Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5513/2025 21.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Novruzova Gülsanə Emin qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" ASCnin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cəmi borcu 11.199,78 ABŞ dolları - bundan 5143,91 ABŞ dolları əsas, 1459,70 ABŞ dolları faiz, 3.854,93 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 741,24 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 147,12 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bayıl filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi üzrə cavabdehə 9.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Hazırda Bank tərəfindən xx.xx.2015-ci il tarixli Kredit və Zaminlik müqavilələrinin təqdim edilməməsinin səbəbi İddiaçı ASC-nin lisenziyasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22 dekabr 2017-ci il tarixli 49 saylı qərarı ilə ləğv edildikdən və müflis elan edildikdən sonra filialların bağlanması və filiallarda olan sənədlərin məhv edilməsi, itirilməsi və ya korlanması olmuşdur. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış 01 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 9.935,6 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 11.199,78 ABŞ dolları təşkil edir. Bundan 5.143,91 ABŞ dolları əsas, 1.459,70 ABŞ dolları faiz, 3.854,93 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 741,24 ABŞ dolları faiz borcu təşkil edir. Cavabdehlərin iddia tələbinə dair münasibəti: Cavabdehlər məhkəməyə ərizələr ilə müraciət edərək mövcud mübahisəyə dair iddia müddətinin tətbiq edilməsi barədə ərizələrinin nəzərə alınmasını və iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə etdiklərini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasını cavabdehlərin nümayəndələrinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları: "xxxx" ASC ilə Cavabdeh1 arasında ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 12 ay müddətinə illik 19% ödəmək şərtilə 9500 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə xx.xx.2017-ci il tarixdə Əlavə Saziş imzalanmışdır. Sazişə əsasən kredit restruktizasiya edilmiş, restruktizasiya edilmiş kredit üzrə Əlavə Saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları ayrıca hesabda dondurulmuş, restruktizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Krеdit müqaviləsi üzrə öhdəliklərin təminatı оlaraq iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında ********* saylı, xx.xx.2015-ci il tariхli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 5.1.4-cü bəndinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə və ya zaminlərə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmin müqavilə üzrə xx.xx.2017-ci il tarixdə Əlavə Saziş imzalanmışdır. Sazişə əsasən restruktizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil etmişdir. Cavabdeh1 və Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilməmiş, nəticədə 24 aprel 2025-ci il tarixinə əsas borca görə 5143,91 ABŞ dolları əsas, 1459,70 ABŞ dolları faiz, 3854,93 ABŞ dolları cərimə, 741,24 ABŞ dolları kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu olmaqla, ümumilikdə 11199,78 ABŞ dolları borcu yaranmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 2-1(103)-3194/17 saylı, 27 dekabr 2017-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının ərizəsi təmin edilərək "xxxx" ASC müflis elan edilməsi və iflas proseduruna başlanılması qərara alınmışdır. Əmanətlərin Sığortalanması Fondunun 24 aprel 2025-ci il tarixli, 12-5/2-M-23- 6638/2025 saylı məktubuna əsasən İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 14 Sentyabr 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə 23 Aprel 2025-ci il tarixinə müqavilə üzrə əsas borc 5143,91 ABŞ dolları, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər 1459,70 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 3854,93 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 741,24 ABŞ dolları, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 11199,78 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4685 nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2015ci il tarixli, ********* saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla Vəkil Hafiz oğlunun "xxxx" ASC-yə 14 sentyabr 2016-cı il tarixə - müqavilənin bitdiyi tarixinə: əsas borc üzrə 6911.73 ABŞ dolları, faiz borcu üzrə 984.9 ABŞ dolları, 24 aprel 2025-ci il tarixə - sual üzrə tarixinə: əsas borc üzrə 5559 ABŞ dolları, faiz borcu üzrə 3302.82 ABŞ dolları, faiz borcu üzrə (5%lə) 793.70 ABŞ dolları müəyyən edilir. Eyni zamanda rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla Vəkil Hafiz oğlunun "xxxx" ASC-yə 16 iyun 2022-ci il tarixə - müqavilənin bitdiyi tarixinə əsas borc üzrə 5463.07 ABŞ dolları, faiz borcu üzrə 1407.65 ABŞ dolları, 24 aprel 2025-ci il tarixə - sual üzrə tarixinə əsas borc üzrə 5463,07 ABŞ dolları, faiz borcu üzrə 1407,65 ABŞ dolları, faiz borcu üzrə (5%lə) 780,01 ABŞ dolları müəyyən edilir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Maddə 374. İddia müddətlərinin müəyyənləşdirilməsi 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 374.2. İddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 375. İddia müddətinin tətbiqi 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. İddia müddətinin əlavə tələblərə tətbiqi Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsaslar. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (kredit müqaviləsi bağlandığı tarixə olan redaksiyada). 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. 445.9. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 477. Zaminliyə xitam verilməsi 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarı:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarı
1. Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun.
2. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər.
3. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.
4. Kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 29 mart tarixli Qərarı:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir.
3. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.
4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.
5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu 1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu tutulur.
Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək, belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, Cavabdeh1 kredit müqaviləsi və əlavə saziş əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və hesablanmış faizlərin iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitinin ödənilməsinə dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə kredit müqaviləsi və əlavə saziş əsasında hesablanmış əsas və faiz borcunun məbləğinə dair qeyd edir ki, məhkəmənin təşəbbüsü ilə keçirilmiş mühasibatlıq ekspertizasının rəyinə əsasən 24 aprel 2025-ci il tarixə hesablanmış əsas borcun məbləği 5463,07 ABŞ dolları, faiz borcunun məbləği isə 1407,65 ABŞ dolları kimi müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi və əlavə saziş üzrə əsas borca görə tələb olunan 5143,91 ABŞ dolları və faiz borcuna görə 1407,65 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə (Ləğv prosesindədir) ödənilməlidir. Məhkəmə iddiaya hesablanmış cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək, belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə işin faktiki halları və əsas borc məbləğlərini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləğləri əsas borc məbləğinə mütənasib olmadığından, tələb edilən cərimə məbləğləri azaldılmalı, kredit müqaviləsi və əlavə saziş üzrə 257,20 ABŞ dolları məbləğində cərimə Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaya 741,24 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsində qiymət verərək, belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, hazırkı iddia tələbinin qanuni əsasını təşkil edən MM-in 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalarının müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsinin qarşısının alınmasına yönəlmişdir. Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarlarında hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7- ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik 5 % məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər. Mülki iş materiallarından görünür ki, iddiaçı "xxxx" ASC (Ləğv prosesindədir) ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən bank borcalana 12 ay müddətinə qaytarılmaq və illik 19% ödəmək şərti ilə 9500 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC (Ləğv prosesindədir) Cavabdeh1 dəymiş zərərin əvəzi olaraq kredit müqaviləsi üzrə borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz məbləği tələb etməkdə haqlıdır. Məhkəmə dəymiş zərərin əvəzi olaraq ödənilməli vəsaitin məbləği ilə bağlı qeyd edir ki, məhkəmənin təşəbbüsü ilə keçirilmiş mühasibatlıq ekspertizasının rəyinə əsasən müqavilə üzrə faiz borcu (5%lə) 780,01 ABŞ dollar müəyyən edilmişdir. Belə olan halda cavabdehdən xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi və əlavə saziş üzrə gecikdirmə faizinə görə tələb olunan 741,24 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış zamin müqaviləsinə və əlavə sazişə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda həmin müqaviləyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC (Ləğv prosesindədir) ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsində 5.1.4-cü bəndinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə və ya zaminlərə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırki mülki iş üzrə isə zaminliyin təmin etdiyi öhdəliyin icra vaxtı xx.xx.2022-ci il tarixdə çatdığından və həmin tarixdən 1 il ərzində kreditor "xxxx" ASC (Ləğv prosesindədir) tərəfindən zaminə qarşı iddia irəli sürmədiyindən məhkəmə hesab edir ki, zaminliyə xitam verilmişdir. Odur ki, iddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) Cavabdeh2 qarşı əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə cavabdehlərin məhkəməyə təqdim edilmiş iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” Qərarına əsasən kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Hazırki mülki iş üzrə iddiaçı "xxxx" ASC (Ləğv prosesindədir) məhkəməyə cavabdehlərə qarşı iddia tələbi ilə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı iddia müddətinin axımının başlanılması ilə bağlı müəyyən edilmişdir ki, "xxxx" ASC (Ləğv prosesindədir) ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti xx.xx.2022-ci il tarixədək qeyd edilmişdir. Belə olan halda iddia müddətinin axımı müqavilə üzrə öhdəliklərin icra müddəti bitdiyi an, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, "xxxx" ASC (Ləğv prosesindədir) məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət edərək Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətinin otürməmişdir. Odur ki, iddia müddətinin tətbiq edilməsinə dair ərizələr əsassız hesab edilməlidir.
Məhkəmə xərcləri: İddiaçı "xxxx" ASC-nin (Ləğv prosesindədir) Cavabdeh1 qarşı iddiası qismən təmin edildiyinə görə, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq məhkəmə xərclərinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 99,17 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları və tərəflərin izahatlarını məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 "xxxx" ASC-nin (Ləğv prosesindədir) xeyrinə kredit müqaviləsi və əlavə saziş üzrə əsas borca görə 5143,91 (beş min yüz qırx üç dollar doxsan bir sent) ABŞ dolları, faiz borcuna görə 1407,65 (min dörd yüz yeddi dollar altmış beş sent) ABŞ dolları, cərimə borcuna görə 257,20 (iki yüz əlli yeddi dollar iyirmi sent) ABŞ dolları, dəymiş ziyanın əvəzi olaraq 741,24 (yeddi yüz qırx bir dollar iyirmi dörd sent) ABŞ dolları, cəmi 7550 (yeddi min beş yüz əlli) ABŞ dolları məbləğində ödəniş gününə qüvvədə olan məzənnə ilə Azərbaycan manatı və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 99,17 (doxsan doqquz manat on yeddi qəpik) manat məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Əminə Abbasova