Məhkəmə qərarları › İş №e-2(011)-5469/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5469/2024

03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5469/2024 03.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 527.9 manat əsas 79.1 manat cərimə ümumilikdə 607 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müddətli (nisyə) alqı-satqı müqaviləsi (müqavilələri) barədə məlumat:

1. Müqavilənin nömrəsi və tarixi: xx.xx.2023-cü il tarixli ********* saylı Müqavilənin məbləği: 527,99 manat Müqavilənin aylıq ödənişi, müddəti: 44 manat, 12 ay Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul: Xiaomi markalı mobil telefon

Son ödəniş məbləği və tarixi: 0 manat xx.xx.2023 Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 527,99 manat Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 791 manat Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 79,10 manat Tutulmalı olan cəmi məbləğ: 607 manat

Tərəflərin izahatları: İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi və bildirdi ki, hal hazırda telefon servis mərkəzindədir, cavabdehin 12 aylıq qızıl zəmanət talonu var, buna görə də istənilən vaxt yaxınlaşıb, təmir etdirərək telefonu götürə bilər, cavabdeh isə yeni telefon istəyir lakin nəzərdə tutulmuş 14 gün müddəti ötürmüş, habelə məhsulun usb konnektorunda xırda batıq, telefonda əyrilik vardır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş: xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-dən Xiaomi markalı mobil telefon almışdır. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli, müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 527,9 manat əsas 791 manat cərimə ümumilikdə 1318,90 manat borcu yaranmışdır. Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi barədə İddiaçı MMC tərəfindən xəbərdarlıq göndərilmişdir. xx.xx.2024-cü il tarixli ********** №-li mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan, ********* nömrəli, xx.xx.2023-cü il tarixli müştəri müraciəti vərəqəsindən görünür ki, Cavabdehl Salman oğlunun Xiaomi markalı mobil telefon ilə bağlı iddia etdiyi qüsur sensorun işləməməsi, məhsulun vəziyyəti usb konnektorda xırda batıq, telefonda əyrilik var.

Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581-ci maddəsinə əsasən, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alğısatqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. Həmin Məcəllənin 587-ci maddəsinə əsasən, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 444.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi bağlanmış, Cavabdeh İddiaçı MMC-dən 12 ay müddətinə dəyəri 527,99 manat məbləğində olan Xiaomi markalı mobil telefonu kredit yolu ilə almışdır. Cavabdeh telefonun sensorunun işləməməsi səbəbilə ilə İddiaçı MMC –yə müraciət etmiş, məhsul servis xidmətinə təhvil verilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, hal hazırda telefon servis mərkəzindədir, cavabdehin 12 aylıq qızıl zəmanət talonu var, buna görə də istənilən vaxt yaxınlaşıb, təmir etdirərək telefonu götürə bilər, cavabdeh isə yeni telefon istəyir lakin nəzərdə tutulmuş 14 gün müddəti ötürmüş, habelə məhsulun usb konnektorunda xırda batıq, telefonda əyrilik vardır. Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə iclasında bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu Babək pr-da yerləşən "xxxx" MMC mağazasından 12 ay müddətinə kreditlə 527,90 manat məbləğində telefon almış, qısa müddət içində qızıl zəmanətlə götürdüyü telefon 20 gün içində xarab olmuş və dərhal aldığı mağazaya apararaq, onların dedikləri kimi telefonu təhvil verərək bildirmişdir ki, bu telefonu istəmir, onun yerinə eyni məbləğdə yeni telefon verilsin. Telefonu təhvil verdikdən sonra evə qayıtmış, onlar nə yeni telefon vermişlər, nə də telefonu bərpa edib geri qaytarmamışlar, bununla bağlı ona heç bir məlumat verilməmiş, habelə telefonun təhvil verilməsi barədə ona heç bir sənəd təqdim edilməmişdir. Həmçinin qeyd etmişdir ki, telefon təhvil verilən zaman ona “telefondan imtina edirsən?” sualı verilmiş o da “bəli imtina edirəm” cavabını verdikdən sonra, telefondan imtina edilməsi bardə sənəd imzalatmışlar. Cavabdeh telefonu servis xidmətinə təhvil verdikdən sonra, onunla əlaqə saxlanılmamış və telefonun düzəldilməsi barədə ona hər hansı məlumat verilməmişdir. Göründüyü kimi, iş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə kredit yolu ilə satılmış əşya xarab olduğundan, cavabdeh tərəfindən əşya təmir edilməsi üçün iddiaçıya qaytarılmış, iddiaçı isə əşyanın bugünədək təmir edilməsi və cavabdehə təhvil verilməsi barədə hər hansı sübutu məhkəmə araşdırması zamanı təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581-ci maddəsinə əsasən, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. Həmin Məcəllənin 587-ci maddəsinə əsasən, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Məhkəmə qeyd edir ki, üzərinə öhdəlik götürmüş hər bir tərəf öhdəliyini vicdanla yerinə yetirmək vəzifəsi daşıyır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarının təmin edilməsinə yönələn addımdır. Bu səbəbdən də, qanunvericilik öhdəliyin icrası zamanı vicdanlılıq şərtlərini təkcə tərəflər arasında bağlanmış müqavilənin məzmunundan irəli gələn hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşdırmır, hətta müqavilədə və qanunda nəzərdə tutulmasa belə, tərəflərin mənafelərinə uyğun gələn tərzdə, işgüzar adətlərə uyğun icra edilməsini təşviq edir. Beləlilklə iddiaçı tərəfindən iddia tələbinin əsaslandığı hallar məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmadığından, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,

qət etdi:

İddiaçı MMC Cavabdeh qarşı “xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 527.9 manat əsas, 79.1 manat cərimə, ümumilikdə 607 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə” iddia tələbi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar