Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5665/2024 09.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 500 manat borcun və 30.40 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2022-ci ilin iyul ayında ünvan 1 ünvanında yerləşən “X1 Home Gəlinlik evi” adlanan gözəllik salonunda 2 həftəlik vizajistlik kursu keçmişdir. Kurs bitdikdən sonra vizaj ləvazimatlarının əldə edilməsi məqsədi ilə orada işləyən (+**********09 whatsapp) Cavabdeh 3.000 manat məbləğində ödəniş etmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq iddiaçı tərəfindən həmin məbləğdə heç bir ləvazimat əldə edilməmişdir. Təşkilatçı Cavabdeh müxtəlif bəhanələr ilə hər dəfə məsələni uzatmağa çalışmışdır. Bu hal uzun müddət davam etdikdən sonra, cavabdeh iddiaçıya 1.300 manat məbləğində vizaj ləvazimatları təqdim etmişdir. Belə olan halda da, qalan məbləğdə ləvazimatlar təqdim edilmədiyindən qalıq məbləğin iddiaçıya geri qaytarılmasını tələb etmişdir. Uzun müddət ərzində qalıq 1.700 manatdan 1 il ərzində 550 manatını ödəmişdir. Bu halın qarşısını almaq məqsədilə həmin gözəllik salonunun rəhbər şəxslərindən olan Ayan xanım ilə əlaqə saxlayıb məsələni ona danışmışdır. İddiaçı, Ayan xanım və Cavabdeh telefon zəngi ilə əlaqə saxlayıb bu məsələni müzakirə etmişlər. Cavabdeh həmin məbləğin Ayan xanımın qaytarmalı olduğunu qeyd etmişdir. Ayan xanım həmin puldan məlumatı olmadığını bildirmişdir. Daha sonra, aralarında razılaşaraq borcun 550 manatını Ayan xanımın, qalan 600 manatını da Cavabdeh tərəfindən ödənilməsi razılığına gəlmişlər. Ayan xanım dərhal ödəniş etməsinə baxmayaraq Cavabdeh məsələni uzatmağa davam etmişdir. Bir müddət sonra cavabdeh 10 oktyabr 2023-cü il tarixinə kimi möhlət istəmişdir. Həmin müddət tamam olduqda ümumiyyətlə heç bir ödəniş etməyəcəyini bildirib, “istəyirsiniz polisə verin” deyə fikir bildirərək, borcu ödəməyəcəyini bildirmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhərində yerləşən gözəllik salonlarının birində vizajistlik kursu keçmiş, kurs bitdikdən sonra vizaj ləvazimatları əldə etmək üçün həmin salonun əməkdaşı olan cavabdehlə razılığa gələrək sonuncuya 3.000 manat pul vəsaiti ödəmişdir. Cavabdeh iddiaçıya əvvəlcə heç bir ləvazimat təqdim etməmiş, daha sonra iddiaçıya 1.300 manat dəyərində vizaj ləvazimatları vermişdir. Daha sonra qalan 1.700 manatın 550 manatını ödəmişdir. İddiaçı həmin gözəllik salonunun rəhbəri ilə əlaqə saxlamış, onlar yerdə qalan 1.150 manat borcdan 550 manatının salon rəhbəri, qalan 600 manatının da cavabdeh tərəfindən ödənilməsi barədə şifahi razılığa gəlmişlər. Cavabdeh 600 manatı qaytaracağına dair öhdəlik götürsə də borcu qaytarmamışdır. İş materiallarında olan qəbzin surətindən görünür ki, gözəllik salonunun rəhbəri 550 manat məbləğində vəsaiti iddiaçının təqdim etdiyi kart hesabına göndərmişdir. Xətai Rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış məktubun surətindən görünür ki, toplanmış materialda cinayət hadisəsi, inzibati xəta müəyyən olunmadığından və mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə tərəfindən verilmiş sorğuya əsasən Xətai Rayon Polis İdarəsi tərəfindən təqdim edilmiş materiallardan görünür ki, iddiaçının şikayəti əsasında tərəflərin izahatı alınmışdır. Həmin izahatlarda cavabdeh ödəməli olduğu 600 manatın yalnız 100 manatını ödəmiş, qalan pulun ona aidiyyəti olmadığını bildirmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq, iddiaçı tərəfin izahatını dinləyərək hesab edir ki, iddia ərizəsi əsaslıdır. Mülki Məcəllənin 567-ci maddəsində verilən anlayışdan görünür ki, alğı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında şifahi alğısatqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdeh kosmetik vasitələrin əldə edilməsi üçün iddiaçıdan pul almış, həmin məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsi və cavabdeh tərəfindən pulun alınması polis idarəsində alınmış izahatlarda öz əksini tapmışdır. Beləliklə, cavabdehin pulu alması işin mübahisəsiz halıdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçı ilə aralarında razılaşdırdıqları əşyaları almaqla bağlı üzərinə öhdəlik götürmüşdür. İddiaçı həmin əşyaların dəyərini ödəmiş, lakin cavabdeh əşyaları iddiaçıya verməklə bağlı vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır. İstinad olunanlar məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh öhdəliyini icra etməmiş, iddiaçıdan aldığı pul vəsaitini qismən qaytarmış, qalan 500 manatı geri qaytarmamışdır. Beləliklə, istinad olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 500 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 30.40 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edildiyindən, Cavabdeh 30.40 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.40 (otuz manat qırx qəpik) manat alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elekron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-5665/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5665/2024
09.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver