Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5310/2022 06.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə CP/25928/80/25 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə 36 ay müddətinə, illik 25% olmaq şərtilə, 9000 manat məbləğində kredit verilmişdir. Müqavilənin Əlavəsi olan ödəniş cədvəlinə əsasən aylıq ödəniş 357,84 (sonuncu ay üzrə 363,79) manat müəyyən edilmişdir. Cavabdeh aldığı krediti qismən qaytarmışdır.
2. Həmçinin, iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2021-cu il tarixdə CP/25928/80/25 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə borclunun (Cavabdeh1) öhdəliklərini tam icra etməsi öhdəliyini üzərinə götürmüşlər.
3. İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı Cavabdeh1la bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə 8283,17 manat məbləğində əsas borcun, 1929.06 manat məbləğində faiz borcunun, 312.34 manat məbləğində cərimə borcunun, cəmi 10524.57 manat borcun və 122 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh1la bank arasında bağlanmış xx.xx.2021-ci il tarixli Nağd pul lahiyəsi müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 25% olmaqla 9000 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir.
b) Cavabdehlərin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdehlər iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.
7. Məhkəmə iclasında verilən izahatlar:
8. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
9. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrnin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
10. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
11. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
13. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
14. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.
15. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.
16. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
19. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
20. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
21. Maddə 470.1 Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
22. Maddə 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
23. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
24. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
29. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
30. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixdə CP/25928/80/25 saylı kredit müqaviləsi bağlanmış, cavabdehə 36 ay müddətinə illik 25% dərəcəsi ilə 9000 manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh1 müqavilə şərlərini pozmaqla, öhdəlyini tam icra etməmişdir.
31. Məhkəmə müqavilənin ləğvi barədə iddia tələbi ilə bağlı qeyd edir ki, Mülki Məcəllədə müqavilənin ləğvi üçün üç şərt tələb edilir: birinci şərt, müqavilə tərəflərinin könüllü razılaşmasıdır. Hazırki mübahisə üzrə bu hal, yəni tərəflərin razılaşması yoxdur.
32. İkinci şərt, müqavilənin bir tərəfin tələbi ilə pozulması ilə bağlıdır. Bu zaman müqavilənin ləğvini tələb edən tərəf sübut etməlidir ki, müqaviləni digər tərəf əhəmiyyətli dərəcədə pozmuşdur. Müqavilənin əhəmiyyətli dərəcədə pozulması elə bir həddə olmalıdır ki, bunun nəticəsində tərəf müqavilə bağlayarkən ümid etməyə haqqı çatanlardan, yəni müqavilənin bağlanması nəticəsində əldə edəcəyi gəlir, bəhər (xeyir), yaxud hər hansı üstünlükdən məhrum olmuş olsun.
33. İkinci şərtin mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilir. Belə ki, müqavilənin tərkib hissəsi olan ödəniş cədvəli üzrə aylıq ödənişin 357,84 manat olmaqla ödənilməsi müəyyən edilməsinə baxmayaraq, hesabdan çıxarış məlumatlarından məlum olur ki, Cavabdeh1 ödənişləri qrafikə uyğun icra etməmiş, sonuncu ödənişini xx.xx.2021-ci il tarixdə etmiş, sonrakı ödənişlərini isə etməmişdir. Göründüyü kimi, Cavabdeh1 tərəfindən kredit ödənişlərinin qrafikə uyğun icra edilməməsi nəticəsində iddiaçı maddi zərər çəkmişdir.
34. Müqavilənin ləğv edilməsinin üçüncü şərti isə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədardır. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi müqavilənin bağlanması zamanı tərəflər arasında mövcud olmuş şəraitin, (hansı ki, müqavilənin icrası şərtləri həmin şəraitə uyğunlaşdırılmışdır) sonradan müqavilənin icrası zamanı dəyişməsini nəzərdə tutur ki, bu dəyişmə nəticəsində müqavilənin icrası ya mümkün olmur, ya da xeyli dərəcədə çətinləşmiş olsun. Şəraitin əməmiyyətli dərəcədə dəyişməsini şərtləndirən hallar birbaşa müqavilənin bağlanmasına təsir göstərən amillərdir. Ona görə də, qanun müəyyən edir ki, şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Məhkəmənin qənaətinə görə, hazırkı mübahisə baxımından həmin hal mövcud deyil.
35. Beləliklə, şərh edilənlərdən də görünür ki, Cavabdeh1 kredit müqaviləsini əhəmiyyətli dərəcədə pozduğundan və müqavilənin ləğvi qaydasına qanunla müəyyən edilmiş qaydada əməl edildiyindən iddiaçı kredit müqaviləsinin ləğvini iddia etməkdə haqlıdır.
36. Məhkəmənin qənaətinə görə iddia kredit borcunun cavabdehlərdən tutulması hissəsində qismən əsaslıdır.
37. Məhkəmə həm də hesab edir ki, müqavilənin ləğvi qaydasına da iddiaçı tərəfindən əməl edilmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı müqavilənin ləğvi ilə bağlı cavabdehlərə xəbərdarlıq (pretenziya) göndərmişdir.
38. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc prdmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.
39. İşin mübahisəsiz halıdır ki, iddiaçı ilə cavabdeh arasında kredit (borc) müqaviləsi bağlanmış, iddiaçı müqavilədə nəzərdə tutulmuş pul vəsaitini həmin cavabdehə verməklə öhdəlyini icra etmişdir. Lakin cavabdeh aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş qrafikinə uyğun ödəməmiş, bununla da öhdəliyini icra etməmişdir (§ 17).
40. İddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışında da xx.xx.2022-ci il tarixinə cavabdehin əsas borc üzrə 8283,17 manat, faiz borcu üzrə 1929,06 manat, 312,34 manat cərimə olmaqla, cəmi 10524,57 manat kredit borcunun olması göstərilmişdir.
41. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə, şərtlərlə və hesablanmış faizi ilə birlikdə və eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh göstərilən müqavilə əsasında pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin onu qaytarmaqla bağlı vəzifəsini isə yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.
42. Məhkəmə hesab edir ki, iddia tələbi 312,34 manat məbləğində cərimənin tələb edilməsi hissəsində qismən əsaslıdır. Məhkəmə qeyd edir ki, cərimə borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuş və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi, həmçinin borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlı olmasıdır. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır.
43. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin 312,34 manat həcmində hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Həmçinin, iddia tələbindən də açıq şəkildə görünür ki, hesablanmış cərimənin məbləği şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin 30 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir. (§ 19)
44. Məhkəmə eyni zamanda, iddia tələbinin digər Cavabdeh2 aid hissədə araşdıraraq hesab edir ki, o, kredit müqaviləsi üzrə Cavabdeh1 aldığı pul məbləğinin iddiaçıya qaytarmasına dair öhdəliyinin tam icra olunmasına görə zamin olduğundan, borcun ödənilməməsi üçün məsuliyyət daşıyır. (§ 20)
45. Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər Cavabdeh2 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, pul öhdəliyi isə icra edilmədiyindən, o, iş üzrə Cavabdeh1la bərabər iddiaçı qarşısında birgə məsuliyyət daşıyır.
46. Məhkəmə hesab edir ki, 122 manat məbləğində dövlət rüsumu və ekspert xərci iddianın təmin olunması nisbətində (iddia ümumi tələbin 97%-i nisbətində təmin edilmişdir) tərəflərə aid edilməlidir.
47. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, CP/25928/80/25 saylı kredit müqaviləsi ləğv edilsin. 8283,17 manat məbləğində əsas, 1929,06 manat faiz, 30 manat cərimə olmaqla, cəmi 10242,23 manat pul məbləği, həmçinin ödənilmiş 118,34 manat dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 3,66 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Pərviz Zamanlı