Məhkəmə qərarları › İş №e-2(011)-5255/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5255/2025

23.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5255/2025 23.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynova Nuranə Rafiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. İddiaçı Xələddin qızı, Cavabdeh ilə bir müddətdir ki, tanışdırlar. Aralarında əvvəllər dost münasibətləri olmuş, lakin bu münasibətlərdən sui-istifadə edərək cavabdeh tərəfindən İddiaçı qarşı etimaddan sui-istifadə və aldadıcı hərəkətlərlə maddi ziyan vurulmuşdur. Belə ki, 2024-cü ilin noyabr ayının ikinci yarısında cavabdeh iddiaçının bank hesabında 15 000 manat məbləğində pul vəsaiti olduğunu öyrəndikdən sonra, avtomobil təmir etmək adı ilə iddiaçıdan həmin məbləği borc şəklində istəmişdir. İddiaçı əvvəlcə bu tələbi rədd etmiş və bildirmişdir ki, yalnız notarius vasitəsilə rəsmiləşdirmə olduqdan sonra pul verə bilər. Bunun üçün birlikdə notariusa getmişlər. Lakin Cavabdeh notariusda sənədlərinin yanında olmadığını bəhanə edərək rəsmiləşmədən imtina etmiş və oradan çıxmışlar. Cavabdeh daha sonra avtomobildə iddiaçı ilə birlikdə olarkən dəfələrlə and içərək, cəmi iki günə pulunun gələcəyini, borcu gecikmədən qaytaracağını bildirmişdir. Pulun verilməsi zamanı iddiaçı tərəddüd etmiş, lakin cavabdeh avtomobili yüksək sürətlə idarə edərək iddiçını maşından çıxmağa qoymamış, iddiaçıya psixoloji təzyiq göstərmişdir. Hətta iddiaçının avtomobildən düşməyinə mane olaraq qapıları bağlı saxlamış və iddiaçını qorxu və stress içində həmin pulu verməyə məcbur etmişdir. İddiaçı bu prosesi ehtiyat məqsədilə video çəkilişlə qeydə almış və cavabdeh həmin an iddiaçının onu videoya çəkdiyini tam şəkildə bilirdi. Pul 2024-cü il noyabrın 20-də, saat 11:45 radələrində cavabdehə təhvil verilmişdir. Bu hadisədən sonra cavabdeh öz üzərinə düşən borc öhdəliyini icra etməmiş, borcu qaytarmamışdır. Yalnız dekabr ayında 500 manat məbləğində bir dəfə pul göndərmiş, lakin bunun müqabilində iddiaçının mobil telefonunu almış və iddiaçının izni olmadan bank kartından 150 manat pul vəsaitini öz hesabına köçürmüşdür. İddiaçı həmin pulu geri istədikdə isə cavabdeh “sənə 500 manat göndərmişəm” deyərək məsuliyyətdən yayınmağa çalışmış, həmçinin iddiaçının kartından qanunsuz olaraq istifadə etməsini izah etməmişdir. Beləliklə, cavabdeh tərəfindən iddiaçıya qaytarılmış real məbləğ 500 manat da daxil olmaqla ümumilikdə zərər məbləğini ödəməyə yetərli olmamış və əsas borc qaytarılmamışdır.

2. Hazırda iddiaçı öz zərərini kompensasiya etmək üçün hüquqi yolla hərəkət etməyə qərar vermişdir və bu məqsədlə vəkilə müraciət etmişdir. Hüquqi yardım almaq üçün iddiaçı 500 manat məbləğində müqavilə bağlamışdır və bu vəsaiti tam şəkildə ödəmişdir. Eyni zamanda bu iddianı məhkəməyə təqdim etmək məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət rüsumu kimi 136 manat məbləğində ödəniş etmişdir.

İddiaçının tələbi:

3. Cavabdeh iddiaçıya məxsus 14 650 manat borc məbləğinin, hüquqi yardım üçün ödənmiş 500 manatın və dövlət rüsumu olaraq ödənilmiş 136 manatın, cəmi 15 286 (on beş min iki yüz səksən altı) manatın tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı Xallədin qızının nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş xx.xx.2025 tarixli iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəyə əsasən, Cavabdeh 14 650 (on dörd min altı yüz əlli) manat borc məbləğinin, hüquqi yardım üçün ödənilmiş 500 (beş yüz) manatın və dövlət rüsumu olaraq ödənilmiş 136 (yüz otuz altı) manatın, cəmi 15 286 (on beş min iki yüz səksən altı) manatın tutularaq İddiaçı Xallədin qızına verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin etirazı:

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı heç bir yazılı etiraz daxil olmamışdır.

Tərəflərin izahatı:

6. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi(vəkili) Vəkil iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək iddia ərizəsini müdafiə etdiyini bildirmişdir.

7. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək iddia ərizəsini müdafiə etdiyini bildirmişdir.

8. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında maşın almaq üçün 2024-cü ilin noyabr ayının 24-də cavabdehdən 15000 borc aldığını etiraf etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər:

9. Bakı şəhəri 5 saylı Vəkil Bürosu ilə İddiaçı arasında bağlanan xx.xx.2025-ci il tarixli, EM-2252VK-28525/25 nömrəli hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən, hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 500 manat məbləğində müəyyən olunmuşdur.

10. “Whatsapp” sosial şəbəkəsi üzərindən aparılmış yazışmalar.

11. Fotoşəkillər.

12. Disk.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 14.3. Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3. cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarı: “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”

Məhkəmənin mövqeyi:

16. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahlarını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.

17. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

18. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında şifahi şəkildə borc müqaviləsi bağlanmışdır, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Buna görə də iddiaçı cavabdehin üzərinə düşən öhdəlikləri icra etməməsi ilə əlaqədar pulunu tələb etməkdə haqlıdır.

19. Məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında maşın almaq üçün 2024-cü ilin noyabr ayının 24 də cavabdehdən 15000 borc aldığını etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Lakin iddiaçının tələbi 14650 manat həcmindədir və məhkəmə iddia tələbi həcmində mülki iş üzrə qərar qəbul etmək səlahiyyətinə malikdir.

20. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 14 650 (on dörd min altı yüz əlli) manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.

Məhkəmə xərcləri:

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. İddia tələbi təmin edildiyindən və iddiaçı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 136 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etdiyindən 136 (yüz otuz altı) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

23. Həmçinin, məhkəmə iddia tələbini iddiaçı tərəfindən hüquqi yardım üçün ödənilmiş 500 (beş yüz) manat xərc Cavabdeh tutularaq İddiaçı ödənilsməsi hissəsində əsaslı hesab edir.

24. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia təmin edilsin.

2. Cavabdeh 14 650 (on dörd min altı yüz əlli) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin.

3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 136 (yüz otuz altı) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin.

4. Cavabdeh göstərilmiş hüquqi yardımın əvəzi olaraq 500 (beş yüz) manat pul tutularaq İddiaçı ödənilsin.

5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar