Məhkəmə qərarları › İş №e-2(011)-5393/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5393/2023

16.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5393/2023 16.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Aynur Abdullayeva Aydın qızı - İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” barədə iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Bank “VTB (Azərbaycan)” ASC Cavabdeh qarşı “borcun tutulması” barədə kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət edərək Bank “VTB (Azərbaycan)” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 304510-CNS-39758 saylı “borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən xx.xx.2023-cü il tarixə banka borclu olduğu 2.493.10 manat məbləğində əsas borc, 25.34 manat məbləğində faiz borcu, 70.90 manat məbləğində cərimə, ümumilikdə isə 2.589.34 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 45.89 manat rüsumun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17 oktyabr 2022-ci il tarixli 304510-CNS-39758 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”yə əsasən Cavabdeh borcu kapitallaşdıraraq 2.493.10 manat məbləğində borcu illik 3 faiz hesablanması şərti ilə 59 ay müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2023-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka 2.493.10 manat məbləğində əsas borc, 25.34 manat məbləğində faiz borcu, 70.90 manat məbləğində cərimə, ümumilikdə isə 2589.34 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. Cavabdeh lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və iddiaçı "xxxx" ASC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir, lakin cavabdeh iddiaya dair etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddia ərizəsini, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “borcun restrukturizasiyasına dair” xx.xx.2022-ci il tarixli, 304510-CNS-39758 saylı müqavilənin 2.1-ci maddəsinə əsasən “Kredit alan”ın “Bank”a 17 oktyabr 2022-ci il tarixə mövcud olan borcu kapitallaşdırılaraq əmələ gələn borcun məbləği 2.619.50 ( iki min altı yüz on doqquz manat əlli qəpik) manat məbləğində kredit məbləği təşkil edir. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən kredit illik 3% faiz dərəcəsi ilə müəyyən edilmişdir. Həmin müqavilənin 2.3-cü maddəsinə əsasən kredit 59 ay müddətinə verilmişdir. Həmin müqavilənin 2.4-cü maddəsinə əsasən kreditin təyinatı 16.09.202-ci il tarixli, 304510-1-1-35798 kredit müqaviləsi üzrə borcun ödənilməsidir. Həmin müqavilənin 6.1.3-cü maddəsinə görə ödəniş cədvəli ilə müəyyən edilən müddətlər müştəri tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bank bu müqavilə üzrə pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər və ya birtərəfli qaydada müqaviləni vaxtından əvvəl ləğv edilə bilər. İş materiallarında olan 304510-CNS-39758 saylı kredit müqaviləsinə 1 saylı əlavədə göstərilmiş ödəniş cədvəli Cavabdeh tərəfindən imzalanmışdır. Həmin cədvələ əsasən xx.xx.2022-xx.xx.2027-ci il tarixlərində cəmi 2.820,76 manat məbləğində kredit ödənişinin (2.619,50 manat əsas məbləğ, 201,26 manat faiz ödənişi olmaqla) ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “kredit borcunun restrukturizasiyası üçün ərizə-anket”dən görünür ki, Cavabdeh 59 ay müddətində, illik 3% ödəmək şərti ilə 2.619,50 manat məbləğində kreditin verilməsinə dair müraciət etmişdir. İşin materiallarında olan arayışın surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixinə qeyd edilən müqavilə üzrə 2.493,10 manat məbləğində əsas, 25,34 manat faiz, 70,90 cərimə, cəmi 2.589,34 manat məbləğində kredit borcu vardır. İşin materiallarında olan Bank “VTB (Azərbaycan)” ASC tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh göndərilmiş pretenziyanın surətindən görünür ki, Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq göndərilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən xx.xx.2022-ci il tarixli müqaviləyə görə cərimə pulunun 70,90 manat məbləğində deyil, 35,45 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə həmçinin iddianın 45,89 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 45,89 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbləri təmin edilsin. xx.xx.2022-ci il tarixli, 304510-CNS-39758 saylı “borcun restrukturizasiyasına dair müqavilə”yə əsasən 2.493,10 (iki min dörd yüz doxsan üç manat on qəpik) manat əsas borc, 25,34 (iyirmi beş manat otuz dörd qəpik) manat faiz borcu, 35,45 (otuz beş manat qırx beş qəpik) cərimə borcu olmaqla, cəmi 2.553,89 (iki min beş yüz əlli üç manat səksən doqquz qəpik) manat məbləğində borc məbləği və 45,89 (qırx beş manat səksən doqquz qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı Bank “VTB (Azərbaycan)” ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar