Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5250/2022 29.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi, əsas borcun və hesablanmış faizlərin tutulması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli İK-İS-099-İ saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən iddiaçının xeyrinə 8738,97 manat əsas borc, 1180,81 manat faiz borcu olmaqla, cəmi 9919,78 manat borcun və 119,20 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli İK-İS-099-İ saylı kredit müqaviləsinə əsasən ona illik 19 faiz dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əlavəinin 1-ci bəndinə əsasən verilmiş kredit restrukzasiya olunaraq müqavilənin 2.1-ci bəndinə əsasən kreditin müddəti 24 ay müddətinə uzadılmaqla, 8738,97 manat yenidən kapitallaşdırılmışdır. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə iddia qaldırılan günə onun banka əsas borc üzrə 8738.97 manat, xx.xx.2022-ci il tarixə faiz borcu üzrə 1180.81 manat cəmi 9919.78 manat məbləğində borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək iddia ərizəsində göstərilən xüsusatları təsdiq etib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, hazırda işləmədiyinə görə kredit borcunun ödənilməsində problemlər yaranmışdır. Növbəti aylarda ödəyə biləcəyinə ümid etdiyini göstərdi və məhkəmə iclasının təxirə salınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, təqdim edilən sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli İK-İS-099-İ saylı kredit müqaviləsinin surətindən göründüyü kimi, bank tərəfindən borc alana illik 19 faiz dərəcəsi ilə 48 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əlavənin 1-ci bəndinə əsasən verilmiş kredit restrukzasiya olunaraq kreditin müddəti 24 ay müddətinə uzadılmaqla, 8738,97 manat yenidən kapitallaşdırılmışdır. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka olan borcu 8738,97 manat əsas borc, 1180,81 manat faiz borcu olmaqla, cəmi 9919,78 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə iclasında araşdırılan sübutlarla Cavabdeh xx.xx.2019-cu il tarixli İK-İS-099-İ saylı kredit müqaviləsi üzrə banka 8738,97 manat əsas borc, 1180,81 manat faiz borcu olmaqla, cəmi 9919,78 manat borcunun qalması təsdiq olunduğundan və o, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, bununla da müqavilə şərtlərini pozduğundan, kredit müqaviləsi ləğv edilməklə, həmin borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli İK-İS-099-İ saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 8738,97 manat əsas borc, 1180,81 manat faiz borcu olmaqla, cəmi 9919,78 (doqquz min doqquz yüz on doqquz manat 78 qəpik) manat borc və 119,20 (bir yüz on doqquz manat 20 qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №e-2(011)-5250/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5250/2022
29.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver