Məhkəmə qərarları › İş №e-2(011)-5444/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(011)-5444/2024

25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5444/2024 25.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh qarşı cavabdehdən 12200 manat məbləğində borc, 300 manat vəkil xərci və 126.6 manat məbləğində dövlət rüsumunun iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçı (bundan sonra “iddiaçı”) şifahi borc müqaviləsi əsasında yaxın tanışı və qrup yoldaşı olan Cavabdeh (bundan sonra “cavabdeh”) 2021-ci ilin yay aylarında 6.000 dollar (10.200 AZN) və bir neçə müddət sonra da əlavə olaraq 2000 manat borc vermişdir. Belə ki, cavabdeh iddiaçıya müraciət edərək ondan maddi vəziyyətinin çox ağır olması səbəbindən göstərilən miqdarda borc istəmişdir. 2024-cü ilə qədər cavabdeh borcunu ödəyəcəyinə dair iddiaçıya vədlər versə də, son vaxtlar artıq iddiaçının zənglərinə cavab vermir və müraciətlərinə məhəl qoymur. Odur ki, iddiaçı hüquqlarını məhkəmə vasitəsilə müdafiə etmək məcburiyyətində qalmışdır. İddia tələbinə dair sübutlar: tərəflər arasında vatsap yazışmaları və cavabdehin etirafları Cavabdehin etirazının dəlilləri Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilsə də, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasın cavabdehin iştirakı olmadan keçirilmsəini mümkün hesab etmişdir. İşin halları İddiaçı tərəfindən Cavabdeh 6000 ABŞ dolları vəbir müddət sonra isə 2000 manat məbləğində borc pul verilmişdir. İddiaçı hüquqi xidmətə görə “İsmayılbəyli və Partnyorları” Vəkil Bürosuna 300 manat xidmət haqqı ödəmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740. Borc müqaviləsinin forması. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 241. Qiyabi icraat qaydası 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə ilkin olaraq tərəflər arasında bağlanmış müqavilənin etibarlılığı ilə bağlı məsələyə qiymət verməyi zəruri hesab edir. Əqdlərin etibarlı olması üçün qanunda nəzərədə tutulmuş 4 şərtin mövcudluğu vacibdir. Əqdin subyektiv tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqdə iradə və iradənin ifadə edilməsinə adi edilən şərt, əqdin formasina aid edilən şərt. Bu şərtlərin hər biri olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd etdikləri və istədikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Göründüyü kimi, tərəflər arasında bağlanmış borc müqaviləsi yazılı qaydada bağlanılmalı olduğu halda, tərəflər borc müqaviləsinin formasına dair qanunvericiliklə müəyyən edilmiş bu şərtə əməl etməmişdirlər. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında şifahi qaydada bağlanılmış borc müqaviləsi etibarsız hesab edilməli, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 337.5-ci maddəsinə əsasən, iddia tələbinə müvafiq olaraq iddiaçıdan aldığı 12200 (6000 ABŞ dolları x 1,70 azn = 10200 azn; 10200 azn + 2000 = 12200 azn) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı geri ödənilməlidir. Məhkəmə iddianın 126.6 manat məbləğində dövlət rüsumunun və 300 manat vəkilə ödənilmiş xidmət haqqının cavabdehdən tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar iddia tələbinin təmin olunan hissəsinə müvafiq olaraq 126.6 manat məbləğində dövlət rüsumu və 300 manat hüquqi xidmət haqqı ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, borc cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının hüquqi xidmətə görə ödənilmiş haqqında və dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 12200 (on iki min iki yüz) manat məbləğində pul vəsaiti, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126.6 (yüz iyirmi altı manat, altmış qəpik) manat məbləğində dövlət rüsumu və vəkilə ödənilmiş xidmət haqqının əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verilə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar