Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5382/2022 05.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” barədə ilk, Cavabdeh2 İddiaçınə qarşı “malın geri qaytarılaraq borcun yenidən hesablanması” barədə qarşılıqlı iddia ərizələrinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 2729 manat qalıq və 540,34 manat cərimə borcu olmaqla, cəmi 3269,34 (üç min iki yüz altmış doqquz manat otuz dörd qəpik) manat borcun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 52,69 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli XQDK05384 saylı nisyə alqı-satqı müqaviləsinə (“müqavilə”) əsasən, cavabdehə 3995 (üç min doqquz yüz doxsan beş) manat (cavabdeh tərəfindən müəyyən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində məişət məhsulu nisyə satılmışdır və məhsul cavabdehə təhvil verilmişdir. Öhdəliyin təminatı olaraq zamin Cavabdeh1 ilə xx.xx.2020-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinı baxmayaraq, o, öhdəliyi yerinə yetirməmişdir. Müqavilənin 6.1-ci və 6.1.1-ci yarımbəndlərinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında müqavilə üzrə qalıq borcu 2729 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3%-i həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Cavabdehin kreditor qarşısında müqavilə üzrə cərimə borcu 5403,42 manat təşkil edir. Hazırda cavabdehlərə qarşı güzəşt siyasəti tətbiq edildiyi üçün hesablanmış cərimə məbləğinin yalnız 10%-ni ödəməyi tələb edilir. Belə olan halda, hesablanmış cərimə məbləğinin 10%-i 540,34 manat təşkil edir. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi məhkəməyə təqdim edərək, ilkin iddia tələbinin rədd edilməsi, İddiaçındən aldığı qüsürlü malın geri götürülərək ödəməli olduğu 15 aylıq məbləğin digər 4 kondisionerə münasibətdə yenidən hesablanaraq ödəməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə ilk iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyib, ilk iddia ərizəsinə uyğun izahat verərək, 2729 manat qalıq və 540,34 manat cərimə borcu olmaqla, cəmi 3269,34 (üç min iki yüz altmış doqquz manat otuz dörd qəpik) manat borcun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 52,69 dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq İddiaçınə ödənilməsi, qarşılıqlı idda tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilk iddianı qəbul etməyib, qarşılıqlı iddanı müdafiə edib, izahatında göstərdi ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-dən 03 may 2020-ci ildə “Vestel” firmasına aid 5 ədəd kondisioner almışdır Məhsulu aldığı gün quraşdırılma zamanı kondisionerdə nasazlıq olduğunu görmüş və bu barədə ustaya bildirmişdir, usta isə ona “təzə quraşdırılıb və qazı öz yerini almalıdır” cavabını verdikdə, ustaya inanmış, lakin düzəlməmiş və həmin gündən 10-15 gün keçdikdən sonra ona İddiaçı MMC-nin müştəri xidmətlərindən zəng gəlmiş, aldığı malla bağlı etirazının olub-olmamasını soruşmuşlar. O, aldığı 5 kondisionerdən birində problem olduğunu bildirmişdir. Daha sonra yay aylarında artıq sözügedən kondisionerin otağı heç cür soyutmadığını görmüşdür. Kondisioneri alan zaman ona həmin kondisionerin 40 kv.m ərazini soyuda biləcək gücdə olduğunu bildirmişlər, lakin heç də belə olmadığını anlamış, çünki kondisioneri 16 kv.metrlik mətbəxə quraşdırılmış, lakin otaq soyumamışdır. İddiaçı MMC-nin qaynar xəttinə zəng edib problemi bildirmiş və xx.xx.2020-ci ildə usta göndərmişlər. Usta axşam saatlarında gəlmiş, aydın məsələdir ki, həmin vaxtlarda havanın temperaturu aşağı olur, bununla belə ona qazı söndürməyi və günün qarşısını alan pərdəni açmasını bildirmiş, həmin an otaq temperaturu 25 selsi dərəcədən 23,5-24 selsi dərəcəyə enmişdir ki, bu soyuma prosesi 1 saatlıq testin nəticəsində yaranmışdır. Bu məlumatlar xx.xx.2020-ci il tarixli ********* nömrəli iş aktında da göstərilmişdir. Məsələ ilə bağlı İddiaçı MMC-dən zəng edərək bildirmişlər ki, “sizin kondisionerinizi dəyişə bilərik, lakin əlavə ödəniş etməlisiniz, o isə buna etiraz etmiş və xx.xx.2020-ci ildə İddiaçı MMC-nin rəhbəri Ə.Ələsgərova ərizə ünvanlamış, orada məsələyə məhsulu aldığı İddiaçı firmasının filialına getmiş, lakin hər hansı bir irəliləyiş əldə etməmiş və baş ofisə getmək qərarına gəlmiş, 2021-ci ilin aprel ayının 15-də yenidən usta göndərilsə də, hər hansı bir dəyişiklik olmamışdır. O isə öz növbəsində işləməyən kondisionerə ödəniş etməkdən imtina etmiş və ödənişləri dayandırmışdır. Firmanın problemli şöbəsindən zəng edilərək onlara da işləməyən kondisionerə görə ödəniş etməyəcəyini bildirmişdir. İddiaçı tərəf öz iddiasında borclunun öhdəliklərini yerinə yetirməsi ilə əlaqədar Mülki Məcəllənin maddələrinə istinad etmiş, lakin cavabdehin ödənişdən imtina etməsi, bu məsələnin başlıca problemi olan kondisionerdəki qüsur məsələsinə toxunmamışdır. Hansı ki, satış zamanı cavabdehə verilən məlumatlar, yəni sözügedən kondisionerin 40 kv.metrlik ərazini soyudacağı həqiqəti əks etdirmir. Bütün bu faktları hər dəfə İddiaçı MMC ilə əlaqə yaradaraq bildirmişdir. Zənglərin keyfiyyətini ölçmək üçün danışıqlar qeydə alınır və danışıqlara nəzər saldıqda görmək olar ki, onlara öz narazılığını bildirmiş və ödəniş etməkdən heç bir zaman imtina etməmiş, boyun qaçırmamışdır. Bunlara uyğun olaraq aşağıdakı faktları məhkəmənin nəzərə çatdırır: 1) 40 kv.metrlik ərazini soyutmaq imkanına malik olan bir kondisionerin heç 16 kv.metrlik otağı soyutmaması, üstəlik şikayətlərdən sonra göndərilən ustaların qeydlərindəki otağın temperaturundan da bu bəlli olsa da, problem həll edilməmişdir; 2) Digər bir hal kimi, ona kondisionerin yenisi ilə əvəzlənməsi təklif edilmiş, lakin əlavə ödəniş etməli olduğunu bildirmişlər. Əgər qüsur cavabdehin satdığı maldadırsa, qüsurun aradan qaldırılması üçün o niyə ödəniş etməlidir, bu absurddur; 3) Bununla yanaşı, xx.xx.2020-ci il tarixli ərizəsinə hər hansı bir cavabın verilməməsi iddiaçı tərəfi problemin həlli deyil, yalnızca onun öhdəliyində olan ödənişlər maraqlandırır, öz öhdəliklərini xatırlamırlar. Ona görə də ilk iddia əsassız olduğundan rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək İddiaçındən aldığı qüsürlü malın geri götürülərək ödəməli olduğu 15 aylıq məbləğin digər 4 kondisionerə münasibətdə yenidən hesablanaraq ödəməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsinin və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının izahatlarını dinləyib məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 03 may 2020-ci il tarixli müqaviləyə 1 saylı əlavədən müəyyən olunur ki, Cavabdeh2 İddiaçı MMC-dən aldığı məişət avadanlıqlarını alıcı kimi müvəqqəti sahibliyinə götürüb onun dəyərini 3995 (14 ay x 266 manat + 1 ay 271 manat) manat ödəmək şərtilə üzərinə öhdəlik götürmüşdür. 03 may 2020-ci il tarixli təhvil-təslim aktından müəyyən edilir ki, Cavabdeh2 3995 (üç min doqquz yüz doxsan beş) manat dəyərində 5 ədəd “Vestel VTKC12W” kondisioner nisyə satılmış və məhsullar cavabdehə təhvil verilmişdir. 03 may 2020-ci il tarixli XQDK05384-Z saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, Cavabdeh1 İddiaçı MMC qarşısında zamin duraraq Cavabdeh2 oğlunun 03 may 2020-ci il tarixli XQDK05384 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. 25 iyul 2022-ci il tarixli bildirişdən müəyyən olunur ki, cavabdehlərə yaranmış 3269,34 manat borcu ödəmələri, əks təqdirdə məhkəmə qaydasında qanunvericiliyə uyğun daha ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı MMC tərəfindən verilmiş 25 iyul 2022-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixli XQDK05384 saylı nisyə satış müqaviləsi əsasında İddiaçı MMC-dən aldığı məhsula görə, qalıq borcu 2729 manat, gecikmə günlərinin sayı 660 gün, hesablanmış cərimə borcu 5403,42 manat, hesablanmış cərimə məbləğinin 10%-i 540,34 manat və qalıq borc və cərimənin 10%-i 3269,34 manat təşkil edir. 03 avqust 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən ilk iddia ərizəsi üzrə 52,69 dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Eyni Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2- 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 2729 manat məbləğində əsas borca münasibətdə cavabdehlərdən 540,34 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 100 manat cərimə tutulmalıdır. Bununla bağlı məhkəmə yüksək həddə hesablanmış dəbbə pulunun azaldılmasını tərəflərin mənafeyinə uyğun hesab edir. Məhkəmənin gəldiyi nəticəyə görə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «borcun tutulması» tələbinə dair ilk iddia tələbi qismən təmin edilməklə, Cavabdeh2 və Cavabdeh1 2729 manat qalıq və 100 manat cərimə borcu olmaqla cəmi 2829 (iki min səkkiz yüz iyirmi doqquz) manat altmış doqquz qəpik) manat pul və 52,69 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalı, qarşılıqlı iddia təmin edilməməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İlk iddia qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 2729 manat qalıq və 100 manat cərimə borcu olmaqla cəmi 2829 (iki min səkkiz yüz iyirmi doqquz) manat pul İddiaçı xeyrinə tutulsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 52,69 manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı xeyrinə tutulsun. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-5382/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5382/2022
05.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver