Məhkəmə qərarları › İş №e-2(011)-5331/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-5331/2023

07.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-5331/2023 07.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı – iddiaçı "X3 Olmayan Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: İddiaçı "X3 Olmayan Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin “kredit müqaviləsi üzrə mübahisələr” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iddia ərizəsinin forması və məzmunu Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin iddia ərizəsindən görünür ki, iddiaçı ərizəsində cavabdehin adını və ünvanını göstərməmiş və iddia tələbi qeyri-müəyyəndir. Habelə iddiaçı iddia ərizəsində maraqlı şəxs qismində "X3 Olmayan Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətini göstərmişdir. İş materiallaında olan tərəflər arasında bağlanmış kredit müqaviləsinin 17-ci bəndindən görünür ki, tərəflər arasında yaranacaq istənilən mübahisələrin həlli AR-nın MPM-nin 40-cı maddəsinin tələbi üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsində baxılması barədə razılığa gəlmişlər. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4890/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, iddiaçı "xxxx" BOKT MMC cavabdeh X1 qarşı müqavilənin ləğvi, kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər müqavilə aidiyyəti üzrə verilmədiyindən geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəlləninin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. Qanunverciliyin tələbindən göründüyü kimi, işdə iştirak etməli şəxslərin iddia ərizəsində göstərilməsi vacibdir. Bu həm iddia ərizəsinin qanunvericiliklə nəzərdə tutulmuş forma və məzmununa riayət etmək və həmçinin də işdə iştirak edəcək şəxslərin mübahisə barədə məlumatlandırılması baxımından mütləqdir. Halbuki, qüvvədə olan mülki-prosessual qanunvericilikdə məhkəməyə müraciətin müxtəlif prosessual formalarını (iddia ərizəsi, ərizə, vəsatət, apellyasiya şikayəti və s.) nəzərdə tutulur. İddia icraatı qaydasında məhkəməyə müraciətin prosessual forması kimi isə iddia ərizəsi ilə müraciət göstərilmişdir. Mülki-prosessual qanunvericiliyin təhlilindən aydın olur ki, tərəflər (iddiaçı və cavabdeh) və üçüncü şəxslər iddia icraatında (MPM-nin 12-23-cü fəsilləri) mövcuddurlar. Xüsusi icraat qaydasında baxılan işlər (MPM-nin 30-40-7-ci fəsilləri) üzrə isə əsas iştirakçılar ərizəçi və maraqlı şəxslərdir (bu növ icraat üzrə tərəflər mövcud deyildir). Qanunverciliyin tələbindən göründüyü kimi maraqlı şəxslər iddia icraatında deyil, xüsusi icraat qaydasında ərizəçilərin verdiyi tələblər üzrə baxılan işlərdə iştirak edirlər. İddia icraatında iddiaçının maraqlı şəxs qismində hər hansı fiziki və ya hüquqi şəxsi işə cəlb etməsi iddia ərizəsinin forma və məzmununa uyğun deyildir. Bundan başqa, iddia icraatı qaydasında işlərə baxarkən lazım gəldikdə, işə iddia tələbi barəsində üçüncü şəxs kimi müstəqil tələb irəli sürən və ya müstəqil tələb irəli sürməyən üçüncü şəxslər işə baxılmasına cəlb edilə bilərlər. Belə ki, Azərbaycan Respublikası MPM-nin 55.1-ci maddəsinə əsasən, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Azərbaycan Respublikası MPM-nin 40.1-cı maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən, tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. Məhkəmə hesab edir ki, iddia ərizəsi onun forma və məzmununa uyğun məhkəməyə verilməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd edilən Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı "xxxx" BOKT MMC cavabdeh X1 qarşı – müqavilənin ləğvi, kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı "xxxx" BOKT MMC tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hesabına ödənilmiş 57 (əlli yeddi) manat məbləğində dövlət rüsumu (qəbz nömrəsi: **********) özünə qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqları vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar