Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5457/2022 31.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8062/2017 saylı, 23 avqust 2017-ci il tarixli qətnaməsi ilə 15 yanvar 2013-cü il təvəllüdlıü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh, Gürcüstan Respublikasının vətəndaşı Cavabdeh onun xeyrinə hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda cavabdehdən məhkəmə qətnaməsi ilə sabit pul məbləği uşaqların saxlanılmasına kifayət etmir. Cavabdehlə aralarında alimentin alınması barədə razılıq əldə edilməmiş və müvafiq saziş bağlanmamışdır. Dəfələrlə cavabdehə göstərilən məbləğin az olmasını, uşaqlarının saxlanılmasına kifayət etmədiyini bildirsə də, ona əlavə heç bir köməklik göstərmək istəmir. Uşağın müalicəsi, təlim-tərbiyəsi, təhsili, sağlam böyüməsi və inkişafı ilə o, təkbaşına məşğul olur. Hər il olduğu kimi bu ildə “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən uşaqların saxlanması üçün minimum yaşayış həddi müəyyən edilmiş və bir uşağın minimum saxlanması xərcləri 193 manat müəyyən edilmişdir. Bundan başqa onların övladları X3 anadangəlmə xəstədir. Bir sıra “Perinatal hipoksit işemik ensefalopatiya, qansızma İ”, “Yoluxucu qastroentrit, ensefolopatiya, anemiya”, “Re-perinatal ensefalopatiyanın nəticəsi, mikrokranial fonda inkişaf etaplarının ləngiməsi” xəstəliklərdən əziyyət çəkir. Uşaq daim həkim nəzarətində olmaqla, mütəmadi müalicələr alır ki, bu da əlavə xərclərin yaranmasına gətirib çıxarır. Qeyd olunanlara əsasən o, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)- 8062/2017 saylı 23 avqust 2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Gürcüstan Respublikasının vətəndaşı Cavabdeh onun xeyrinə hər ay 160 manat sabit pul məbləğində tutulan alimentin miqdarının dəyişdirilməsi, cavabdeh Gürcüstan Respublikasının vətəndaşı Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 600 manat sabit pul məbləğində alimentin tutulması, cavabdeh, Gürcüstan Respublikasının vətəndaşı Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X1 xəstəlikləri ilə bağlı müalicəsinə görə əlavə xərclərə cəlb olunaraq hər ay 200 manat sabit pul məbləğində əlavə xərclərin, ümumilikdə isə cəmi 800 manat pulun tutularaq ona ödənilməsi, mediasiyaya ödədiyi 50 manat dövlət rüsumunun cavabdeh, Gürcüstan Respublikasının vətəndaşı Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, iddiaçının uşağında əqli gerilik xəstəliyi mövcuddur və bununla bağlı iddiaçı 280 manat müavinət alır. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qismən qəbul etməklə yanaşı, bildirmişdir ki, onun 4 uşağı var idi və iddiaçı söz vermişdir ki, uşaqlara baxacaq. Ona görə evlənmişlər və xx.xx.2013-cü il təvəllüdlü X3 xəstə doğulmuşdur. Daha sonra hazırki iş üzrə iddiaçı fikrini dəyişmiş və uşaqlara baxmayacağını bildirmişdir. Onun uşaqların saxlanılmasına gücü çatmır və 190 manat aliment ödəyə biləcəyini bildirmişdir. Uşağın xəstəliyi ilə bağlı cavabdeh bildirmişdir ki, iddiaçı uşağın xəstəliyi ilə bağlı müavinət aldığı üçün həmin hissədə də tələbi qəbul etmir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3369/2019 saylı, 13 mart 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8062/2017 saylı 23 avqust 2017-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin məbləği artırılaraq, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 160 manat alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 230300 №-li atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 13 yanvar 2013-cü il təvəllüdlü X2 atası hesab edilmişdir. İş materiallarında olan “Psixi Sağlamlıq Mərkəzi” X6 tərəfindən verilmiş arayışın surətindən görünür ki, 13 yanvar 2013-cü il təvəllüdlü X3 26 aprel 2022-ci il tarixdə həmin mərkəzdə müayinədən keçmiş və ona “orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə F71.1, nitqin artikulyasiyasının spesifik pozuntusu F.80.0” diaqnozu qoyulmuşdur. İş materiallarında olan 2 nömrəli Uşaq poliklinikası tərəfindən ünvan 1 ünvanlanmış 17 iyul 2017-ci il tarixli məktubun surətindən görünür ki, 13 yanvar 2013-cü il təvəllüdlü X3 30 yanvar 2013-cü il tarixdən həmin poliklinikada qeydiyyatdadır və uşaq 7”-li doğum evində doğulmuş, oradan ET Pediatriya institutuna “Perinatal hipoksik – işemik ensefalopatiya, qansızma 1 ” diaqnozu ilə köçürülmüş və orada 17 yanvar 2013- 21 yanvar 2013-cü il tarixlərində stasionar müalicədə olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideyinin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehin mübahisələndirilməyən vəzifəsinin icrası ilə bağlı olsa da, qismən əsaslı olduğu, cavabdehin iddiaçı tərəfindən tələb etdiyi miqdarda alimentin ödənilməsi üçün kifayət qədər qazancı ilə bağlı sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi üçün iddia tələbi qismən təmin edilməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3369/2019 saylı, 13 mart 2019-cu il tarixli qətnaməsinə əsasən tutulan alimentin məbləği artırılaraq, Cavabdeh 13 yanvar 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3369/2019 saylı, 13 mart 2019cu il tarixli qətnaməsinə əsasən 13 yanvar 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-5457/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5457/2022
31.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver