Məhkəmə qərarları › İş №e-2(011)-5520/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5520/2022

11.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5520/2022 11.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixdə kredit kartının verilməsi barədə 912 saylı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə iddiaçı cavabdehin nəfinə 12 ay müddətinə (xx.xx.2014-xx.xx.2015) master standart tipli kart buraxır və illik 27% ödəmək şərtilə 1000 manat məbləğində kredit xətti açır.

2. xx.xx.2017-ci il tarixdə isə tərəflər arasında xx.xx.2014-cü il tarixli, 912 saylı müqaviləyə əlavə dəyişikliklə bağlı 01 nömrəli Əlavə saziş bağlanmışdır. Əlavə sazişə görə “kredit kartın verilməsi və isitfadəsi üzrə müqavilə” ifadəsi “Kredit müqaviləsi” ifadəsi ilə əvəz edilmiş, kredit xətti kreditə çevrilməklə restrukturizasiya edilməklə, cavabdehin öhdəliyinin qalığı 995,68 manat əsas, 518,87 manat faiz və 343,51 manat cərimə olmaqla müəyyən edilmişdir. Restrukturizasiya edilmiş kreditin illik faiz dərəcəsi 15%, müddəti 24 ay, aylıq ödənişi isə 48,28 manat olmaqla müəyyənləşdirilmişdir.

3. Cavabdeh sonuncu müqavilə üzrə öhdəliyini qismən yerinə yetirmişdir.

4. İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı 847,91 manat məbləğində əsas borcun, 522,88 manat məbləğində faiz borcunun, 1266,92 manat məbləğində cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 124,44 manat borc olmaqla, cəmi 2762,15 manat pulun və 47,63 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdehlə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit kartın verilməsi və istifadəsinə dair müqaviləyə əsasən bank Borcluya 36 ay müddətinə, illik 25% olmaqla 9000 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

7. Məhkəmə iclasında verilən izahatlar:

8. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

9. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o,məhkəmə iclasına gəlməmiş və gəlməmələrnin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

10. Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

11. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

14. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

15. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

16. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

17. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

18. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

23. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

5. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, tərəflər arasında xx.xx.2014-cü il tarixdə kredit kartının verilməsi və istifadəsi barədə müqavilə bağlanmışdır. Həmçinin, həmin müqaviləyə xx.xx.2017-ci il tarixdə dəyişikliklə bağlı 01 nömrəli Əlavə saziş bağlanmış, saziş əsasında digər dəyişikliklərlə bərabər cavabdehin öhdəliyinin qalığı restrukturizasiya edilmiş, illik faiz dərəcəsi 15% olmaqla, onun 995,68 manat əsas, 518,87 manat faiz və 343,51 manat cərimə borcunun 24 ay müddətinə, hər ay 48,28 manat olmaqla ödənilməsi müəyyənləşdirilmişdir.

24. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc prdmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.

25. İşin mübahisəsiz halıdır ki, iddiaçı ilə cavabdeh arasında kredit (borc) müqaviləsi bağlanmış, iddiaçı müqavilədə nəzərdə tutulmuş pul vəsaitini həmin cavabdehə verməklə öhdəlyini icra etmişdir. Lakin cavabdeh aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş qrafikinə uyğun ödəməmiş, bununla da öhdəliyini icra etməmişdir (§ 12).

26. İddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışında da xx.xx.2022-ci il tarixinə cavabdehin əsas borc üzrə 847,91 manat, faiz borcu üzrə 522,88 manat, 1266,92 manat cərimə və illik 5% hesablanmaqla 124,44 manat olmaqla, cəmi 2762,15 manat kredit borcunun olması göstərilmişdir.

27. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə, şərtlərlə və hesablanmış faizi ilə birlikdə və eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh göstərilən müqavilə əsasında pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin onu qaytarmaqla bağlı vəzifəsini isə yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.

28. Həmçinin, Məhkəmənin qənaətinə görə, iddia tələbi 1266,92 manat məbləğində cərimənin tələb edilməsi hissəsində də qismən əsaslıdır. Məhkəmə qeyd edir ki, cərimə borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuş və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi, həmçinin borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlı olmasıdır. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır.

29. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin 1266,92 manat həcmində hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Həmçinin, iddia tələbindən də açıq şəkildə görünür ki, hesablanmış cərimənin məbləği şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin 60 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir (§ 16).

30. Məhkəmə, həmçinin hesab edir ki, iddia gecikdirilmiş borcdan illik 5% nisbətində pulun tələb edilməsi hissəsində qismən təmin edilməlidir.

31. Borclunun pul məbləğinin ödənilməsini gecikdirməyə görə kreditora illik 5% məbləğində pulun ödənilməsinin əsasları Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin pul vəsaitinin borcludan tutulmasının yeganə şərti onun tərəfindən pul məblığinin vaxtında ödənilməməsi ilə bağlıdır.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında da göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

33. İş materialları ilə cavabdehin borcunu gecikdirməsi iş materiaları ilə öz təsdiqini tapır. Lakin məhkəmə hesab edir ki, iddia pulun məbləğinə aid hissədə qismən əsaslıdır. Belə ki, iddiaçının özünün təqdim etdiyi düstur əsasında tələb edilən pulun 122,12 manat ((847,91/100x5)/360 = 122,12)) edir.

34. Məhkəmə hesab edir ki, 122 manat məbləğində dövlət rüsumu və ekspert xərci iddianın təmin olunması nisbətində (iddia ümumi tələbin 56%-i nisbətində təmin edilmişdir) tərəflərə aid edilməlidir.

35. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. 847,91 manat məbləğində əsas, 522,88 manat faiz, 60 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 122,12 manat faiz məbləği olmaqla olmaqla, cəmi 1552,91 manat pul, ödənilmiş 26,67 manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 20,96 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar