Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-5317/2023 07.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı – iddiaçı Əmanətlərin Sığortalanması Fondunun iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: İddiaçı Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və sair” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iddia ərizəsinin forması və məzmunu Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində maraqlı şəxs qismində X1 göstərmişdir. Həmçinin iddia tələbinin beşinci hissəsində Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmaları qeyd edilmişdir. Halbuki, qüvvədə olan mülki-prosessual qanunvericilikdə məhkəməyə müraciətin müxtəlif prosessual formalarını (iddia ərizəsi, ərizə, vəsatət, apellyasiya şikayəti və s.) nəzərdə tutulur. İddia icraatı qaydasında məhkəməyə müraciətin prosessual forması kimi isə iddia ərizəsi ilə müraciət göstərilmişdir. Mülki-prosessual qanunvericiliyin təhlilindən aydın olur ki, tərəflər (iddiaçı və cavabdeh) və üçüncü şəxslər iddia icraatında (MPM-nin 12-23-cü fəsilləri) mövcuddurlar. Xüsusi icraat qaydasında baxılan işlər (MPM-nin 30-40-7-ci fəsilləri) üzrə isə əsas iştirakçılar ərizəçi və maraqlı şəxslərdir (bu növ icraat üzrə tərəflər mövcud deyildir). İddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. Qanunverciliyin tələbindən göründüyü kimi maraqlı şəxslər iddia icraatında deyil, xüsusi icraat qaydasında ərizəçilərin verdiyi tələblər üzrə baxılan işlərdə iştirak edirlər. İddia icraatında iddiaçının maraqlı şəxs qismində hər hansı fiziki və ya hüquqi şəxsi işə cəlb etməsi iddia ərizəsinin forma və məzmununa uyğun deyildir. Bundan başqa, iddia icraatı qaydasında işlərə baxarkən lazım gəldikdə, işə iddia tələbi barəsində üçüncü şəxs kimi müstəqil tələb irəli sürən və ya müstəqil tələb irəli sürməyən üçüncü şəxslər işə baxılmasına cəlb edilə bilərlər. Belə ki, Azərbaycan Respublikası MPM-nin 55.1-ci maddəsinə əsasən, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Qeyd edilən maddənin məzmunundan da göründüyü kimi, iddia ərizəsində işdə iştirak edən şəxslərin yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanları göstərilməlidir. Bu işdə iştirak edən şəxslərin məhkəmə iclasının vaxtı və yeri barəsində xəbərdar edilməsi, iddia cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə verilməli olduğu hallarda isə həm də işin ərazi üzrə məhkəmə aidiyyətinin müəyyən olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin iddia ərizəsindən görünür ki, iddiaçı digər cavabdehlərə qarşı iddia tələbini “ən geci bir ay müddətində mənzildən çıxarılması” şəklində aydın ifadə etsə də, digər cavabdehləri “cavabdehlə birlikdə yaşayan ailə üzvlərin və digər şəxslər” şəklində məhdudlaşdırmış, həmin şəxslərin kim olduqları, qeydiyyat ünvanları, onların şəxsiyyətini müəyyənləşdirməyə əsas olmuş məlumatları qeyd etməmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi onun forma və məzmununa uyğun məhkəməyə verilməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd edilən Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Əmanətlərin Sığortalanması Fondu tərəfindən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hesabına xx.xx.2023-cü il tarixdə ödənilmiş 724 (yeddi yüz iyirmi dörd manat) manat məbləğində dövlət rüsumu (qəbz nömrəsi: **********) qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqları vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-5317/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-5317/2023
07.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver