Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5443/2024 26.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 qızının vərəsələri Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 1.165,49 manat əsas borc, vəfat etdiyi tarixə 15.45 manat faiz borcu olmaqla, cəmi 1.180,94 manat və ödənilmiş 31.81 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X2 qızı arasında 29 iyun 2018-ci il tarixli BPM**********11 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X2 qızına illik 29%-lə, 60 ay müddətinə 2.100 manat nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 210480 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X2 qızı 16 avqust 2021-ci il tarixdə vəfat etmişdir. Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsi tərəfindən vərəsəlik işi açılmış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın Nizami filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, X2 qızının 26 aprel 2024-cü ilədək Banka ödənilməmiş nağd kredit üzrə 1.165,49 manat əsas borc, vəfat etdiyi tarixə 15.45 manat faiz borcu olmaqla, cəmi 1.180,94 manat borcu qalmışdır. Cavabdehlər mərhum X2 qızından qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə 11 mart 2024-cü il tarixində 6-2-22/2-8561/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və ərizənin məzmununa uyğun izahat vermişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh1 iddia tələbini qismən qəbul edərək həmin kredit məbləğinin mərhum anasının pensiya kartından çıxıldığını bildirmişdir. Digər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı "xxxx" ASC ilə cavabdehlərin mərhum anası X2 qızı arasında bağlanmış 29 iyun 2018-ci il tarixli BPM**********11 nömrəli Kredit müqaviləsinə əsasən X2 qızına illik 29% dərəcəsi ilə, 60 ay müddətinə 2.100 manat nağd kredit verilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, 26 aprel 2024-cü il tarixinə borcalan X2 qızının 29 iyun 2018-ci il tarixli BPM**********11 nömrəli Kredit müqaviləsi üzrə banka olan əsas borcu 1.165,49 manat, faiz borcu 15.45 manat təşkil edir. İş materiallarından görünür ki, cavabdehlərin mərhum anası X2 qızı 16 avqust 2021ci il tarixində vəfat etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X2 qızından qalmış miras əmlakı qəbul etmiş və onlara 11 aprel 2023-cü il tarixdə 57 reyestr nömrəli, 19 iyul 2024-cü il tarixdə 102 və 103 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya borcu yaranmışdır. Bank yaranmış borcla əlaqədar cavabdehlərə xəbərdarlıq göndərmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 iyun 2018-ci il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8-ci maddəsinə görə, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, X2 qızı kredit müqaviləsi üzrə öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşımışdır. Lakin sonuncu vəfat etdiyindən hazırkı iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun qanun üzrə vərəsələri olaraq vərəsəlik şəhadətnaməsi verilmişdir. Qanunvericiliyin tələbinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə qeyd edir ki, nə qədər ki, hazırkı mülki iş üzrə cavabdehlər qanun üzrə vərəsə olaraq tanınmışdırlar, bununla onlar X2 qızının miras qoyduğu öhdəlikləri də qəbul etmiş sayılırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdurlar. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 29 iyun 2018-ci il tarixli BPM**********11 nömrəli Kredit müqaviləsinə əsasən, 1.165,49 manat əsas və 15.45 manat faiz borcu olmaqla, ümumilikdə 1.180,94 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin iddianın 31.81 manat məbləğində dövlət rüsumunun və 0.40 manat xidmət haqqının cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehlərin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 29 iyun 2018-ci il tarixli BPM**********11 nömrəli Kredit müqaviləsinə əsasən, 1.165,49 manat əsas və 15.45 manat faiz borcu olmaqla, ümumilikdə 1.180,94 (bir min yüz səkkiz manat doxsan dörd qəpik) manat pul vəsaiti, dövlət rüsumuna görə ödənilmiş 31.81 (otuz bir manat səksən bir qəpik) manat və 0.40 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-5443/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5443/2024
26.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver