Məhkəmə qərarları › İş №e-2(011)-5339/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5339/2023

13.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5339/2023 13.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştiakı ilə, İddiaçı Cavabdehnə qarşı mənəvi ziyanın ödənilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdehnə qarşı Cavabdehndən 30.000 (otuz min) manat məbləğində mənəvi zərərin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hər bir valideyn kimi oğlunu evləndirib toyunu görmək, onun övladlarını görmək, böyüdülməsində iştirak etmək istəyirdi. Lakin cavabdehin işçilərinin təqsiri üzündən bütün bunlardan məhrum oldu. Çünki cavabdehin işçisi X3 səhlənkarlıq etməsi nəticəsində 25 yaşlı gənc oğlu ölüb. Belə ki, Eldar Abitov xx.xx.2010-cü il tarixdən Binəqədi rayonu QİS-nin 6 saylı Yaşayış yerlərində qaz xəttlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin çilingəri vəzifəsində işləyərkən, işə laqeyid münasibəti nəticəsində üzərinə qazavadanlıqlarına öz peşə təlimatına uyğun texniki baxış keçirilməsi, qaz xətlərində mövcud qüsurları vaxtında aşkar etməsi və aradan qaldırılması üçün tədbirlər görülməsi vəzifəsi həvalə edilməsinə baxmayaraq, Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi, döngə 1, nömrəsiz fərdi evin həyətyanı sahəsində yerləşən hamam otağında texniki baxış keçirilərkən müvafiq nöqsanlar (hadisə baş vermiş hamam otağında suqızdırıcı quraşdırldığı halda otağın havasını dəyişməsi üçün qapıda dəlik (boşluq) açılmadığı, qaz cihazının tüstü borusu düzgün quraşdırılmadığı) aşkar edilmədiyinə və həmin hamamda quraşdırlmış suqızdırıcının qaz xəttini polad qat qoyulmaqla kəsmədiyinə görə, onun tərəfindən “Qaz təchizatı Layihələndirmə normaları”nın 8.39 bəndinin suqızdırıcıların, istilik qazanlarının və istilik aparatlarının qoyulması, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.239 bəndinin qaz avadanlıqlarına texniki xidmət zamanı nasazlıq aşkar edilərsə və onların tezliklə düzəldilməsi mümkün olmadıqda, nasaz qaz kəməri və qaz cihazı istismar olunan qaz şəbəkəsindən açılması və plomblanması, qaydaların 3.8.5 bəndinin yaşayış binalarında qaz kəmərlərinin, qaz avadanlığının (cihazların və aparatların) texniki xidmət, müəyyən olunmuş qaydada təsdiqlənmiş tələblərinə müvafiq aparlması, qaydaların 3.8.8 bəndinin qaz sızmaları olan cihazları və aparatları, nasaz təhlükəsizlik avtomatikası, ölçü nəzarət cihazları, hava dəyişmə və baca sistemləri, dağılmış baca başlıqları, eləcə də özbaşına (icazəsiz) birləşdirilmiş cihazlar və aparatlar bağlayıcı polad qat qoyulmaqla və bu barədə akt yazılmaqla, qaz kəmərindən ayrılması tələblərini pozmuş, nəticədə 16 dekabr 2013-cü il tarixdə həmin evdə yaşayan oğlu X4 hamamda çimərkən dəm qazından zəhərlənərək ölmüşdür. Baş vermiş hadisə ilə əlaqədar X5 Binəqədi Rayon Məhkəməsinin 04 avqust 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 314.2-cimaddəsi ilə təqsirli bilinərək, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökm qanuni qüvvəsini almışdır. Binəqədi Rayon Məhkəməsinin 04 avqust 2014-cü il tarixli 1(001)-226/2014 nömrəli qanuni qüvvəyə minmiş hökmü ilə baş vermiş hadisədə cavabdehin təqsiri təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazının dəlilləri Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddiaya etiraz edərək rədd edilməsini xahiş etmişdir. İşin halları İş materiallarından görünür ki, Binəqədi Rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(001)-226/2014 saylı hökmü ilə X5 AR CM-nın 314.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ‘ ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin Hökmün surətindən həmçinin görünür ki, X5 xx.xx.2010-cıı il tarixdən Binəqədi rayonu QİS-nin 6 saylı Yaşayış yerlərində qaz xəttlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin çilingəri vəzifəsində işləyərkən, işə laqeyd münasibəti nəticəsində üzərinə qaz avadanlıqlarına öz peşə təlimatına uyğun texniki baxışın keçirilməsi, qaz xətlərində mövcud qüsurları vaxtında aşkar etməsi və Binəqədi rayonu, Sumqayıt şossesi, döngə 1, nömrəsiz fərdi evin həyətyanı sahəsinə yerləşən hamam otağında texniki baxış keçirilərkən müvafiq nöqsanlar (hadisə baş vermiş evin hamam otağında suqızdırıcı quraşdırıldığı halda otağın havasının dəyişməsi üçün qapıda dəlik (boşluq) açılmadığı, qaz cihazının tüstü borusu düzgün quraşdırılmadığı) aşkar edilmədiyinə və həmin hamamda quraşdırılmış suqızdırıcının qaz xəttini polad qat qoyulmaqla kəsmədiyinə görə, onun tərəfindən “Qaz təchizatı Layihələndirmə normaları”nın 8.39 bəndinin suqızdırıcıların, istilik qazanlarının və istilik aparatlarının qoyulması, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.239 bəndinin qaz avadanlıqlarına texniki xidmət zamanı nasazlıq aşkar edilərsə və onların tezliklə düzəldilməsi mümkün olmadıqda, nasaz qaz kəməri və qaz cihazı istismar olunan qaz şəbəkəsindən açılması və plomblanması, qaydaların 3.8.5 bəndinin yaşayış binalarında qaz kəmərlərinin, qaz avadanlığının (cihazların və aparatların) texniki xidmət, müəyyən olunmuş qaydada təsdiqlənmiş tələblərinə müvafiq aparlması, qaydaların 3.8.8 bəndinin qaz sızmaları olan cihazları və aparatları, nasaz təhlükəsizlik avtomatikası, ölçü nəzarət cihazları, hava dəyişmə və baca sistemləri, dağılmış baca başlıqları, eləcə də özbaşına (icazəsiz) birləşdirilmiş cihazlar və aparatlar bağlayıcı polad qat qoyulmaqla və bu barədə akt yazılmaqla, qaz kəmərindən ayrılması tələblərini pozmuş, nəticədə 16 dekabr 2013-cü il tarixdə həmin evdə yaşayan oğlu X4 hamamda çimərkən dəm qazından zəhərlənərək ölmüşdür. Binəqədi Rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(001)-226/2014 saylı hökmü qanuni qüvvəsini almışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099. Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarı

1. Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir.

2. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

Məhkəmənin mövqeyi: Göründüyü kimi, Cavabdeh səhlənkarlığı, yəni işə laqeyd münasibətləri, xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməmələri nəticəsində iddiaçının gənc oğlu- X1m dəm qazından zəhərlənməsinə görə ölümü ilə nəticələnmiş hadisə baş vermişdir. Dəyən zərər məhz cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh əməkdaşlarının Cavabdeh fəaliyyəti ilə birbaşa əlaqəli olan əmək vəzifələrinin icrası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğundan iddiaçı mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, göstərilən hallar qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunduğundan, bu məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehin işçilərinin təqsiri üzündən yaxınlarının ölməsi ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, mənəvi zərərin həcmi 30000 manat məbləğində deyil, hadisədən 10 il sonra iddiaçının keçirtdiyi sarsıntı və iztirabın dərəcəsini nəzərə alınaraq 15000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi:

İddia qismən təmin edilsin. Cavabdehndən mənəvi zərərə görə 15.000 (on beş min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar