Məhkəmə qərarları › İş №e-2(011)-5619/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5619/2024

11.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5619/2024 11.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 27 may 2017-ci il təvəllüdlü – X2 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 400 manat sabit pul məbləğinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 26 yanvar 2018-ci il tarixli 2(011)-611/2018 saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh arasındakı nikah pozulmuşdur. Həmin vaxtdan başlayaraq cavabdeh tərəflərin birgə nikahından doğulmuş 27 may 2017-ci il təvəllüdlü X2 üçün heç bir maddi kömək göstərməmişdir. Buna görə də iddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə tərəflərin birgə nikahdan doğulmuş - X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 160 manat aliment məbləğinin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hal-hazırda X3 7 yaşı var. Xətai Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Övladının ürəyində və beynində ciddi qüsurlar var. 7 yaşı olmasına baxmayraq övladının nitq qabiliyyəti inkişaf etməyib və digər həmyaşıdları kimi normal danışa bilmir. Hazırkı aliment övladının müalicəsinə çatmır. Bundan başqa ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə həmin vaxtdan bəri alimenti vaxtında ödəmir. Uşağın xəstəliyinin müalicəsində, təhsilində, zəruri ehtiyaclarının qarşılanmasında iştirak etmir və demək olar ki, cavabdeh övladının heç nəyi ilə maraqlanmır. Uşağın bütün qayğısını ehtiyacını tamamilə iddiaçı və qardaşı çəkir. Böyüdükcə uşaq da atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Övladının ürəyində qüsuru olması müntəzəm olaraq hər ay həkim yoxlanışında olmasını gərəkdirir. Nəticə etibarı ilə uşağın sağalması üçün həkim reseptinə uyğun külli miqdarda dərmanlara maddi vəsait sərf edir. Övladında autizimə meyillik aşkar edilib. Nitq qabiliyyəti tam olaraq inkişaf etməyib və həmyaşıdları ilə normal ünsiyyətdə ola bilmir. Məhz buna görə də həmyaşıdları kimi övladını məktəbə yazdıra bilmir. İllərdir uşağı psixoloqlara və xüsusi kurslara qoyur. Buna da kifayət qədər məbləğ tələb olunur. Övladının atası olaraq cavabdeh 7 il ərzində 1 dəfə olsun belə övladının bu xərcləri ilə maraqlanmayıb. Fikirləşməyib ki, övladımın sağlamlığına qovuşması üçün ata olaraq öhdəliklərim var. Dünyada gedən devalivasiyanın mənfi təsiri ölkəmizə də təsir etmişdir. Durmadan qalxan qiymətlərin sırasında uşaq qidaları və uşaq bezlərində də öz əksini tapıb. Bir həftə əvvəl alıdığı uşaq qidalar və dərmanlarının qiyməti durmadan artır. Körpə uşaqların necə sürətlə böyüməsi və geyimlərinin necədə baha olması hər kəsə məlumdur. Təbii ki, bütün bu hesablamalar getsə aylıq xərc, aylaq kurs xərclərini və müalicəsinə xərclənən xərci çıxmaqla, 500 manatdan çoxdur. Buna görə də görə iddiaçı “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. O, bildirmişdir ki, hazırda rəsmi iş yeri yoxdur. Sonuncu işlədiyi yer "xxxx" MMC olmuş və 175 manat əmək haqqı almışdır. Bu səbəbdən tələb edilən miqdarda aliment ödəyə bilməyəcək. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, tərəflərin birgə münasibətlərindən 27 may 2017-ci il təvəllüdlü X5 anadan olmuşdur. Tərəflər arasında bağalnmış nikaha Xətai Rayon Məhkəməsinin 26 yanvar 2018-ci il tarixli qətnaməsi əsasında xitam verilmişdir. Uşaq hazırda iddiaçının yanındadır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli 2(011)-2983/2018 saylı qətnaməsindən görünür ki, uşağın saxlanılması üçün təyin edilmiş 137 manat aliment məbləği artırılmış, 27 may 2017-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 154 manat alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh alimentin azaldılması tələb ilə məhkəməyə müraciət etmiş, eyni mülki iş üzrə İddiaçı da alimentin artırılması barədə qarşılıqlı iddia vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 mart 2019-cu il tarixli 2(011)-3477/2019 saylı qətnaməsi ilə ilkin iddia tələbi rədd edilmiş, uşağın saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarı artırılaraq hər ay 160 manat məbləğində müəyyən edilmişdir. İddiaçı hazırda uşağın saxlanılması üçün onun xeyrinə tutulan alimentin artırılmasını xahiş edir. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verilmiş sorğuya əsasən müəyyən edilmişdir ki, cavabdehin rəsmi iş yeri və gəliri yoxdur. İş materiallarında olan 06 aprel 2024-cü il tarixli arayışdan görünür ki, cavabdeh "xxxx" MMC-də balıq emalı üzrə fəhlə vəzifəsində çalışır və 175 manat əmək haqqı alır. İş materiallarından görünür ki, tərəflərin birgə münasibətlərindən doğulmuş 27 may 2017-ci il təvəllüdlü X4 inkişaf ləngiməsi var və sonuncu, hazırda müalicə alır. İş materiallarında olan şəhadətnamələrin surətindən görünür ki, Nümayəndə iddiaçının qardaşıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu: 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 19.3-cü maddəsinə əsasən, yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 112-ci maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə işə əlavə edilmiş sübutları tədqiq edərək hesab edir ki, alimentin miqdarının artırılması barədə iddialara baxılarkən qanunvericiliyin tələblərinə riayət etməklə məhkəmə ilk növbədə tərəflərin maddi vəziyyətində dəyişikliyin olmasını müəyyən etməlidir. İddiaçı cavabdehdən cəmi 400 manat məbləğində alimentin tutulmasını xahiş etsə də, cavabdehin həmin məbləği ödəmək iqtidarında olmasını sübut edə biləcək hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə Cavabdeh iddiaçının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi məsələsini müzakirə edərkən, yuxarıda qeyd olunanları, həmçinin qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), uşağın yaş həddini və diqqətəlayiq olan digər halları əsas tutaraq, iddianın qismən təmin edilərək, cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə iddia tələbinin iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən alimentin artırılması hissəsinə münasibətdə qeyd edir ki, alimentin artırılması ilə bağlı qətnamələr qanuni qüvvəsini aldıqdan sonra icra edildiyindən, aliment yalnız həmin qətnamə öz qanuni qüvvəsini aldıqdan sonra artırılır. Odur ki, iddia bu hissədə əsassızdır. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 mart 2019-cu il tarixli 2(011)-3477/2019 saylı qətnaməsi əsasında 27 may 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 27 may 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 235 manat sabit pul məbləğində aliment tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun bölüşdürülməsi məsələsinə qiymət verərək hesab edir ki, qanunla iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən cavabdehdən 48.20 manat dövlət rüsumu alınaraq dövlət nəfinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 mart 2019-cu il tarixli 2(011)-3477/2019 saylı qətnaməsi əsasında 27 may 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 27 may 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh 48.20 (qırx səkkiz manat iyirmi qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar