Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-559/2025 12.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, İddiaçınun, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-dən əldə edilmiş İmei kodu **********90637 İphone 13 markalı telefonun geri qaytarılması və iddiaçıya dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, keçən ilin noyabr ayında Cavabdeh MMCdən dəyərini 100% ödəməklə İphone 13 markalı telefon almışdır. Zəmanət müddətinin bitməsinə 3 ay qalmış həmin telefonda qüsur aşkar edilmişdir. Qarşı tərəf bunu təsdiq etmişdir. Satıcı 3-4 həftə müddətində telefonun yalnız displeyinin dəyişdiriləcəyini, həmin telefonu yenisi ilə əvəz etməyəcəyini ona bildirmişdir. O isə həmin telefonun tərəfindən əlavə pul ödəməklə daha bahalı telefona dəyişdirilməsini, ödədiyi məbləğin geri qaytarılmasını və ya eyni olmaqla yeni telefonun ona təqdim edilməsini istəyir. Qarşı tərəf isə bu təkliflərdən imtina etmişdir. İddiaçı bildirmişdir ki, 2023-cü ilin iyun ayında həmin şirkətdən aldığı telefonda qüsurlu olduğu üçün geri qaytarılıb əlavə 660 manat ödəniş etməklə adı çəkilən telefonu əldə etmişdir. 1 il ərzində həmin şirkətdən ard-arda aldığı 2 telefonun ikisi də qüsurlu olmuşdur. Bunu qarşı tərəfin servis xidməti aktlarla təsdiq etmişdir. Qeyd edilənləri nəzərə alaraq İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında qanunun 7-ci maddəsinin 1-ci bəndinin 1,2,4,5 abzasları və 2-ci bəndini əsas tutaraq həmin məhsulun geri qaytarılmasını və ona dəymiş ziyanın ödənilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin etirazının dəlilləri Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. İşin halları İddiaçı ilə Cavabdeh MMC arasında tərtib edilmiş zəmanət talonuna əsasən müştəri İddiaçı 1649,99 manat pul məbləği qarşılığında əldə etdiyi İmei kodu **********90637 İphone 13 markalı telefona dair 12 ay müddətinə zəmanət verilmişdir. Zəmanətin şərtinə əsasən şirkətin satış nöqtələrində əldə olunmuş Apple brendinin məhsullarının təmiri mümkün olduğu təqdirdə 14 iş günü ərzində təmir olunub geri qaytarılır, təmiri mümkün olmayan məhsullar 5 həftə ərzində yeni məhsul ilə əvəzlənir. 000281865 saylı Müştəri Müraciəti vərəqəsinə əsasən müştəri İddiaçı müraciətinə əsasən İmei kodu **********90637 İphone 13 markalı telefona baxış keçirilmiş və məhsulun vəziyyəti “arxa qapaqda cüzi cızıqlar var” kimi qiymətləndirilmişdir. “İSupport” Service Center-in ********* saylı hesabına əsasən cihazın displeyi zəmanət əsasında sifariş oluna bilər. xx.xx.2024-cü il tarixli, ********* saylı Təhvil-təslim aktına əsasən Əliyev X1 **********90637 İphone 13 markalı telefona tam baxış keçirərək "xxxx" MMC-nin Texniki servis mərkəzindən təhvil almışdır. ASBC “İSupport” Service Center tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli 7/2025 saylı məktuba əsasən 30 avqust 2024-cü il tarixdə tərtib olunn servis aktına əsasən, cihazın displeyi (ekran modulu) dəyişdirilməlidir. İstehlakçının zəmanət qaydalarına uyğundur və displeyin zəmanət əsasında dəyişdirilməsi mümkündür. Qeyd olunan cihazın nasazlığı (displey) istifadə nəticəsində yaranmış haldır. Bununla yanaşı qeyd edilmişdir ki, zəmanət əsasında xidmət yalnız istehsal qüsuruna aid deyil . Müştəri tərəfindən cihazın istifadə müddətində (1 il ərzində) cihazda digər xətalar yaranarsa (sistem problemləri, maye izi, fiziki zədə xaric) rəsmi zəmanət əsasında xidmət göstərilir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 581. Əşyaların keyfiyyəti 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 581.3. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. 581.4. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. Maddə 582. Malın keyfiyyəti üçün qarantiya 582.1. Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. 582.2. Alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. Maddə 583. Qarantiya müddətinin hesablanması 583.1. Qarantiya müddətinin axımı, əgər alğı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi məqamdan başlanır. Maddə 587. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 587.4. Komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 588. Satıcının cavabdeh olduğu qüsurlar 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Maddə 589. Verilmiş əşyanın qüsurlarının aşkar edilməsi müddətləri 589.3. Əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 2. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan və bu Qanuna müvafiq qəbul edilmiş digər normativ-hüquqi aktlardan ibarətdir. Maddə 5. İstehlakçının malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına hüququ
1. İstehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir.
Maddə 6. Zəmanət öhdəlikləri
1. İstehsalçı (icraçı) malın (işin, xidmətin), həmçinin komplektləşdirici məmulatların qanunvericilikdə nəzərdə tutulan zəmanət müddəti ərzində, bu müddətlərin olmadığı hallarda isə müqavilə ilə müəyyənləşdirilmiş qaydada normal işini (tətbiqini və istifadəsini) təmin edir.
Maddə 7. Qüsuru olan mal satılarkən istehlakçının hüquqları
1. İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassızdır və rədd edilməlidir. Bələ ki, Azərbaycan Respublikasının Mülki Məcələsinə əsasən alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılması, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması və ya əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etsin. Hazırkı iş materiallarından göründüyü kimi, iddiaçı malın qüsuru ilə bağlı satıcıya verilən qarantiya müddəti ərzində, lakin malın alğı-satqısından 9 ay sonra müraciət etmişdir. Satıcı da öz növbəsində malda olan qüsurun aradan qaldırılmasını öhdəsinə götürmüşdür. Buna baxmayaraq satıcı malda olan qüsurların aradan qaldırılmasını deyil, malı təhvil verməklə malın dəyərinin geri ödənilməsi tələb etmişdir. Halbuki, alıcının alğı-satqı müqaviləsinin icrasından imtina və əşya üçün ödədiyi pul məbləğinin qaytarılması tələbi əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda, yəni malda aradan qaldırıla bilməyən, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda yaranır. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən telefonda mövcud olan qüsurların və onların yaranma səbəblərinin dəqiq müəyyən edilməsi üçün mütəxəssis cəlb edilmişdir. İddiaçıya mübahisəli telefonun təqdim edilməsi ilə bağlı məktub ünvanlanmış, lakin sonuncu istifadəsində olan telefonu təqdim etməkdən imtina etmişdir. Bununla yanaşı iddiaçı tərəfindən verilən vəsatətə əsasən telefonda olan qüsurlarla bağlı akt vermiş “İSupport” Xidmət Mərkəzinə sorğu göndərilmiş və verilmiş cavab məktubunda xx.xx.2024-cü il tarixində tərtib olunan servis aktına əsasən İmei kodu **********90637 İphone 13 markalı telefonunun displeyinin dəyişdirilməsi, istehsalçının zəmanət qaydalarına uyğun olduğu və displeyin zəmanət əsasında dəyişdirilməsinin mümkün olduğunu, lakin qeyd olunan cihazın nasazlığı istifadə nəticəsində yaranmış hal olduğu qeyd edilmişdir. Bununla yanaşı qeyd edilmişdir ki, zəmanət əsasında xidmət yalnız istehsal qüsuruna aid deyil . Müştəri tərəfindən cihazın istifadə müddətində (1 il ərzində) cihazda digər xətalar yaranarsa (sistem problemləri, maye izi, fiziki zədə xaric) rəsmi zəmanət əsasında xidmət göstərilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh MMC-dən aldığı İphone 13 mobil telefonda yaranmış qüsur onun istifadəsi nəticəsində yarandığından və telefonun keyfiyyətinə aid tələblərin əhəmiyyətli dərəcədə pozulduğu halı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, İddiaçı Cavabdeh MMC-yə qarşı geri qaytarılması və iddiaçıya dəymiş zərərin ödənilməsi tələbinə tələbi əsassız hesab edilərək rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddiaçı Cavabdeh MMC-dən cavabdehdən əldə edilmiş geri qaytarılması və iddiaçıya dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Əminə Abbasova