Məhkəmə qərarları › İş №e-2(011)-550/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-550/2024

30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-550/2024 30.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı “X1 Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı «X1 Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilən işin halları:

1. İddiaçı “X1 Kredit Təşkilatı” MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixində 4159/2023 saylı Kredit müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli 4159/2023 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh illik 36 faiz hesablanmaq şərti ilə, 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir.

2. Lakin, Cavabdeh xx.xx.2023-cü il tarixli 4159/2023 saylı kredit müqaviləsinin müddəalarını pozaraq öhdəlikləri icra etmir.

3. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə “X1 Kredit Təşkilatı” MMC-yə 5000 manat əsas, 927,08 manat faiz, 835 manat dəbbə borcu olmaqla cəmi 6762,08 manat borcu yaranmışdır.

İddiaçının tələbi:

4. Cavabdeh xx.xx.2023-cü il tarixli 4159/2023 saylı Kredit müqaviləsi üzrə ümumilikdə 6762,08 manat - 5000 manat əsas, 927,08 manat faiz, 835 manat dəbbə pulunun, vəkilin göstərdiyi hüquqi yardıma görə 490 manat xidmət haqqı və 93 manat dövlət rüsumunun tutularaq “X1 Kredit Təşkilatı” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin iddiaya münasibəti:

5. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

6. İddiaçının nümayəndəsi (vəkili) Vəkil öz izahatında qeyd etmişdir ki, iddia tələbini müdafiə edir və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir.

7. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

8. “X1 Kredit Təşkilatı” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 4159/2023 nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh 24 ay müddətinə, illik 36 faiz dərəcəsi ilə 5000 manat məbləğdə kredit verilmişdir.

9. ”X1 Kredit Təşkilatı” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ödəniş cədvəlinə əsasən, kreditin aylıq ödənişi 295,24 manat təşkil edir.

10. ”X1 Kredit Təşkilatı” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2273 nömrəli bildirişə (xx.xx.2023-cü il tarixli poçt qəbzi) əssən, xx.xx.2023-cü il tarixli, 4159/2023 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 24 ay müddətinə, illik 36 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Bu müqavilə üzrə xx.xx.2023-cü il tarixli arayışa əsasən 5000 manat məbləğində ümumi borcu yaranmışdır. Öhdəliklərin 5 iş günü ərzində yerinə yetirilməli olduğu, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir.

11. xx.xx.2023-cü il tarixli, 2269 tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli, 4159/2023 nömrəli kredit müqaviləsi üzrə ”X1 Kredit Təşkilatı” MMCyə 5000 manat əsas, 927,08 manat faiz borcu, 835 manat dəbbə borcu, cəmi 6762,08 manat borcu qalmışdır.

12. BD8 nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən, ”X1 Kredit Təşkilatı” MMC-yə “Yusif Allahverdiyev və partnyorları Vəkil Bürosu”-na hüquqi xidmətlərin göstərilməsi haqqında 0651 saylı müqavilə üzrə 490 manat məbləğində pul vəsiati ödəmişdir.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi (MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.3. Borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin məbləğ bu Məcəllənin 439.3-cü maddəsinə əsasən hesablanır. 740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 740.5. Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 740.6. Borc müqaviləsi üzrə faizlər illik faiz dərəcəsinin üç yüz altmış beşə və ya borc müqaviləsində nəzərdə tutulduğu halda üç yüz altmışa bölünərək, borcun verildiyi faktiki günlərin (borcun verildiyi gün daxil, qaytarıldığı gün isə xaric olmaqla) sayına vurulmaqla hesablanır. 740.8. Kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 744.1. Kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

15. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

16. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada borc, yəni kredit müqaviləsi bağlanılmış (MM m.739.1, 739.2), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli (MM m.442) və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir (MM m. 443.1, 448.1 və 448.2, 746-5.2).

17. Məhkəmə qeyd edir ki, təqdim edilən sübutlar borcun ödənilməsi barədə tələbin qismən əsaslı olduğunu təsdiq edir. Belə ki, iddiaçının tələb etdiyi 835 manat məbləğində cərimə borcunun əsas borca mütənasib olmadığı qənaətinə gələn məhkəmə cərimə borcunun azaldılaraq 500 manat məbləğində müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. (MM 467)

18. İddiaçının iddia ərizəsində qeyd etdiyi tələblərindən biri də vəkilin göstərdiyi hüquqi yardıma görə 490 manat xidmət haqqının tutulması olmuşdur. Mülki iş materiallarına əlavə olunmuş ödəniş tapşırığından görünür ki, “X1 Kredit Təşkilatı” MMC hüquqi xidmətlərin göstərilməsi haqqında 0651 saylı müqavilə üzrə “Yusif Allahverdiyev və partnyorları” Vəkil bürosuna 490 manat məbləğində xidmət haqqı ödəmişdir. Məhkəmə qeyd olunanlara əsasən, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 490 (dörd yüz doxsan) manat xidmət haqqının Cavabdeh tutularaq “X1 Kredit Təşkilatı” MMC-yə ödənilməsi tələbini əsaslı hesab edir.

19. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5000 manat əsas, 927,08 manat faiz, 500 manat dəbbə cərimə borcu olmaqla, ümumilikdə 6427,08 manat məbləğində borc ”X1 Kredit Təşkilatı” MMC-nin xeyrinə tutulmalıdır.

Məhkəmə xərcləri:

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, dəbbə pulunun həcmi məhkəmə tərəfindən azaldıldığından iddia ərizəsinin verilməsinə görə ödənilmiş 93 manat dövlət rüsumunun əvəzi olaraq 89.17 (səksən doqquz manat on yeddi qəpik) manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

1. İddia qismən təmin edilsin.

2. Cavabdeh xx.xx.2023-cü il tarixli 4159/2023 saylı Kredit müqaviləsi üzrə 5000 manat əsas, 927,08 manat faiz, 500 manat cərimə olmaqla, ümumilikdə, 6427,08 (altı min dörd yüz iyirmi yeddi manat səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “X1 Kredit Təşkilatı” MMC-yə ödənilsin.

3. İddiaçı tərəfindən ödənilmiş 89,17 (səksən doqquz manat on yeddi qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı ”X1 Kredit Təşkilatı” MMC-yə ödənilsin.

4. İddiaçı “X1 Kredit Təşkilatı” MMC-in vəkilin göstərdiyi hüquqi yardıma görə ödədiyi 490 (dörd yüz doxsan) manat xidmət haqqı Cavabdeh tutularaq “X1 Kredit Təşkilatı” MMCyə ödənilsin.

5. İddia tələbi qalan hissədə təmin edilməsin

6. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar