Məhkəmə qərarları › İş №e-2(011)-538/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-538/2025

21.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-538/2025 21.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynova Nuranə Rafiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X4 Cavabdeh Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətindədir. Cavabdeh onun keçmiş gəlini, oğlu X1 həyat yoldaşıdır. Cavabdeh onun mülkiyyətində olan məzilində yaşamış, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(011)-3027/2022 saylı qətnaməsi ilə X8 ilə Cavabdeharasında xx.xx.2010-cu il tarixli nikah pozulmuşdur.

2. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-609/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun cavabdehə qarşı iddia tələbi təmin edilmiş, Cavabdeh və X5 6 (altı) ay möhlət verilməklə, onların mülkiyyətində olan ünvan 2 ünvanına istifadə hüquqlarına xitam verilmiş və onların həmin mənzildən çıxarılmaları qət edilmişdir. Cavabdeh həmin iş üzrə apellyasiya və kassasiya şikayətləri vermiş hər iki instansiyanın qətnamə və qərarı ilə Xətai rayon Məhkəməsinin qətnaməsi qüvvəsində saxlanılmışdır.

3. Bu iş üzrə keçirilən məhkəmə baxış müddətləri ərzində o və ailə üzvləri cavabdehlə evin içində hər hansı bir toqquşmaya, mübahisə və insidentə rast gəlməmək üçün məcbur qalaraq ona məxsus bağ evinə köcmüşlər, cavabdeh mülkiyyətində olan mənzildə qətnamə icra olunanadək tək yaşamış, bu müddət ərzində cavabdeh mənzildən çıxarılmasını bildiyindən mülkiyyətimdə olan mənzili darmadağın etmiş, evin bütün otaqlarını pis vəziyyətə salmış, mənzili yaşamaq üçün yarasız hala gətirib çıxarmışdır.

4. Xətai rayon Məhkəməsinin qətnaməsi icra olunmamışdan bir neçə gün öncə isə cavabdeh mənzilin içində olan zəruri avadlıqları daşıyıb aparmışdır. Odur ki, hesab edir ki, cavabdeh tərəfindən mülkiyyətində olan mənzilə vurulmuş 10.000 manat zərər və mənzilin içində olan zəruru avadanlıqların və ya onların qiymətini təşkil 11.150 manat əmlak dəyəricəmi olaraq 21.150 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq ona ödənilməlidir. Mənzilin içində yerləşən cavabdeh tərəfindən daşınmış mənə və ailəsinə məxsus zəruri ev əşyaları; 2 ədəd LG televizor (109 və 82 diaoqnal) 1600 manat, Divan 1100 manat, çörək bişirən duxovka 120 manat, Paltaryuyan LG 450 manat, 2 ədəd çarpayı 350 manat, Soyuducu 1000 manat, Elektrik samovar 130 manat, 6 ədəd mətbəx oturacaq stulu 6x70 = 420 manat, xrustal qablar 2400 manat, kombi üçün elektrik gücləndirici (transfarmator) 50 manat, tozsoran 100 manat, mətbəx mebeli 1700 manat, şirə çəkən maşın 100 manat, yastıq döşək süfrələr 850 manat, WİFİ aparatı 160 manat, kompüter notbook 1400 manat, lüstr 1 ədəd 170 manat cəmi 11.150 manat təşkil edir. Məsələnin qanun çərçivəsində həlli məqsədi ilə məcbur olub hüquqlarının təmini və marağının qorunması üçün məhkəməyə müraciət edir.

İddiaçının tələbi:

5. Cavabdeh mülkiyyətində olan mənzilə vurulmuş maddi zərərə görə 10.000 (on min) manat və mənzilin içində yerləşən zəruri avadanlıqların və ya onların pul ilə dəyərinə görə 11.150 (on bir min yüz əlli) manat cəmi olaraq 21.150 (iyirmi bir min yüz əlli) manat məbləğində pulun və iddia ərizəsi üzrə ödənilmiş 154 manat dövlət rüsumun tutularaq ona ödənilməsi barəsində qətnamə qəbul edərək iddianı təmin edilməsini xahiş etmişdir.

Cavabdehin etirazı:

6. Cavabdeh xx.xx.2024-cü il tarixdə iddia tələbinə etiraz ünvanlayaraq qeyd etmişdir ki, hazırda İddiaçı ona qarşı əmlak və zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkməyə müraciət etmişdir. İddianı qəbul etmir. İşin mahiyyəti üzrə bildirir ki, iddiaçının öz iddia ərizəsində qeyd etmiş olduğu hallar, yəni guya evin yararsız hala salınması və ona məxsus əmlakın onun tərəfindən götürülməsi barədə qeyd etdiklərinin heç biri həqiqəti əks etdirmir. Belə ki, iddia ərizəsinin məzmununda qeyd edilmiş ev əşyalarının hər biri ona məxsus olan cehiz əşyalarıdır. Onların adət-ənənələrinə əsasən evə gələn gəlin özü ilə cehiz əşayaları gətirir. Ən əsas da mətbəx mebeli, yataq dəsti, soyuducu, qonaq otağı dəsti, televizor, paltaryuyan maşın və s. bu kimi məişət əşyaları adətlərinə əsasən cehiz əşyalarının ayrılmaz hissəsi kimi gəlin gələn evə gəlinin valideyinləri tərəfindən alınıb verilir. O da bu adətə sadiq olaraq iddiaçının evinə gələn zaman özünə cehiz əşyaları gətirmişdir. Bundan başqa iddia ərizəsinin məzmununda qeyd edilmiş soyuducu, kombi üçün elektrik gücləndiricisi, WİFİ aparatı, yorğandöşəklər iddiaçının oğlu və etibarnamə üzrə nümayəndəsi Vüqar Əhmədov tərəfindən şəxsən aparılmışdır (bununla bağlı video çəkiliş məhkəməyə təqdim edilir). Evin açarı iddiaçının özündə də olmuşdur. Bu səbəbdən də onlar mənzildə olmadığı müddətdə qarşı tərəf də evə gəlib-getmişlər. Bəzi vaxtlarda təsadüfən rastlaşanda o video və şəkillər çəkmişdir. Uzun müddət, yəni 18 il birlikdə yaşamışlar və evdən birlikdə istifadə etmişlər. Birlikdə etdikləri istifadə nəticəsində yaranmış təbii aşınmalara görə də o məsuliyyət daşıya bilməz. Ondan tələb olunan əşyaların bəzilərinin, misal üçün komputer notbookun ona məxsus olması barədə mağazdan aldığım sənədləri var (bu barədə sənədlər əlavə edilir). Həmçinin onu da bildirir ki, ona məxsus olan cehiz əşyalarının bir qismi hazırda iddiaçının adına qeydə alınmış Bilgəh qəsəbəsində yerləşən bağ evindədir. Həmin bağ evi ilə bağlı məhkəmədə ayrıca mülki iddiaları var. Bu səbəbdən də gələcəkdə evlə bağlı məhkəmə mübahisələri yekunlaşdıqdan sonra, həmin mübahisənin nəticəsinə uyğun olaraq həmin evdə olan cehiz əşyaları ila bağlı ayrıca iddia verəcəkdir. Bundan başqa qeyd edir ki, məhkəmə qətnaməsinin icrası ilə bağlı evdən çıxarılarkən iddiaçının oğlu və etibarnamə üzrə nümayəndəsi Vüqar Əhmədov şəxsən icra prosesində iştirak etmişdir. Həmin vaxt o əşyalarının bir qismini könüllü götürdüyünü, icra aktında qeyd edilmiş bir neçə əşyanın da saxlamağa yerim olmadığı üçün müvəqqəti evdə qaldığını bildirmişdir və həmin əşyalar saxlanc üçün Vüqar Əhmədova təhvil verilmiş və bu barədə icra aktında müvafiq qeyd edilmişdir. Həmin vaxt iddiaçının etibarnamə üzrə nümayəndəsi Vüqar Əhmədov hazırki iddiada olan tələblərlə bağlı heç bir etiraz və irad bildirməmişdir. Bununla bağlı da icra aktında qeyd edilmiş və iştirak edən şəxslər imza etmişdir. Əgər doğurdan da hazırki iddia tələbində hər hansı doğruluq payı olmuş olsaydı, onlar evdən çıxarıldıqları vaxt icra prosesində iştirak etmiş iddiaçının etibarnamə üzrə nümayəndəsi Vüqar Əhmədov buna öz etirazını bildirmiş olardı. Lakin belə bir etiraz olmamışdır. Odur ki, yuxarıda qeyd etdiklərini nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. Cavabdeh xx.xx.2024-cü il tarixli iddia tələbi etirazı.

Tərəflərin izahatı:

8. İddiaçının nümayəndəsi X8 iddia tələbini müdafiə edərək iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

9. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil öz izahatında bildirmişdir ki, iddianı qəbul etmir icra mərhələsində iddiaçının oğlu şəxsən iştirak etmiş, əmlaka zərər dəyməsi ilə bağlı heç nə bildirməmişdir. O tərəflərin uzun müddət birlikdə yaşadığını, təbii aşınmaların normal olduğunu, həmçinin müqayisə edilməsi üçün mənzilin əvvəlki və indiki halı ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim edilmədiyi qeyd etmişdir. Cavabdehin nümayəndəsi (vəkili) tərəflərin nikahının pozulduğunu bu səsəbdən aralarında yaranmış mənəvi məsələlərlə bağlı hazırkı iddia ilə məhkəməyə müraciət etdiyini qeyd etmişdir. O həmçinin cavabdehin həmin mənzildə yaşamaq istədiyini bu səbəbdən dəfələrlə mənzildən çıxmaq üçün əlavə vaxt istədiyini, həmin qətnamədən şikayət verdiyini bildirərək cavabdehin həmin ünvanda yaşamaq istədiyi halda hansı məntiqlə iddiaçının qeyd etdiyinə əsasən evi o vəziyyətə sala biləcəyini qeyd etmişdir. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər:

10. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş xx.xx.2002-ci il tarixli ÖM № 104413 saylı qeydiyyat vəsiqəsi.

11. “Embawood” tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli qaimə fakturada müştəri adı qrafasında X4 adı qeyd edilmişdir.

12. Bakı Şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-3027/2022 saylı qətnaməyə əsasən iddia təmin edilmiş, iddiaçı X8 ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə Bakı Şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsində 149 nömrə ilə qeydə alınmış nikahın pozulması, boşanmadan sonra xx.xx.2012-ci il təvəllüdlü X2 anası Cavabdeh yanında qalmasının müyyən edilməsi, iddiaçı X3 birgə nikahdan anadan olmuş xx.xx.2012-ci il tevəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün har ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi, alimentin tutulmasına 13 may 2022-ci il tarixdən başlanması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir.

13. Bakı Şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-609/2023 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, Cavabdeh və X5 6 (altı) ay möhlət verilməklə, onların ünvan 3 ünvanına istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən çıxarılması qət edilmişdir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-4496/2023 saylı qərarına əsasən cavabdeh X6 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4378/2023 nömrəli iş üzrə 14 avqust 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

15. Solitonict tərəfindən təqdim edilmiş SZT 050142 saylı zəmanət talonunda alıcı qrafasında “Əhmədova Ülviyyə” adı qeyd edilmişdir.

16. Bakı Şəhər Xətai Rayon İcra Şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən qapını açan X6 özünə məxsus bütün əşyaları çıxardığını, yalnız mətbəx mebelinin aşağı saxlanc hissəsi,yataq otağında iki qapılı balaca şkaf, mətbəx divanı, 2 ədəd tumoçkanı, 1 ədəd 2 nəfərlik motrası çıxarmağa yeri olmadığı üçün çıxara bilməmiş, həmin əmlakları sonra çıxaracağını bildirmiş, əşyalara baxış keçirilmiş. Mənzildə həqiqətən də qeyd edilən əşlyardan başqa əmlak olmadığı müəyyən olunmuş və əşyalar saxlanc məqsədi ilə X7 təhvil verilmişdir.

17. Disklər və fotoşəkillər.

18. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.

Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

147. Cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. 191.3. cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarı: “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”

Məhkəmənin mövqeyi:

22. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir.

23. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Məhkəmə qeyd edir ki, tərəflərin öz iddia tələblərinin hüquqi əsası kimi hansı dəlilləri irəli sürmələrindən asılı olmayaraq məhkəmə müstəqil şəkildə iddia tələbinin düzgün hüquqi əsasını müəyyənləşdirməyə haqlıdır.

24. Məhkəmə qeyd edir ki, iddia tələbinin hüquqi əsası mülki hüquq pozuntusu nəticəsində dəymiş maddi ziyandır. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Göstərilən şərtlərin hər birinin (tam) mövcud olması mülki hüquq pozuntusu üçün məsuliyyətin yaranmasına səbəb olur.

25. Əməlin delikt olmasını şərtləndirən birinci addım həmin əməlin qanuna zidd olubolmamasının müəyyən edilməsindən ibarətdir. Cavabdehin əməlinin qanuna zidd olmasının müəyyən edilməsi üçün tərəflər arasında konkret şərtləri, öhdəlikləri göstərilən müqavilənin bağlanması və cavabdehin öhdəliyini pozması, yaxud cavabdehin qanuna zidd əməli ilə bağlı iddiaçı tərəfindən mötəbər sübutların məhkəməyə təqdim edilməsi ilə müəyyən edilə bilərdi.

26. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, cavabdeh iddiaçının keçmiş gəlinidir. Tərəflər uzun müddət bir yerdə yaşamış, daha sonra Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-609/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçının cavabdehə qarşı iddia tələbi təmin edilmiş, Cavabdeh və X5 6 (altı) ay möhlət verilməklə, onların mülkiyyətində olan ünvan 2 ünvanına istifadə hüquqlarına xitam verilmiş və onların həmin mənzildən çıxarılmaları qət edilmişdir. İddiaçı iddia etmişdir ki, cavabdeh mülkiyyətində olan mənzildə qətnamə icra olunanadək tək yaşamış, bu müddət ərzində cavabdeh mənzildən çıxarılmasını bildiyindən mülkiyyətində olan mənzili darmadağın etmiş, evin bütün otaqlarını pis vəziyyətə salmış, mənzili yaşamaq üçün yarasız hala gətirib çıxarmışdır və nəticədə iddiaçının mülkiyyətində olan mənzilə görə 10.000 (on min) manat maddi zərər və mənzilin içində yerləşən zəruri avadanlıqların və ya onların pul ilə dəyərinə görə 11.150 (on bir min yüz əlli) manat cəmi olaraq 21.150 (iyirmi bir min yüz əlli) manat məbləğində maddi ziyan dəymişdir.

27. Məhkəmə iddiaçı tərəfdən vurulmuş maddi ziyanın məbləği ilə əlaqədar sübutların təmin edilməsi ilə bağlı şərait yaratmış lakin, iddiaçı tərəf mənzilin əvvəlki vəziyyəti, vurulmuş ziyan, təmiri, qeyd edilən əşyalarla bağlı, onların cavabeh tərəfindən aparılması ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

28. Eyni zamanda Bakı Şəhər Xətai Rayon İcra Şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən qapını açan X6 özünə məxsus bütün əşyaları çıxardığını, yalnız mətbəx mebelinin aşağı saxlanc hissəsi,yataq otağında iki qapılı balaca şkaf, mətbəx divanı, 2 ədəd tumoçkanı, 1 ədəd 2 nəfərlik motrası çıxarmağa yeri olmadığı üçün çıxara bilməmiş, həmin əmlakları sonra çıxaracağını bildirmiş, əşyalara baxış keçirilmiş və mənzildə həqiqətən də qeyd edilən əşyalardan başqa əmlak olmadığı müəyyən olunmuş və əşyalar saxlanc məqsədi ilə X7 təhvil verildiyi qeyd edilmişdir. (§16) Həmin aktda iddiaçının yuxarıda qeyd etdiyi hallarla bağlı hər hansı qeydin aparılmadığı da məlum olmuşdur.

29. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin onun mənzilinə, əşyalarına maddi zərər vurmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, cavabdeh tərəf isə təqdim etdiyi bir sıra foto şəkil və videolarla qeyd edilən əşyaların bəzilərinin iddiaçının ailə üzvləri tərəfindən aparıldığı sübuta yetirildiyindən iddia tələbi təmin edilməməlidr.

30. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya maddi ziyanın dəyməsində cavabdehin təqsiri sübuta yetirilmədiyindən həmin dəymiş zərərin əvəzinin cavabdehdən tutulması barədə iddia tələbi təmin edilə bilməz.

Məhkəmə xərcləri:

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. İddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

33. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia rədd edilsin.

2. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.

3. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar