Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5574/2023 24.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 3.567 manat maddi ziyan, hüquqi yardımla əlaqədar ödənilmiş 100 manat məbləğində xidmət haqqı, 57 manat məbləğində dövlət rüsumu, ümumilikdə 3.724 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan “Chevrolet Nexia SX minik” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil aralarında bağlanmış icarə müqaviləsi əsasında etibarnamə ilə idarə olunması üçün cavabdeh X2 istifadəsinə verilmişdir. Cavabdeh avtomaşını idarə edərkən 12 avqust 2022-ci il tarixdə, saat 18:50 radələrində Bakı şəhəri Xəzər rayonu, Zaqulba yolunda əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş və 13 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərara əsasən ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat cərimə edilmə haqqında tənbeh verilmişdir. Cavabdeh hərəkətləri nəticəsində avtomaşına zərər dəymişdir. Belə ki, avtomaşın təmir olunması üçün “RS Avtoservis”-ə aparılmış və sonuncu tərəfindən verilən qüsur aktına əsasən avtomaşının təmir bərpası üçün 3.567 manat tələb olunmuşdur. Lakin Cavabdeh yuxarıda qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Buna görə də iddiaçı həmin vaxt avtomobili “RS Avtoservis”-də 3.567 manat ödəyərək öz hesabına təmir etdirmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh X4 iddianı qismən qəbul edərək onun qismən təmin edilməsini xahiş etdi. O, izahatında bildirdi ki, tələb edilən məbləğdən 1.500 manat ödəniş etmişdir, odur ki, həmin məbləğin tələb edilən puldan çıxılmasını xahiş etmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, 14 dekabr 2021-ci il tarixdə İddiaçı ilə cavabdeh X4 arasında icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh 1.200 manat depozit ödəyərək iddiaçıya məxsus “Chevrolet Nexia SX minik” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. Avtomobilin icarəsinə görə cavabdeh tərəfindən 1.200 manat depozit və daha sonra 300 manat ödənilmişdir. Cavabdeh avtomobili iddiaçıya təhvil vermişdir. Cavabdeh iddiaçıya məxsus avtomobili idarə edərkən inzibati xəta törətmiş, 13 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərara əsasən ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat cərimə edilmə haqqında tənbeh verilmişdir. Avtomobil iddiaçıya təhvil verildikdən sonra texniki baxışdan keçirilmiş və “RS Avtoservis” tərəfindən avtomobilə ziyan dəydiyi müəyyən edilərək dəymiş zərərin hesablanmasına dair akt tərtib edilmiş, akta əsasən zərərin həcmi 3.567 manat müəyyən edilmişdir. Cavabdeh iddiaçı ilə arasında olan müqaviləyə istinadən dəymiş ziyanın ödədiyi məbləğdən çıxılmasını tələb etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Hazırkı iş üzrə iddiaçının iddiasının əsasını cavabdehlə aralarında bağlanmış icarə müqaviləsi əsasında cavabdehin istifadəsində olan iddiaçıya məxsus avtomobilə vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 14 dekabr 2021-ci il tarixdə İddiaçı ilə cavabdeh X4 arasında icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh 1.500 manat depozit ödəyərək iddiaçıya məxsus “Chevrolet Nexia SX minik” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. Həmin müqavilənin 6-cı bəndinə əsasən, nəqliyyat vasitəsini icarəyə götürən şəxsin təqsiri üzündən nəqliyyat vasitəsinə dəymiş zərər göstərilən depozit məbləğindən aradan qaldırmalıdır, depozit məbləğindən qalan hissəni nəqliyyat vasitəsini icarəyə götürən şəxsdən nəqliyyat vasitəsini icarəyə verən şəxs tələb etməlidir və sonra nəqliyyat vasitəsini icarəyə verən şəxsdən depozit məbləğini bərpa etməyi tələb etməlidir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutları araşdıraraq hesab edir ki, nə qədər ki, tərəflərin bağladığı icarə müqaviləsi ilə avtomobilə dəyən ziyanın aradan qaldırılması müddəaları nəzərdə tutulub, müqavilə şərtləri hazırkı münasibətlərə tətbiq edilməlidir. İddiaçı məhkəmə araşdırması zamanı avtomobilin üç aydan tez müddətə geri qaytarıldığını əsas gətirərək, depozit məbləğinin geri qaytarılmayacağını bildirmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə cavabdeh məbləğin geri qaytarılmasını deyil, dəymiş ziyan məbləğinin həmin məbləğdən çıxılmasını tələb edir. Odur ki, iddia tələbi qismən təmin edilərək tərəflər arasında bağlanmış icarə müqaviləsinin 6-cı bəndinin şərtlərinə əsasən, cavabdeh tərəfindən avtomobilə vurulmuş 3.567 manat zərər onun ödədiyi 1.500 manat depozitdən aradan qaldırılmalıdır (3.567-1.500=2.067 manat), yerdə qalan 2.067 manat ziyan isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin 100 manat məbləğində hüquqi yardıma görə ödənilmiş xidmət haqqının tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə də qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan qəbzdən görünür ki, 10 may 2023-cü il tarixdə İddiaçı tərəfindən 14 saylı Vəkil Bürosunun hesabına 100 manat məbləğində xidmət haqqı ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, 100 manat xidmət haqqının 57 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan 43 manat isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 57 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehdən 57 manat dövlət rüsumunun 32.49 manatı alınıb iddiaçıya ödənilməli, qalan 17.51 manat isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X1 2.067 (iki min altmış yeddi) manat maddi ziyan, hüquqi yardımla əlaqədar 57 (əlli yeddi) manat xidmət haqqı və ödənilmiş 32.49 (otuz iki manat qırx doqquz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Hüquqi yardımla əlaqədar ödənilmiş xidmət haqqının 43 (qırx üç) manatı və dövlət rüsumuna görə ödənilmiş məbləğin 17.51 (on yeddi manat əlli bir qəpik) manatı İddiaçı özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-5574/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5574/2023
24.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver