Məhkəmə qərarları › İş №e-2(011)-5427/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5427/2022

06.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5427/2022 06.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə İmei kodu **********90780 olan “Samsung Galaxy Z Fold2” markalı telefon üçün 4326 manat ödənilməmiş hissə, 1330 manat dəbbə olmaqla, cəmi 5656 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə “LG” kinoteatr və “Samsung LED” televizor üçün 2393 manat ödənilməmiş hissə, 719 manat dəbbə olmaqla, cəmi 3112 manat, ümumilikdə 8768 manat borcun və 107,68 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə bağladığı xx.xx.2020ci il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, İmei kodu **********90780 olan “Samsung Galaxy Z Fold2” markalı telefon, “LG” kinoteatr, “Samsung LED” televizor almış və nəticədə 8768 manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3477.4 manat təşkil edir. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı alqı-satqı qiyməti 6258 manat (18 ay x 341 manat + 120 manat ilkin ödəniş), İmei kodu **********90780 olan “Samsung Galaxy Z Fold2” markalı telefonu cavabdehə satmışdır. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı alqı-satqı qiyməti 3938.80 manat (18 ay x 218.8 manat + 0 manat ilkin ödəniş) olan “LG” kinoteatr və “Samsung LED” televizoru cavabdehə satmışdır. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə borcu xx.xx.2020-ci il tarixli müqavilə üzrə İmei kodu **********90780 olan “Samsung Galaxy Z Fold2” markalı telefon üçün 4326 manat ödənilməmiş hissə, 1330 manat dəbbə olmaqla, cəmi 5656 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə “LG” kinoteatr və “Samsung LED” televizor üçün 2393 manat ödənilməmiş hissə, 719 manat dəbbə olmaqla, cəmi 3112 manat, ümumilikdə 8768 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə məhkəmə tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilələri bağlanmış hesab edir o səbəbdən ki, alqı-satqı müqaviləsinin əsas mühüm şərti alqı-satqının predmeti olan mallar haqqında razılaşmanın olması ilə yanaşı digər mühüm şərtləri 1) malların qiyməti, 2) ödənişlərin qaydası, 3) müddətləri və 4) məbləğləri müqavilədə nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, satıcı-İddiaçı MMC xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqavilələrində nəzərdə tutulmuş müddətlərdə ödəmək vəzifəsini icra etməyən Cavabdeh verilmiş əşyaların ödənilməsini tələb etdiyindən, iddia təmin olunaraq həmin malların ödənilməmiş dəyəri cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə dəbbə pulunun alınması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, dəbbə pulu xx.xx.2020-ci il tarixli nisyə alqısatqı müqaviləsi üzrə 130 manat və xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 73 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 79 faiz həcmində təmin edildiyinə görə iddianın qaldırılması üçün ödənilmiş 107,68 manat məbləğində dövlət rüsümunun 85 manat hissəsi cavabdehə aid edilməklə ondan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə İmei kodu **********90780 olan “Samsung Galaxy Z Fold2” markalı telefon üçün 4326 manat ödənilməmiş hissə, 130 manat dəbbə olmaqla, cəmi 4456 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə “LG” kinoteatr və “Samsung LED” televizor üçün 2393 manat ödənilməmiş hissə, 73 manat dəbbə olmaqla, cəmi 2466 manat, ümumilikdə 6922 (altı min doqquz yüz iyirmi iki) manat borc və ödənilmiş dövlət rüsumunun 85 (səksən beş) manat hissəsi alınıb İddiaçı MMC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar