Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5346/2024 16.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə iddiaçı cavabdehə 36 ay müddətinə, illik 16% olmaqla, 9550 manat məbləğində kredit vermişdir. Ödəniş cədvəlinə əsasən kreditin aylıq ödəniş 335,75 (sonuncu ay 318,88 manat) müəyyən edilmişdir.
2. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini qismən icra etmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı 7538,81 manat əsas, 353,50 manat faiz borcu, 49,91 manat cərimə, , cəmi 7942,22 manat məbləğində pulun və ödənilmiş 99,42 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə cavabdehlə aralarında 290942 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, cavabdehə istehlak yönümlü 9550 manat məbləğində pul ayrılmışdır və о, 36 ay müddətində illik 16% faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, cavabdeh kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Cavabdehə dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
8. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
9. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
10. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
11. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
12. Maddə 445.7 Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
13. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
14. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
15. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
16. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır.
17. Maddə 1306.1 Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
22. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
23. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə kredit müqaviləsi bağlanmış, cavabdehə 36 ay müddətinə, illik 16% faiz dərəcəsi ilə 650 manat məbləğində kredit kartı limiti ayırmışdır.
24. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliyə malik olmuşdur. Lakin, işin hallarından da görünür ki, cavabdeh kredit müqaviləsi üzrə kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.
25. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc predmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.
26. İddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışında da xx.xx.2024-cü il tarixinə cavabdehin əsas borc üzrə 7538,81 manat, faiz borcu üzrə 353,50 manat, 49,91 manat məbləğində cərimə olmaqla, ümumilikdə 7942,22 manat kredit borcunun olması göstərilmişdir.
27. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə də təmin edilməlidir.
28. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Eyni zamanda, qanunvericilik də tələb edir ki, Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (MM-nin 462.1-ci maddəsi).
29. Məhkəmə həmçinin iddianın 99,42 manat məbləğində dövlət rüsumunun, cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir.
30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. 7538,81 manat məbləğində əsas, 353,50 manat faiz, 49,91 manat cərimə borcu olmaqla, cəmi 7942,22 manat pul, ödənilmiş 99,42 manat dövlət rüsumu Cavabdeh tutularaq “X1 Azərbaycan” QSC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı