Məhkəmə qərarları › İş №e-2(011)-5371/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5371/2024

11.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5371/2024 11.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, İddiaçı ASC ilə borcalan X5 arasında bağlanmış 21 avqust 2018 il tariхli, 101804-566052/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 12 ay müddətinə, illik 20% dərəcəsi ilə 3000.00 manat məbləğində krеdit vеrilmişdir. X5 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. X3 vərəsələrinin olub-olmaması araşdırılarkən məlum olmuşdur ki, X4 dair Bakı şəhəri 4 saylı “Asan Xidmət” mərkəzində notariat ofisində vərəsəlik işi açılmışdır. Bundan sonra Bakı şəhəri 4 saylı “Asan Xidmət” mərkəzində notariat ofisinə vəkil sorğusu verilmiş və sorğu nəticəsində müəyyən edilmişdir ki, X3 vərəsəsi kimi Cavabdeh tanınmış və bu barədə xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələr verilmişdir. Həmin Şəhadətnamələrə əsasən Cavabdeh miras əmlak olan - Abşeron rayonu, Abşeron Quşçuluq sovxozu ünvanında yerləşən ümumi sahəsi 0.04 ha olan torpaq sahəsi, pul vəsaiti tam hissədə pay almışdır. Bundan sonra X3 vərəsəsi olaraq, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Cavabdeh xəbərdarlıq məktubu göndərilmiş, lakin banka olan borc ödənilməmişdir. 17 aprel 2024-cü il tarixə borcalanın banka 606.69 manat məbləğində əsas bоrc və 6.27 manat faiz borcu оlmaqla, cəmi 612.96 manat məbləğində kredit bоrcu yaranmışdır. Krеdit müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh 606.69 manat məbləğində əsas bоrc və 6.27 manat faiz borcu оlmaqla, cəmi 612.96 manat və 30.4 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə İddiaçı ASC-yə və Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar, hazırkı məhkəmə iclasına gəlməmiş və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, iddianın təmin edilməsini və məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə X5 arasında bağlanmış 21 avqust 2018-ci il tariхli, 101804-566052/1 nömrəli krеdit müqaviləsindən məlum olur ki, bank cavabdehə 12 ay müddətinə illik 20 % ödəmək şərtilə 3000 manat məbləğində kredit vermişdir. İş materialında olan İddiaçı ASC tərəfindən verilmiş 26 aprel 2024-cü il tarixli maliyyə arayışdan görünür ki, X3 21 avqust 2018-ci il tariхli, 101804-566052/1 nömrəli kredit müqaviləsi üzrə banka 26 aprel 2024-cü il tarixə 606,69 manat əsas borc, 6,27 manat faiz borcu olmaqla, cəmi 612,96 manat borcu vardır. İş materiallarında olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 025906 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 04 iyun 2019-cu il tarixində Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan 22 oktyabr 2020-ci il tarixli “Elektron notariat” X1 çıxarışdan görünür ki, vəfat etmiş X2 üzrə vərəsəsi Cavabdehdır, miras əmlak Abşeron rayonu, Abşeron Quşçuluq sovxozu ünvanında yerləşən ümumi sahəsi 0.04 ha olan torpaq sahəsindən və pul vəsaitindən ibarətdir. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh ünvanladığı bildirişə əsasən məlum olur ki, bank, cavabdehə borcunun ödənilməsini təklif etmiş, borcu ödəməsə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. (maddə 427.3) Əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. (maddə 429.1.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.(maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (maddə 449.4) Özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. (maddə 449.1) Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonuna ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. (maddə 741) Əgər birgə borclulardan birinin bir neçə vərəsəsi vardırsa, onlardan hər biri tələbi öz miras payına mütənasib surətdə icra etməyə borcludur. Əgər tələb bölünməzdirsə, bu qayda tətbiq edilmir. (Maddə 507) Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. (1133.1.) Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (Maddə 1243.2.) Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. (Maddə 1243.3.) Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. (Maddə 1306.1.) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli qərarında vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd etmişdir ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Beləliklə, məhkəmə hesab edir ki, X5 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, onun vəfat etməsi səbəbindən miras əmlakı qəbul etmiş vərəsəsi olan Cavabdeh onun kreditoru qarşısında öhdəliyini icra etməli olduğu üçün, İddiaçı ASC ilə X5 arasında bağlanmış 21 avqust 2018ci il tariхli, 101804-566052/1 nömrəli kredit müqaviləsi üzrə tələb olunan 606,69 manat əsas borc, 6,27 manat faiz borcu olmaqla, cəmi 612,96 manat məbləğində borc Cavabdeh tutularaq, iddiaçıya ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 606,69 manat əsas borc, 6,27 manat faiz borcu olmaqla, cəmi 612,96 manat və 30,40 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar