Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5514/2024 09.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Qasımova Səbinə Fazil qızının Cavabdehlər Hüseynov Rauf Rafiq oğlunun və Hüseynova Elnarə Şamil qızının iştirakları ilə, "xxxx" ASC-nin Hüseynov Rauf Rafiq oğluna, Hüseynova Elnarə Şamil qızına və Rzayev Mahir Akif oğluna qarşı borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Hüseynov Rauf Rafiq oğlundan, Rzayev Mahir Akif oğlundan və Hüseynova Elnarə Şamil qızından iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, BPM**********36 nömrəli Kredit müqaviləsinə əsasən əsas borc üzrə 8062.05 AZN, faiz borcu üzrə 1307.09 AZN olmaqla, cəmi 9369.14 AZN kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 113.69 AZN dövlət rüsumunun və 0,40 AZN bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. "xxxx" ASC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin həcminin dəyişdirilməsinə dair ərizə təqdim edərək, cavabdehlər Hüseynov Rauf Rafiq oğlundan, Rzayev Mahir Akif oğlundan və Hüseynova Elnarə Şamil qızından iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, BPM**********36 nömrəli Kredit müqaviləsinə əsasən əsas borc üzrə 8062.05 AZN, müqavilə müddətindən sonra ödənilməmiş faiz (5%) borcu üzrə 618.38 AZN olmaqla, cəmi 8680.43 AZN kredit borcunun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 113.69 AZN dövlət rüsumunun və 0,40 AZN bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" ASC-nin nümayəndəsi S.F.Qasımova iddia tələbini müdafiə edərək bildirdi ki, "xxxx" ASC ilə Hüseynov Rauf Rafiq oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********36 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, 22 faiz dərəcəsi ilə 19000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Kredit müqaviləsinin təminatı kimi bank ilə Rzayev Mahir Akif oğlu arasında xx.xx.2019-cu il tarixli BPM**********36/Z1 nömrəli, bank ilə Hüseynova Elnarə Şamil qızı arasında xx.xx.2019-cu il tarixli BPM**********36/Z2 nömrəli nömrəli zaminlik müqavilələri imzalanmışdır. Yuxarıda adı çəkilən xx.xx.2019-cu il tarixli, BPM**********36 nömrəli Kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə cavabdehin əsas borc üzrə 8062.05 AZN, faiz borcu üzrə 618.38 AZN olmaqla, cəmi 8680.43 AZN borcu mövcuddur. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 113.69 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Hüseynov Rauf Rafiq oğluna, Rzayev Mahir Akif oğluna və Hüseynova Elnarə Şamil qızına xx.xx.2024-cü il tarixində 6-2-22/2-1105/2024 saylı xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Sonda iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Hüseynov Rauf Rafiq oğlu məhkəməyə yazılı ərizə təqdim edərək və şifahi izahat verərək iddia tələbini qəbul etdiyini, "xxxx" ASC-yə əsas borc üzrə 8062.05 manat, faiz borcu üzrə 618.38 manat borclu olduğunu etiraf etdi, qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Hüseynova Elnarə Şamil qızı R.R.Hüseynovun izahatına uyğun izahat verərək qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Cavabdeh Rzayev Mahir Akif oğluna məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC ilə borclu Hüseynov Rauf Rafiq oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********36 nömrəli kredit müqaviləsinə əsasən borc verən borc alana 60 ay müddətinə, 22 faiz dərəcəsi ilə 19000 manat məbləğində kredit verməyi üzərinə götürmüşdür. İş materiallarında olan Məxaric orderindən görünür ki, xx.xx.2019-cu il tarixdə "xxxx" ASC tərəfindən Hüseynov Rauf Rafiq oğlunun hesabına 19000 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan "xxxx" ASC ilə zamin Rzayev Mahir Akif oğlu arasında xx.xx.2019-cu il tarixli BPM**********36/Z1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən, Rzayev Mahir Akif oğlu xx.xx.2019-cu il tarixli BPM**********36 saylı kredit müqaviləsinə əsasən 19000 manat məbləğində 60 ay müddətinə verilən kreditin və hesablanmış faizlərin qaytarılmasının təminatı qismində Zamin Rzayev Mahir Akif oğlu borclunun öhdəliklərinin yerinə yetirilməsində kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC ilə zamin Hüseynova Elnarə Şamil qızı arasında xx.xx.2019-cu il tarixli BPM**********36/Z2 nömrəli zaminlik müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən, Hüseynova Elnarə Şamil qızı xx.xx.2019-cu il tarixli BPM**********36 saylı kredit müqaviləsinə əsasən 19000 manat məbləğində 60 ay müddətinə verilən kreditin və hesablanmış faizlərin qaytarılmasının təminatı qismində Zamin Hüseynova Elnarə Şamil qızı borclunun öhdəliklərinin yerinə yetirilməsində kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Hüseynov Rauf Rafiq oğluna xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə illik 22% dərəcəsi, kredit məbləği 19000 manat olmaqla, xx.xx.2024-cü il tarixə 8062.05 manat əsas borc, 1307.09 faiz borcu, borc üzrə cəmi tələb edilən məbləğ 9369.14 manat, rüsum üzrə tələb edilən məbləğ 114.09 manatdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Hüseynov Rauf Rafiq oğluna xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə illik 22 % dərəcəsi, kredit məbləği 19000 manat olmaqla, xx.xx.2024-cü il tarixə 8062.05 manat əsas borc, müqavilə müddətindən sonra ödənilməmiş 618.38 manat faiz borcu, borc üzrə cəmi tələb edilən məbləğ 8680.43 manat, rüsum üzrə tələb edilən məbləğ 0 manatdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə xx.xx.2024-cü il tarixdə borcun qaytarılması barədə xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 113,69 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" ASC ilə Hüseynov Rauf Rafiq oğlu arasında cavabdehə 60 ay müddətinə, 22 faiz dərəcəsi ilə 19000 manat məbləğində verilməsini nəzərdə tutan xx.xx.2019-cu il tarixli BPM**********36 nömrəli kredit müqaviləsi imzalanmışdır, cavabdeh qeyd olunan 19000 manat pul məbləğini bankdan almışdır, tərəflər arasında bağlanmış kredit müqavilələrinin təminatı qismində Hüseynova Elnarə Şamil qızı və Rzayev Mahir Akif oğlu zamin durmuşlar, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəlikləri yerinə yetirməmiş və müqavilə şərtlərini pozaraq ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır, bank tərəfindən cavabdehlərə bildiriş məktubu göndərilmişdir, cavabdehlər R.Hüseynov və E.Hüseynova iddia tələbini qəbul edərək iddia tələbi üzrə cəmi 8680.43 manat borclu olduqlarını etiraf etmişlər. Bununla belə, cavabdehlərin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdehlər kredit müqavilələrini öz riski ilə bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır. Həmçinin məhkəmə, borcun hansı cavabdehdən tutulmalı olmasına münasibətdə hesab edir ki, qanunvericiliyə görə zaminlər kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlərdən müştərək qaydada BPM**********36 nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 8062.05 manat, faiz borcu üzrə 618.38 manat, cəmi 8680.43 manat məbləğində kredit borcu alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehlərin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, məhkəmə xərcləri cavabdehlərə aid edilməli, onlardan dövlət rüsumu qismində ödənilmiş 113.69 manat, bank xidməti kimi ödənilmiş 0,40 manat alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Hüseynov Rauf Rafiq oğlundan, Hüseynova Elnarə Şamil qızından və Rzayev Mahir Akif oğlundan müştərək qaydada xx.xx.2019-cu il tarixli BPM**********36 nömrəli kredit müqaviləsi üzrə 8062.05 manat əsas, 618.38 manat faiz, cəmi 8680 (səkkiz min altı yüz səksən) manat 43 (qırx üç) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 113 (yüz on üç) manat 69 (altmış doqquz) qəpik və bank xidmətinə görə 40 (qırx) qəpik pul məbləği alınaraq "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-5514/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5514/2024
09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver