Məhkəmə qərarları › İş №e-2(011)-5613/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5613/2025

25.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5613/2025 25.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Eyvazova Samirə Əli qızının sədrliyi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. İddiaçı keçmiş həyat yoldaşının qohumu olan cavabdehə şəxsi ehtiyacları üçün 2022-ci ilin noyabr ayının sonlarında 16000 manat borc vermiş, o bu günə kimi pulu qaytarmamışdır. İddiaçı qohum kimi dəfələrlə ona müraciət edərək pulu geri qaytarmasını tələb etsə də, o haqlı tələbinə məhəl qoymayaraq hər dəfə müxtəlif bəhanələrlə iddiaçını aldatmağa çalışmışdır. Bu səbəbdən Bakı şəhəri Xətai RPİ-nin 37-ci polis şöbəsinə müraciət etmək məcburiyyətində qalmışdır.

2. Polis şöbəsində araşdırma zamanı cavabdeh tələb olunan pulu almadığını bildirməklə yanaşı 4000 manat aldığın etiraf etsə də bu günə kimi həmin pulu da iddiaçıya qaytarmamışdır.

3. Beləliklə də cavabdehin iddiaçıdan borca pul alması işin mübahisəsiz haldır. Lakin qeyd olunan məbləğdə almasını qəbul etməməsi isə mübahisləndirilir.

İddiaçının tələbi:

4. İddiaçı cavabdehdən 4000 (dörd min) manat borcun və 60 (altmış) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin etirazı:

5. Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

Tərəflərin izahatı:

6. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı nümayəndəsi Nümayəndə Məmməd oğlu xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı bibisinin gəlini olub və münasibətləridə yaxşı olmuşdur. İddiaçının tələb etdiyi məbləğ çoxdur. 2000 manat borcu olduğunu bildirmişdir. Həmçinin, kirayədə qaldığını və qardaşının qızının onun himayəsində olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş sənədlər:

8. 08 iyun 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərara əsasən, tərəflər arasında yaranmış mübahisə mülki xarakterlidir. Yəni, tərəflər arasında borc öhdəlik münasibətlərinin olması müəyyən edilmişdir. Həmin qərara əsasən, Cavabdeh öz izahatında etiraf etmişdir ki, İddiaçı müxtəlif vaxtlarda evinin təmiri ilə əlaqədar 4000 manat borc almışdır.

9. Digər sənədlər.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3. cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarı: “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”

Məhkəmənin mövqeyi:

13. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.

14. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

15. Məhkəmə qeyd edir ki, öncə tərəflər arasındakı münasibətlərin mövcud hüquqi təbiəti müəyyənləşdirilərək, iddia tələbinin hüquqi əsası tapılmalıdır. İddiaçı cavabdehə şəxsi ehtiyacları üçün 2022-ci ilin noyabr ayının sonlarında hissə-hissə müəyyən məbləğdə pul vermiş, cavabdeh Bakı şəhəri Xətai RPİ-nin 37-ci polis şöbəsində verdiyi izahında borcun 4000 manatını etiraf etmişdir (§8). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hazırki mübahisəyə AR MM-nin borc münasibətlərini tənzimləyən müddəaları tətbiq edilməlidir. (§10)

16. Məhkəmə iddia tələbinin hüquqi əsasını müəyyənləşdirdikdən sonra növbəti addım olaraq Cavabdeh münasibətdə iddia tələbini nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.

17. Borc müqaviləsinin anlayışını verən MM-nin 739.1-ci maddəsinin mənasından da görünür ki, borc verən tərəfindən pulu və ya digər əvəz edilən əşyaları borcluya verməklə, həmin əşyalara mülkiyyət hüququnu borc alana keçirməsi borc müqaviləsinin bağlanmasının əsas şərtlərindən biridir. İşin mübahisəsiz hallarından da göründüyü kimi, iddiaçı tələb etdiyi pul vəsaitini (pula dair mülkiyyət hüququnu) cavabdehə vermiş, cavabdeh həmin pulu qəbul etmiş, onun qaytarılması müddəti və qaydası barədə öhdəlik də götürmüş, lakin öhdəliyini yerinə yetirməmiş və pulu qaytarmamışdır.

18. Məhkəmə qeyd edir ki, cavabdeh Bakı şəhəri Xətai RPİ-nin 37-ci polis şöbəsində verdiyi izahında borcun 4000 manatını etiraf etmiş, lakin məhkəmə iclas zalında 2000 manat borcu qaldığını qeyd etmiş, lakin 2000 manat borcun ödəməsini sübut edən hər nahsı mötəbər dəlili məhkəməyə təqdim etməmişdir. Belə ki, cavabdehin 4000 manat məbləğində pulun iddiaçıdan aldığını eetiraf etməsi ilə qaytarılması faktı ilə bağlı sübutetmə yükü cavabdehə keçmiş olur, cavabdeh isə qeyd edilən halı təsdiq edəcək heç bir mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir.

19. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 740-cı maddəsində borc müqaviləsinin formasına aid tələblər göstərilmişdir. Həmin müddəada borc müqaviləsinin yazılı və ya şifahi formada bağlanmasının imperativliyi borcun məbləği və onun suyektlərin tərkibi ilə şərtləndirilmişdir. Belə ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə araşdırması zamanı iddiaçının cavabdehə hissə-hissə 4000 manat puı verməsi müəyyənləşmişdir.

30. İşin şərh edilən hallarına əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda, göstərilən borc məbləğini iddiaçıya qaytarmasına dair üzərinə öhdəlik götürmüşdür. Lakin, cavabdeh iddiaçıdan pul vəsaitini almasına dair hüquqlarından istifadə etmiş, pul vəsaitini qaytarmalı olmasına dair vəzifələrini isə icra etməyərək, öhdəliyini pozmuşdur.

31. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4000 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.

Məhkəmə xərcləri:

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

33. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia təmin edilsin.

2. Cavabdeh 4000 (dörd min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin.

3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60 (altmış) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin.

4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar