkəmə qərarları › İş №e-2(011)-521/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-521/2023

18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-521/2023 18.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan "xxxx" KB QSC Cavabdeh qarşı - QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 01 sentyabr 2014-cü il tarixli 1xx/xx/122241/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən 949.39 (doqquz yüz qırx doqquz manat, 39 qəpik) manat məbləğində əsas borc, 697.64 (altı yüz doxsan yeddi manat, 64 qəpik) manat məbləğində faiz borcu, 980.58 (doqquz yüz səksən manat, 58 qəpik) manat məbləğində cərimə borcu, 287.43 (iki yüz səksən yeddi manat 43 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 2915.04 (iki min doqquz yüz on beş manat, 04 qəpik) manat məbləğində pulun, 49.16 (qırx doqquz manat, 16 qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC "xxxx" KB (bundan sonra – Bank) ilə Cavabdeh (bundan sonra – Cavabdeh) arasında 01 sentyabr 2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/122241/14 saylı müqavilə (bundan sonra – Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 1739 (bir min yeddi yüz otuz doqquz) manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehin Banka 949.39 (doqquz yüz qırx doqquz manat, 39 qəpik) manat məbləğində əsas borc, 697.64 (altı yüz doxsan yeddi manat, 64 qəpik) manat məbləğində faiz borcu, 980.58 (doqquz yüz səksən manat, 58 qəpik) manat məbləğində cərimə borcu, 287.43 (iki yüz səksən yeddi manat 43 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 2915.04 (iki min doqquz yüz on beş manat, 04 qəpik) manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və işin materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, ləğv prosesində olan “X2 Bankı” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1xx/xx/122241/14 saylı “Kredit müqaviləsi”-nə əsasən bank borcluya istehlak məqsədilə 24 ay müddətinə, illik 25 faiz olmaqla 1739 manat məbləğində kredit vermişdir. İş materiallarında olan ləğv prosesində olan “X2 Bankı” QSC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh yuxarıda qeyd edilən müqavilə üzrə xx.xx.2022-ci il tarixinə kredit müqaviləsi üzrə cavabdehdən 949.39 (doqquz yüz qırx doqquz manat, 39 qəpik) manat məbləğində əsas borc, 697.64 (altı yüz doxsan yeddi manat, 64 qəpik) manat məbləğində faiz borcu, 980.58 (doqquz yüz səksən manat, 58 qəpik) manat məbləğində cərimə borcu, 287.43 (iki yüz səksən yeddi manat 43 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 2915.04 (iki min doqquz yüz on beş manat, 04 qəpik) manat məbləğində məbləğində borcu vardır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı bildirişdən görünür ki, cavabdehdən borcunu bildiriş məktubunu aldığı vaxtdan etibarən 3 gün müddətində ləğv prosesində olan QSC-nin “Bank Standard KB” ödəməyi tələb olunur. Əks təqdirdə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini tam həcmdə yerinə yetirməmiş, öhdəliyinin icrasını gecikdirmişdir. Odur ki, iddiaçı əsas borcun və əsas borca hesablanmış faizləri tələb etməkdə haqlıdır. Buna görə də iddia həmin hissələrdə təmin edilməlidir. Lakin məhkəmə hesab edir ki, cavabdehdən əsas və faiz borcun tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ləğv prosesində olan "xxxx" KB QSC Cavabdeh qarşı hazırki iddia tələbi ilə məhkəməyə 2019-cu il tarixdə müraciət etmişdir. Kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın təsir dairəsinə düşdüyündən, Fərman onun təsir dairəsinə düşən kredit müqavilələri üzrə yaranmış mübahisələrin məhkəməyəqədər xüsusi həlli qaydasını müəyyənləşdirdiyindən və həmin qaydalara riayət edilmədiyindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-7505/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Eyni zamanda bank tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2019-cu il tarixli bildirişdə kredit müqaviləsi üzrə faiz borcunun məbləği 116.87 manat göstərilmişdir. Lakin kredit müqaviləsinin müddəti bitməsinə baxmayaraq müqavilə üzrə faiz borcu 2022-ci ilə qədər hesablanmağa davam etmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı bank 2022-ci il tarixdə müddəti 2016-cı ildə bitmiş müqavilə üzrə 697.64 manat faiz borcu tələb etməkdə haqlı deyil. Ona görə də tələb edilən faiz borcu azaldılmaqla 2019-cu ildə müəyyən edilmiş məbləğdə, yəni 116.87 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə kredit müqaviləsi üzrə hesablanmış cərimə borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin faktiki halları və əsas borcun məbləği nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından, tələb edilən cərimə məbləği azaldılaraq, 66.44 manat cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddianın verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 49.16 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. QSC “Bank Standart” KB ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli, 1xx/xx/122241/14 saylı “Kredit müqaviləsi” üzrə 949.39 (doqquz yüz qırx doqquz manat otuz doqquz qəpik) manat əsas borc, 116.87 (bir yüz on altı manat səksən yeddi qəpik) manat faiz borcu, 66.44 (altmış altı manat, qırx dörd qəpik) manat cərimə, 287.43 (iki yüz səksən yeddi manat, qırx üç qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 1420,13 (min dörd yüz iyirmi manat on üç qəpik) manat məbləğində və ödənilmiş dövlət rüsumuna görə 49.16 (qırx doqquz manat, on altı qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq QSC "Bank Standart" Kommersiya Bankına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar