Məhkəmə qərarları › İş №e-2(011)-5425/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5425/2025

18.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5425/2025 18.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Məmmədova Aygün Tərlan qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh İB-nə qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29905 manat dəyərində maddi zərərin, 181 manat dövlət rüsumunun Cavabdeh İB-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar ər-arvad olmaqla Şəmkir rayonu Çaparlı kəndində yaşayır. Cavabdeh əməkdaşlarının səhlənkarlığı və laqeyidliyi nəticəsində evləri yüksək qaz təzyiqi nəticəsində yanaraq, dağılmış və əşyaları ilə birlikdə yararsız vəziyyətə düşmüşdür. Belə ki, 07 aprel 2024-cü il tarixdə saat 09 radələrində yaşadıqları Şəmkir rayonu Çaparlı kəndində yerləşən fərdi yaşayış evində partlayış olmuşdur. Hadisəyə səbəb partlayış hadisəsi baş vermiş fərdi yaşayış evinin yerləşdiyi küçədən keçən yeraltı qaz xəttindən sızan qazın evə dolması olmuşdur. Həmin qaz xətti Şəmkir rayonu Çaparlı kəndində yerləşən fərdi yaşayış evlərini təmin edən 76 mm-lik polad qaz borusudur və təxminən 2010-2011-ci illərdə çəkilərək, istimara verilmişdir. Həmin qaz borusundan 2024-cü ilin fevral ayının sonlarından sızma halı baş vermiş, hətta aidiyyəti qurumlar 2024-cü ilin fevral ayının sonlarından gələrək, xüsusi ciahzlarla qaz sızmalarını müəyyən etmişlər. Onlar evə təxminən 9-10 metr məsafədə qaz sızması müəyyən edərək, qırmızı boya ilə işarələyib getmişlər. Bundan sonra isə həmin qaz sızması olan borunu təmir etmək üçün heç bir addım, atmadan partlayış olmasını gözləmişlər. Dəfələrlə müraciət etsələr də, material olmadığını bildirmişlər. Nədənsə partlayış olub ağır yanıq xəsarətləri aldıqdan, əmlaklarına və evlərinə külli miqdarda ziyan dəydikdən sonra material tapılmışdır. Fərdi yaşayış evi 2 mərtəbəli olmaqla 6 yaşayış otağından ibarətdir. Evdə qaz sızması nəticəsində partlayış baş verməsində Şəmkir Regional qaz istismarı idarəsinin rəisi X1 barəsində cinayət işi başlanaraq, o, CM-nin 314.2-ci maddəsi ilə təqsirləndirilərək, məhkəməyə verilmişdir. Şəmkir Rayon Məhkəməsinin 16.0.2025-ci il tarixli, 1(076)-52/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək, 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və İddiaçı1 fərdi yaşayış evinə dəymiş maddi ziyana görə verdiyi mülki iddiam təmin edilərək, 58721 manat maddi ziyanın Cavabdeh İB-dən alınıb ona ödənilməsi hökm edilmişdir. Lakin, fərdi yaşayış evi ilə yanaşı həmin evdə yerləşən bizə məxsus əmlaklara-əşyalara da maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı cinayət işi üzrə araşdırma aparılarkən əşyaların da qiymətləndirilməsi barədə əmtəəşünaslıq ekspertizası təyin edilmiş olsa da, 68 adda ev əşyaları barəsində qiymətləndirilmə aparılmamışdır. Həmin əşyalar qiymətləndirilmədiyindən hazırda ev əşyalarına dəymiş maddi ziyana görə məcbur olub məhkəmədə ayrıca Cavabdeh İB-nə qarşı iddia qaldırmalı olmuşlar. Cavabdeh İB-nin əməkdaşlarının səhlənkarlığı nəticəsində qaz sızması baş verib və partlayış nəticəsində dağılmış elərində qırılaraq, dağılaraq yararsız hala düşmüş əşyalar- aşağıdakılardır: 1 ədəd sarı-qızılı rəngli çil-çıraq-280 manat 1 ədəd xrustal çil-çıraq-290 manat 1 ədəd sarı rəngli şüşəli çil-çıraq-80 manat 3 ədəd Türkiyə istehsalı krem rənli yataq otağı üçün gəvə- 700 manat 2 ədəd gecə lampası-120 manat 2 ədəd Çexiya istehsalı qənd qabı-480 manat 2 ədəd Çexiya istehsalı ləpə qabı- 480 manat 1 ədəd Çexiya istehsalı meyvə qabı-640 manat 1 ədəd Çexiya istehsalı güldan-660 manat 1 ədəd Çexiya istehsalı salfet qabı-90 manat 24 ədəd Çexiya istehsalı rumka-840 manat 12 ədəd Çexiya istehsalı rumka-520 manat 1 dəst Çexiya istehsalı konyak üçün qab və rumkaları-440 manat 1 dəst Çexiya istehsalı visqi üçün qab və rumkaları-420 manat 1 dəst Çexiya istehsalı boşqab dəsti-24 ədəd-620 manat 1 ədəd Galaksi firmasından ütü-260 manat 1 ədəd ütü stolu-140 manat 1 dəst Türkiyə istehsalı yataq otağı üçün kerem və qəhvəyi rəngli pərdə -700 manat 1 dəst Türkiyə istehsalı zal üçün ağlı-bozlu rəngli tül pərdə-2400 manat 1 dəst Türkiyə istehsalı jalüz-600 manat 1 ədəd Tablo-220 manat 1 dəst Türkiyə istehsalı farfor boşqab dəsti-12 ədəd-420 manat 1 ədəd Galaksi firmasından elektrik sacı-170 manat 1 dəst xrustal stəkan-12 ədəd-280 manat 1 ədəd Şamdan-540 manat 1 ədəd İtaliya istehsalı tort qabı (Hesam)-340 manat 1 ədəd Türkiyə istehsalı çərəz qabı-240 manat 1 ədəd Türkiyə istehsalı skatert-220 manat 3 ədəd Türkiyə istehsalı zal üçün gəvə-640 manat 1 ədəd Türkiyə istehsalı krem rəngli pokrıval -320 manat 1 ədəd Türkiyə istehsalı ağ ürəkli odeyal-360 manat 1 ədəd iki nəfərlik döşək-340 manat 2 ədəd tək nəfərlik döşək-320 manat 2 ədəd tək nəfərlik yorğan- 120 manat 1 ədəd iki nəfəlik yorğan-240 manat 2 ədəd tək nəfərlik qəhvəyi rəngli çarpayı- 300 manat 1 ədəd Türkiyə istehsalı elektrik çaydanı -180 manat 1 ədəd Türkiyə istehsalı podnos-60 manat 1 ədəd Rusiya istehsalı Dnepr markalı soyuducu-350 manat 1 ədəd əl toxuması rəngli gəvə-700 manat 1 dəst ağlı-mavili tül pərdə-300 manat 1 ədəd uşaq maşını-650 manat 1 ədəd uşaq üçün odeyal-35 manat 1 ədəd uşaq üçün bələk-80 manat 1 ədəd yolka-100 manat 1 dəst Azərbaycan istehsalı stol və stul-12 ədəd-600 manat 1 ədəd uşaq çarpayısı-450 manat təşkil edir. Cəmi: 19.335 manat Aşağıda adları qeyd olunan geyim əşyalarının hazırki bazar dəyəri 1 cüt qızıl sırğa-170 manat 1 ədəd Rusiya istehsalı qızıl üzük-360 manat 10 ədəd don-800 manat 1 ədəd palto-500 manat 2 ədəd klaç-100 manat 1 dəst kostyum-140 manat 7 ədəd şalvar-250 manat 3 ədəd jilet-160 manat 5 ədəd qadın idman geyimi-380 manat 10 ədəd kişi koftası-250 manat 3 ədəd Rusiya istehsalı kurtka-300 manat 30 dəst uşaq paltarı-500 manat 2 ədəd kurtka-90 manat 2 dəst pejama-40 manat 2 ədəd uşaq çantası-30 manat 2 dəst qadın üçün kostyum-100 manat təşkil edir. Cəmi: 4170 manat 1 dəst krem rəngli yataq otağı mebeli (1 ədəd iki nəfərlik çarpayı, 1 ədəd dolab, 2 ədəd tumbuçka, 1 ədəd güzgülü komod)-2000 manat 1 ədəd matras-200 manat 1 dəst krem rəngli qonaq dəsti mebeli (1 ədəd televizor altı, 1 ədəd güzgülü komod, 2 ədəd qab üçün dolab, 1 ədəd yazı stolu, 1 ədəd 8 nəfərlik stol)- 4200 manat Cəmi dəyəri : 6200 manat. Onlar dəfələrlə Cavabdeh İB-dən bizə dəymiş maddi ziyanın tam ödənilməsini tələb etsə də, cavabdeh orqan maddi ziyanı ödəməkdən imtina etmişdir. Daha sonra iddiaçıların vəkili-nümayəndəsi ərizə verərək və iddia tələbinin həcmini azaldaraq bildirmişdir ki, iddia ərizəsində qeyd etdikləri 260 manat dəyərində 1 ədəd Galaxy firmasından ütü, 1 ədəd 140 manat dəyərində ütü və 1 ədəd Galaxy firmasından 170 manat dəyərində elektrik sacından ibarət əşyalar onların ev əşyaları deyil əlavə olaraq satmaq üçün evdə olan əşyalar olmuşdur. Həmin əşyaların dəyəri isə Şəmkir Rayon Məhkəməsində cinayət işinə baxılarkən müəyyən edilmiş və Şəmkir Rayon Məhkəməsinin 16.0.2025-ci il tarixli, 1(076)-52/2025 saylı hökmü əsasında həmin əşyalara görə dəymiş ziyan ödənilmişdir. Hazırda Cavabdeh tərəfindən ev əşyalarına görə onlara dəymiş ziyanın məbləği 18765 manat, geyim əşyalarına görə dəymiş ziyanın məbləği 4170 manat və mebel əşyalarının dəyəri 6200 manat təşkil edir. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq, Cavabdehndən 29135 manat maddi zərərin və 181 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ekspertiza rəyi məhkəməyə daxil olduqdan sonra isə iddiaçıların vəkilinümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, ekspertiza rəyindən sonra iddia ərizəsində qeyd edilən əşyaların dəyərinin onlara daha dəqiq məlum olduğunu qeyd etmiş, iddia ərizəsində qeyd edilmiş əşyaların dəyərinin ekspert rəyinə uyğun qəbul edilməsini və həmin əşyaların ümumi dəyəri olan 22955 manat pulun cavabdehdən iddiaçıların xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçıların vəkili-nümayəndəsi ərizə yazaraq baxış iclasının iştirakları olmadan keçirilməsini və iddanın təmin edilməsini xahiş etmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Şəmkir Rayon Məhkəməsinin 2(076)-52/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Şəmkir rayonu, Çaparlı kəndində yerləşən fərdi yaşayış evində qaz sızması nəticəsində baş vermiş partlayışa görə Cavabdeh İB-nin işçisi X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Mülki İddiaçı1 tərəfindən verilmiş mülki iddia təmin olunmuşdur. Cinayət nəticəsində vurulmuş maddi zərərə görə Cavabdeh İB-dən 58721 manat pulun tutularaq İddiaçı1 ödənilməsi hökm edilmişdir. Maddi zərərin 57600 manat məbləği evin təmir-tikintisi üçün, 1121 manatı isə məhv olmuş 9 adda əşyalar üçün müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, 9 adda məhv olmuş əşyaların (ütü Galaxy, ütü stolu, sac Galaxy, tozsoran Hausberg (2 ədəd), nəlbəki (24 ədəd), stəkan (30 ədəd), reksona (21 ədəd), çay dəsmalı (80 ədəd), blender galaxy (5 ədəd)) dəyəri 1121 manat təşkil edir. xx.xx.2021-ci il tarixli qaimə fakturadan görünür ki, İddiaçı1 tərəfindən yataq dəsti, matras və qonaq dəstinin alınması üçün 6400 manat ödəniş edilmişdir. Fotoşəkillərdə iddia ərizəsində qeyd edilən əşyaların şəkli əks olunmuşdur. "xxxx" MMC-nin 10-027/25 saylı xx.xx.2025-ci tarixli ekspert rəyindən görünür ki, iddia ərizəsində qeyd olunan əşyaların xx.xx.2025-ci il tarixinə olan ümumi dəyəri 22955 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İB-nin işçisinin təqsirli hərəkəti nəticəsində Şəmkir rayonu, Çaparlı kəndində yerləşən iki mərtəbəli fərdi yaşayış evində qaz sızması nəticəsində partlayış baş vermiş, nəticədə iddiaçılara (ərarvad) məxsus fərdi yaşayış evi və içərisindəki əşyalara maddi ziyan dəymişdir. Şəmkir Rayon Məhkəməsinin hökmü ilə yaşayış evinə və evin içərisində olan 9 adda əşyaya dəymiş ziyanın Cavabdeh İB-dən tutularaq zərərçəkmiş İddiaçı1 ödənilməsi qərara alınmışdır. Lakin evin içərisində olan digər əşyaların qiymətləndirilməsi aparılmamış və həmin əşyalara görə dəymiş ziyan ödənilməmişdir. Hazırda iddiaçılar Şəmkir Rayon Məhkəməsinin hökmündə qeyd edilməyən əşyaların zədələnməsinə görə maddi ziyanın Cavabdeh İB-dən tutularaq onlara ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, iş materialları ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus əşyalara Cavabdeh İB-nin işçisinin təqsirli hərəkəti nəticəsində ziyan dəydiyi sübut olunduğundan, yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərinə əsasan iddiaçılar həmin ziyanın əvəzinin cavabdehdən tələb edilməsində haqlı olmuşdur. İddia ərizəsində qeyd edilən əşyalara dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, əşyalara dəymiş ziyanın ümumi məbləği 22955 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd edilən yataq dəsti, matras və qonaq dəsti istisna olmaqla digər əşyaların dəyəri ekspertiza rəyinə uyğun, yataq dəsti, matras və qonaq dəstinin dəyəri isə 6400 manat kimi qəbul edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli qaimə fakturadan görünür ki, İddiaçı1 tərəfindən yataq dəsti, matras və qonaq dəstinin alınması üçün 6400 manat ödəniş edilmişdir. Ona görə də həmin əşyaların dəyəri qaimə fakturaya əsasən müəyyən edilməlidir. Belə olan halda müəyyən edilir ki, iddiaçılara iddia ərizəsində qeyd edilən əşyalara dəymiş ziyana görə ümumilikdə, 6400 (yataq dəsti, matras, qonaq dəstinin dəyəri) + 16225 (digər əşyaların ekspertiza rəyi ilə müəyyən edilən dəyəri) = 22625 manat məbləğində ziyan dəymişdir. Odur ki, 22625 manat Cavabdeh İB-dən tutularaq mütərək qaydada iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməlidir. Məhkəmə xərclərinə münasibətdə qeyd edilir ki, iddianın təmin edilən məbləğinə uyğun olaraq dövlət rüsumun əvəzi 157,88 manat Cavabdeh İB-dən tutularaq İddiaçı1 ödənilməli, o cümlədən 300 manat ekspertiza xərci Cavabdeh İB-dən tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 22625 manat Cavabdeh İB-dən tutularaq mütərək qaydada iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. 157,88 manat dövlət rüsumunun əvəzi Cavabdeh İB-dən tutularaq İddiaçı1 ödənilsin. 300 manat ekspertiza xərci Cavabdeh İB-dən tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar