Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5335/2022 13.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin ləğvi və kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı xx.xx.2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsinin ləğv edilməsi, 8477,79 manat əsas, 866,31 manat faiz borcu olmaqla, cəmi 9344,10 manat borcun və 113,85 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə ******* saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdehə 48 ay müddətinə, illik 23% olmaq şərtilə 13000 manat məbləğində kredit verilmişdir. Müqavilənin Əlavəsi olan ödəniş cədvəlinə əsasən aylıq ödənişin 416,67 manat (sonuncu ay 416,64 manat) ödənilməli olması müəyyən edilmişdir. Eyni zamanda, iddiaçı ilə Cavabdeh2 arasında eyni tarixdə 1025672/18573 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə borclunun (Cavabdeh1) öhdəliklərini tam icra etməsi üçün öhdəlik götürmüşdür. Cavabdeh1 müqavilə üzrə borcunu qismən ödəmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia ərizəsində göstərmişdir ki, Bankla Cavabdeh1 arasında kredit, Cavabdeh2 arasında isə zaminlik müqaviləsi bağlanmışdır. Borcalan Bank qarşısında öz öhdəliklərini tam icra edənədək zamin borcalanla birlikdə Bank qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə görə Cavabdeh1 xx.xx.2022-ci il tarixə ümumi borcu (8477,79 manat əsas, 866,31 faiz) 9344,10 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenzıya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununla da, cavabdehlər kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini terinə yetiməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. İşin mübahisəsiz halları ilə də müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmış, iddiaçı müqavilə ilə razılaşdırılmış pulu cavabdehə müqavilədə qeyd edilən şərtlərlə kreditə vermişdir. İddiaçı ilə cavabdeh arasında müqavilənin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil. Lakin Cavabdeh1 kredit müqaviləsi üzrə öhədəliyini pozaraq müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun ödəniş etməməklə öhdəliyini pozmuşdur. Məhkəmə müqavilənin ləğvi ilə bağlı iddia tələbi ilə bağlı qeyd edir ki, müqavilənin ləğv edilməsi şərtləri Mülki Məcəllənin 421 və 422-ci maddələrində göstərilmişdir. Həmin müddəalara əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (421.1ci maddə). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (421.2-ci maddə). Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur (422.1-ci maddə). Sadalanan müddəalara görə, müqavilənin ləğvi üçün üç şərt tələb edilir: birinci şərt, müqavilə tərəflərinin könüllü razılaşmasıdır. Hazırki mübahisə üzrə bu hal, yəni tərəflərin razılaşması yoxdur. İkinci şərt, müqavilənin bir tərəfin tələbi ilə pozulması ilə bağlıdır. Bu zaman müqavilənin ləğvini tələb edən tərəf sübut etməlidir ki, müqaviləni digər tərəf əhəmiyyətli dərəcədə pozmuşdur. Müqavilənin əhəmiyyətli dərəcədə pozulması elə bir həddə olmalıdır ki, bunun nəticəsində tərəf müqavilə bağlayarkən ümid etməyə haqqı çatanlardan, yəni müqavilənin bağlanması nəticəsində əldə edəcəyi gəlir, bəhər (xeyir), yaxud hər hansı üstünlükdən məhrum olmuş olsun. İkinci şərtin mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilir. Belə ki, müqavilənin tərkib hissəsi olan ödəniş cədvəli üzrə aylıq ödənişin 416,67 manat olmaqla ödənilməsi müəyyən edilməsinə baxmayaraq, hesabdan çıxarış məlumatlarından məlum olur ki, Cavabdeh1 ödənişləri qrafikə uyğun icra etməmiş, sonuncu ödənişini xx.xx.2022-ci il tarixdə etmiş, sonrakı ödənişlərini isə etməmişdir. Göründüyü kimi, Cavabdeh1 tərəfin kredit ödənişlərinin qrafikə uyğun və vaxtında, sonradan isə ümumiyyətlə edilməməsi nəticəsində iddiaçı maddi zərər çəkmişdir. Müqavilənin ləğv edilməsinin üçüncü şərti isə Mülki Məcəllənin 422-ci maddəsində təsbit olunmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədardır. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi müqavilənin bağlanması zamanı tərəflər arasında mövcud olmuş şəraitin, (hansı ki, müqavilənin icrası şərtləri həmin şəraitə uyğunlaşdırılmışdır) sonradan müqavilənin icrası zamanı dəyişməsini nəzərdə tutur ki, bu dəyişmə nəticəsində müqavilənin icrası ya mümkün olmur, ya da xeyli dərəcədə çətinləşmiş olsun. Şəraitin əməmiyyətli dərəcədə dəyişməsini şərtləndirən hallar birbaşa müqavilənin bağlanmasına təsir göstərən amillərdir. Ona görə də, qanun müəyyən edir ki, şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Məhkəmənin qənaətinə görə, hazırkı mübahisə baxımından həmin hal mövcud deyildir. Məhkəmə həm də hesab edir ki, müqavilənin ləğvi qaydasına da iddiaçı tərəfindən əməl edilmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı müqavilənin ləğvi ilə bağlı cavabdehlərə xəbərdarlıq (pretenziya) göndərmişdir. Mülki Məcəllənin 423.2-ci maddəsi müəyyən edir ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Beləliklə, şərh edilənlərdən də görünür ki, Cavabdeh1 kredit müqaviləsini əhəmiyyətli dərəcədə pozduğundan və müqavilənin ləğvi qaydasına qanunla müəyyən edilmiş qaydada əməl edildiyindən iddiaçı xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğvini iddia etməkdə haqlıdır. Məhkəmənin qənaətinə görə iddia kredit borcunun cavabdehlərdən tutulması hissəsində də əsaslıdır. Cavabdeh1 tərəfindən iddiaçıdan 13000 manat kredit alması, lakin krediti vaxtında ödəməyərək öhədliyini pozması işin mübahisəsiz hallarıdır. Eyni zamanda, o da işin mübahisəsiz hallarıdır ki, iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmış, zamin eyni tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 veriləcək 13000 manat pulun sonuncu tərəfindən tam ödənilməsi ilə bağlı məsuliyyəti iddiaçı qarşısında üzərinə götürmüşdür. Həmçinin, iş materiallarında olan iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən xx.xx.2022-ci il tarixinə cavabdehin əsas borc üzrə 8477,79 manat, faiz borcu üzrə 866,31 manat, cəmi 9344,10 manat kredit borcu vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kredit və bank hesabı orun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliyə malik olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair öhdəliyini isə icra etməmişdir. Eləcə də, Zakir Piriyev də xx.xx.2019-cu il tarixdə bağlanmış zaminlik müqaviləsilə kreditin qaytarılmamsına görə Cavabdeh1lə birlikdə iddiaçı qarşısında msuliyyət daşıyır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə, həmçinin iddianın 113,85 manat məbləğində dövlət rüsumunun, cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsi ləğv edilsin. 8477,79 manat məbləğində əsas, 866,31 manat faiz olmaqla, cəmi 9344,10 manat pul, ödənilmiş 113,85 manat dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №e-2(011)-5335/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5335/2022
13.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver