Məhkəmə qərarları › İş №e-2(011)-5442/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5442/2024

04.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5442/2024 04.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 29.155 manat məbləğində vurduğu maddi ziyan olmaqla, 5.000 manat məbləğində vurulmuş mənəvi zərərin və ödənilmiş 196 manat dövlət rüsümunun, həmçinin pul vəsaitini qanunsuz saxladığından və qaytarmaqdan boyun qaçırdığından ekspertiza təyin olunaraq bank uçot dərəcəsi ilə faizlərin müəyyən olunaraq tutulması və İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 83/2021 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum olunmaqla 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və zərərçəkmiş şəxs İddiaçı və digərləri ilə bağlı epizodlar üzrə təqsirli bilinmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-83/2021 saylı hökmündən göründüyü kimi, “Cavabdeh təkrarən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli və külli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı İddiaçı etibarından sui-istifadə edib Şamaxı rayonu, Kirovka kəndində şərikli istirahət mərkəzi tikib daha baha qiymətə satmaqla gəlir əldə edib yarı böləcəkləri barədə yalan vəd verib aldadaraq 2006-cı ilin yanvar ayından həmin ilin sentyabr ayına kimi olan dövrün məzənnəsi ilə 29.155 manat 53 qəpik təşkil edən 31.746 ABŞ dolları pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib vədinə əməl etməyərək zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 29.155 manat 53 qəpik xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir”. Eyni zamanda Məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası CM-cin 178.3.2 maddəsi ilə özünü təqsirli bilməməsi, heç kimin pulunu ələ keçirməməsi, zərərçəkmiş şəxslərin ona qarşı yalan vədlər vermələri barədə verdiyi ifadələrə tənqidi yanaşaraq hesab etmişdir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə Cavabdeh ifadələrini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirmiş və törətdiyi əmələ görə təqsirli bilmişdir. Beləliklə də, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-83/2021 saylı hökmündə iş üzrə zərərçəkmiş şəxs İddiaçı mülki iddianın mülki-prosessual qaydada verilməsi hüququnun olduğunu qeyd etmişdir. Lakin ötən müddət ərzində təqsirləndirilən şəxs Cavabdeh iddiaçıya dövrün məzənnəsi il 29.155 manat 53 qəpik təşkil edən 31.746 ABŞ dollar məbləğində vurduğu maddi ziyanı bu günə qədər ödəməmişdir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29.155 manat məbləğində vurduğu maddi ziyan olmaqla, bank uçot faiz dərəcəsi kimi hesablanmış 36.662 manat məbləğində pulun, 5.000 manat məbləğində vurulmuş mənəvi zərərin və ödənilmiş 196 manat dövlət rüsumunun, cəmi 71.013 manat məbləğində pulun tutulması və İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə araşdırması zamanı iddiaçının vəkili iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Cavabdeh vəsatəti əsasında məhkəmə iclasında iştirakı təmin edilmişdir. Məhkəmə araşdırmasında izahat verən cavabdeh ərizə təqdim edərək bildirmişdir ki, iddia əsassızdır. Həmçinin, hazırkı iddianın irəli sürülməsi üçün iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İş materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-83/2021 saylı 18 iyun 2021-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum olunmaqla 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və zərərçəkmiş şəxs İddiaçı və digərləri ilə bağlı epizodlar üzrə təqsirli bilinmişdir. Lakin cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən barəsində cəza təyin edilməmişdir. Hökmdən görünür ki, İddiaçı cinayət işinin gedişində mülki iddiası olmamışdır. Cavabdeh iddiaya etiraz mövqeyində olmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”: 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh 29.155 manat məbləğində vurduğu maddi ziyanın cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarında mövcud olan hökmlə cavabdehin iddiaçıya münasibətdə dələduzluq əməlini törətməsi müəyyən edilmiş və cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən Cavabdeh barəsində cəza təyin edilməmişdir. Odur ki, hazırkı işin araşdırılması zamanı pulun ididaçı tərəfindən cavabdehə verilib-verilməməsi araşdırılmadan Mülki-Prosessual Məcəllənin 82-ci maddəsinə istinad edilməklə hadisənin olub-olmaması ilə bağlı preyudisiya əsas götürülmüşdür. Hazırkı işin araşdırılması zamanı cavabdeh iddia tələbini ümumilikdə qəbul etməmiş və eyni zamanda iddia müddətinin ötürülməsinə istinad etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının cavabdehə pul vəsaitini verməsi 2006-cı ilin yanvar-sentyabr aylarına təsadüf etdiyi müəyyən edilmişdir. İş materiallarından görünür ki, iddiaçı 2006-cı ildə Baş Mütəşəkkül Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə müraciət etmiş və cavabdeh barəsində qanuni tədbirlərin görülməsini xahiş etmişdir. 2021-ci ildə isə yuxarıda istinad olunan hökm qəbul edilmişdir. Cinayət işinin gedişatında iddiaçı mülki iddia ilə məhkəməyə müraciət etməmişdir. İddiaçı hazırkı iddia tələbi ilə yalnız 2024-cü ilin may ayında məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin ərizəsinə münasibətdə qeyd edir ki, ərizə əsaslı olduğundan hazırkı mübahisəyə tətbiq edilməlidir. Belə ki, iddiaçı cavabdehin qanunazidd hərəkətləri nəticəsində ona ziyan dəydiyinə istinad etməklə hazırkı iddiamı qaldırmışdır. Qanunvericilikdə müəyyən edilmiş müddətlərə əsasən hazırkı kateqoriyadan olan iddiaların müddəti 10 il kimi qeyd edilmişdir. Tərəflər arasında pulun alınıb-verilməsi məsələsi 2006-cı ildə baş versə də iddiaçı yalnız 2024-cü ildə məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. Məhkəmə iddia tələbinin bank uçot faiz dərəcəsi kimi hesablanmış 36.662 manat məbləğində pulun və 5.000 manat məbləğində vurulmuş mənəvi zərərin cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia bu hissədə əsas iddiadan törəmə olduğundan, əsas iddia da rədd edildiyindən, hazırkı törəmə hissədə də iddia təmin edilə bilməz. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İddiaçının hazırkı iddiasının ümumi məbləği 70.817 manat olmaqla ödənilməli olan dövlət rüsumu 302.45 manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı 195.60 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 195.60 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, dövlət rüsumunun kəsr hissəsini təşkil edən 106.85 manat iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı - Cavabdeh 29.155 manat məbləğində vurduğu maddi ziyan olmaqla, bank uçot faiz dərəcəsi kimi hesablanmış 36.662 manat məbləğində pulun, 5.000 manat məbləğində vurulmuş mənəvi zərərin və ödənilmiş 196 manat dövlət rüsümunun, cəmi 71.013 manat məbləğində pulun tutulması və İddiaçı ödənilməsi barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 195.60 (bir yüz doxsan beş manat altmış qəpik) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Dövlət rüsumunun kəsr hissəsini təşkil edən 106.85 (bir yüz altı manat səksən beş qəpik) manat İddiaçı alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar