Məhkəmə qərarları › İş №e-2(011)-5378/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5378/2024

02.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5378/2024 02.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – İddiaçı ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK-056687/22 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 banka olan 14.423,95 manat (on dörd min dörd yüz iyirmi üç manat doxsan beş qəpik) əsas, 1.092,52 manat (bir min doxsan iki manat əlli iki qəpik) faiz, 2.441,31 manat (iki min dörd yüz qırx bir manat otuz bir qəpik) cərimə borcu olmaqla, cəmi 17.957,78 manat (on yeddi min doqquz yüz əlli yeddi manat yetmiş səkkiz qəpik) məbləğində borcun və ödənilmiş 143,87 manat (bir yüz qırx üç manat səksən qəpik) məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK-056687/22 saylı kredit müqaviləsi üzrə sonuncuya illik faiz dərəcəsi 18% olmaqla, 46 ay müddətinə 18.005 manat (on səkkiz min beş manat) məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh2, İddiaçı ASC və Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, İK-056687/22 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh2 xx.xx.2024-cü il tarixinə İddiaçı ASC-yə 14.423,95 manat (on dörd min dörd yüz iyirmi üç manat doxsan beş qəpik) əsas, 1.092,52 manat (bir min doxsan iki manat əlli iki qəpik) faiz, 2.441,31 manat (iki min dörd yüz qırx bir manat otuz bir qəpik) cərimə borcu olmaqla, cəmi borcu 17.957,78 manat (on yeddi min doqquz yüz əlli yeddi manat yetmiş səkkiz qəpik) təşkil edir. Bununla əlaqədar cavabdehlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəflərindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməklərinin səbəbləri barədə məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC (müqavilə üzrə “Bank”) ilə Cavabdeh2 (müqavilə üzrə “Müştəri” və ya “Borc alan”) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, İK-056687/22 nömrəli tam kart çərçivə müqaviləsinin 1.1-ci maddəsinə əsasən (müqavilənin predmeti) Bank Borcalana 46 ay müddəinə qaytarmaq şərti iə 18.005 manat məbləğində kredir verməyi, Borcalan krediti qəbul edərək, bu Müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kerditə görə hesablanmış faizləri Banka ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən kredit istehlak məqsədi üçün götürülmüşdür. Həmin müqavilənin 1.4-cü maddəsinə əsasən Borcalan bu kreditdən istifadəyə görə illik 18% olmaqla faiz ödəyir. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən Borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən Borcalan bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə əsas borcun qalığına illik 18% olmaqla cərimə faizi ödəyir. İşin materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli nağd kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 14.423,95 manat ödənilməmiş əsas, 1.092,52 manat ödənilməmiş faiz, cərimə faizi üzrə 2.441,31 manat məbləğində borcu qalmışdır. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən xx.xx.2024-cü il tarixdə Cavabdeh1 və Cavabdeh2 pretenziya məktubu göndərilmişdir. İşin materiallarında olan İK-056687/22 saylı xx.xx.2022-ci il tarixli cədvəldən görünür ki, Cavabdeh2 qeyd edilən müqavilə üzrə 14.423,95 manat məbləğində əsas, 1.092,52 manat faiz, 2.441,31 manat cərimə olmaqla, cəmi 17.957,78 manat məbləğində kredit borcu vardır. xx.xx.2022-ci il tarixli ödəniş cədvəlinə Cavabdeh2 tərəfindən 07 oktyabr 2022-ci il tarixinədək aylıq 544,67 manat, 07 iyul 2026-ci il tarixinə 544,91 manat məbləği ödənilməlidir. İş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddiaçı kredit üzrə hesablanmış borcu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehə borcunu ödəməsini xatırlatmasına baxmayaraq, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun və borca hesablanmış faiz məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən xx.xx.2018-ci il tarixli müqaviləyə görə cərimənin 2.441,31 manat deyil, 1.442 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə eyni zamanda iddia tələbinin digər Cavabdeh1 qarşı hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh Asiv Haqverdiyev kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirmədiyindən, digər Cavabdeh1 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Odur ki, kredit müqaviləsi üzrə borc cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin iddianın 143,87 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli İK-056687/22 saylı müqaviləyə əsasən 14.423,95 (on dörd min dörd yüz iyirmi üç manat doxsan beş qəpik) manat əsas, 1.092,52 (bir min doxsan iki manat əlli iki qəpik) manat faiz, 1.442 (bir min dörd yüz qırx iki) manat cərimə borcu olmaqla, cəmi 16.958,47 (on altı min doqquz yüz əlli səkkiz manat qırx yeddi qəpik) manat borc məbləği, 143,87 (yüz qırx üç manat səksən yeddi qəpik) manat dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ASC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar