Məhkəmə qərarları › İş №e-2(011)-568/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-568/2024

09.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-568/2024 09.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh1, "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzillərə sahiblik və istifadə hüququnun tanınması, mənzildən çıxarılma, mənzilə köçürülmə və yaradılan süni maneələrin aradan qaldırılması” tələbinə dair ilkin iddia ərizəsi, Cavabdeh1 İddiaçı və "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına "xxxx" MMC tərəfindən qeyri-qanuni olaraq tərtib olunub təqdim edilmiş 08 may 2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 və Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 32 nömrəli mənzildəki digər şəxslərin sözügedən mənzildən çıxarılması, eyni zamanda İddiaçı mənzilə sahiblik və istifadə hüququnun tanınmaqla onun həmin mənzilə köçürülməsi və yaradılmış süni maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2023-cü il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə İddiaçı Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən 20 saylı yaşayış evinin İİ-ci blok, 5-ci mərtəbə, ümumi sahəsi 117 kv.m. olan 32 saylı üç otaqdan ibarət mənzilə hüquqların tanınması və "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 20 aprel 2006-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ə.M. Hüseynli xx.xx.2024-cü il tarixdə qarşılıqlı iddianın dəqiqləşməsi barədə yazılı ərizə təqdim edərək, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən 20 saylı yaşayış evinin İİ-ci blok, 5-ci mərtəbə, ümumi sahəsi 117 kv.m. olan 32 saylı üç otaqdan ibarət mənzilə dair "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 20 aprel 2006-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı 20 aprel 2006-cı il tarixdə özünə mənzil almaq məqsədilə ünvan 1-də yerləşən "xxxx" MMC-yə müraciət etmişdir. MMC-nin əməkdaşı ilə müəyyən aydınlaşdırıcı danışıqlar apardıqdan sonra ünvan 1 ünvanda tikiləcək 14 mərtəbəli yaşayış binasının 5-ci mərtəbə, ümumi sahəsi 117 kvadrat metr olan, 2-ci blok, üç otaqlı, 32 nömrəli mənzili almağına dair razılığa gəlinmişdir. Bu məsələ öz həllini tapdıqdan sonra həmin gün qeyd edilən mənzilin hər kvadrat metri 270 (iki yüz yetmiş) manat hesabla cəmi 31600 (otuz bir min altı yüz) manat məbləğində nağd pula satılmaqla müvafiq sənədləşdirmə işləri aparılıb yekun olaraq müqavilə bağlanmış və sonra da maliyyə arayışı tərtib edilərək, hər iki sənəd iddiaçıya təqdim edilmişdir. Sonradan mütəmadi olaraq İddiaçı binanın tikintisi ilə maraqlanmışdır. Tikintinin gecikmə ilə aparılması iddiaçıda narahatçılıq və şübhə yaratmışdır. O səbəbdən də, MMC-nin rəhbərliyi tərəfindən müqavilə əsasında onun adına olan mənzilin ondan xəbərsiz qeyri-qanuni olaraq başqa birisinə satıldığından məlumatı olmayıb və bundan çox gec xəbər tutmuşdur. Gec xəbər tutmağının da səbəbi vaxtaşırı tikinti sahəsinə baş çəkərkən yuxarıda qeyd olunan məsələ ilə bağlı hər hansı məlumat ala bilməməsi olmuşdur. Dəqiq tarixi iddiaçının yadında olmasa da, binanın tikintisi başa çatdıqdan sonra İddiaçı adına olan mənzilə baş çəkmək üçün getmişdir. Lakin MMC-nin rəhbərliyi ilə görüşə bilməmiş və mənzilin qapısı hər dəfə bağlı olduğundan içəri daxil ola bilməmişdir. Bu vəziyyət dəfələrlə təkrarlanmışdır. Sonradan binanın qarşısında iddiaçı müraciət etdiyi tanımadığı şəxsdən məlumat almışdır ki, artıq ona məxsus olan mənzilin sakini var, o başqa yerdə yaşayır və ailəsi ilə ora ara-sıra qeyd olunan evə gəlirlər. Mənzilin sakininin adını isə sonradan öyrənə bilmişdir. Bundan sonra, İddiaçı bir neçə dəfə göstərilən ünvana gedib onun adına olan mənzildə kimin məskunlaşdığını öyrənmək cəhdləri binanın komendantı ilə görüşüb həmin mövzü ilə əlaqədar onu sorğu-sual edənədək davam etmişdir. Məlum olmuşdur ki, mənzilə köçən Cavabdeh1 adlı şəxs və onun ailə üzvləridir. Əlavə olaraq məlum olmuşdur ki, Cavabdeh1 əlində mənzilə dair müvafiq müqavilə var. Müqavilənin tərtib olunma tarixi isə xx.xx.2006-cı il tarixli olduğu müəyyən olunmuşdur. Bu məlumatı aldıqdan sonra İddiaçı "xxxx" MMC-nin qeyri-qanuni yola əl ataraq iddiaçıya səbəbini izah etmədən xəbəri olmadan onun adına olan mənzili başqa birisinə, yəni Cavabdeh1 satılmasının səbəbini öyrənmək istəmişdir. Lakin "xxxx" MMC-nin rəhbərliyi ilə görüşə bilməmişdir, həmçinin o zaman İddiaçı maddi durumu ürəkaçan səviyyədə olmadığı üçün ümidsizliyə qapanmış və problemin həlli ilə bağlı aidiyyatı orqanlara müraciət etməmişdir. Hazırda isə ədalətin bərqərar olunması və pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, "xxxx" MMC tərəfindən İddiaçı və Cavabdeh1 təqdim olunmuş müqavilə və arayışlardan görünür ki, müqavilə və maliyyə arayışı iddiaçının adına xx.xx.2006-cı il tarixdə verildiyi halda bu sənədlər Cavabdeh1 adına 08 may 2006-cı il tarixdə sənədləşdirilmişdir. İddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək mənzilin ümumi dəyərini cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəmişdir. Belə olan halda isə, o, həmin mənzilə istifadə və sahiblik hüquqlarının tanınmasını tələb etməkdə haqlıdır. Mənzilə dair kimin hansı məbləğdə pulun ödənilməsinə gəldikdə isə o ayrıca bir mübahisə mövzusudur, Cavabdeh1 adına "xxxx" MMC tərəfindən qeyri-qanuni tərtib olunub təqdim edilmiş 08 may 2006-cı il tarixli müqavilə etibarsız hesab edilməli, Cavabdeh1 və Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəs,i 32 nömrəli mənzildəki digər şəxslər sözügedən mənzildən çıxarılmalı, eyni zamanda İddiaçı mənzilə sahiblik və istifadə hüququ tanınmalı, İddiaçı sözügedən mənzilə köçürülməli və yaradılmış süni maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməlidir. Sonda Vəkil1 ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı Cavabdeh1 adına "xxxx" MMC tərəfindən qeyri-qanuni olaraq tərtib olunub təqdim edilmiş 08 may 2006-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 və ünvan 1, 32 saylı mənzildəki digər şəxslərin sözügedən mənzildən çıxarılması, eyni zamanda İddiaçı mənzilə sahiblik və istifadə hüququnun tanınmaqla onun həmin mənzilə köçürülməsi və yaradılmış suni maneələrin aradan qaldırılmasl tələbi ilə bağlı xüsusi vurğulamaq lazımdır ki, İddiaçı "xxxx" MMC-də baş mühasib vəzifəsində çalışmış X8 doğma bacısıdır. Roza Minaçeva 30 may 2014-cü il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2 və 313-cü maddələri ilə təqsirli bilinərəq, ona qəti olaraq dövlət, özünüidarə orqanlarında və kommersiya təşkilatlarında 3 il müddətində maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmə əsasən X13 "xxxx" MMCnin baş mühasibi olmaqla vəzifəli şəxs kimi 2005-2011-ci illərdə həmin MMC-nin təsisçisi və direktoru, MMC-nin faktiki vəzifəli şəxslərin səlahiyyətlərini icra edən şəxslərlə özgənin külli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirtmək məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi 20-də inşa edilən çoxmərtəbəli yaşayış binasında ümumilikdə 15901 kv.m. sahəsi olan 210 mənzili və 1041 kv.m. qeyri-yaşayış sahəsini saxta müqavilələr tərtib etməklə 543 nəfərə yenidən sataraq, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə müvafiq maliyyə-mühasibat üçotu sənədləri tərtib etmədən 10636371 manat məbləğdə özgənin külli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmiş, həmin şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmuş, tamah məqsədilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edilərək saxtakarlığı törətmişdir. Həmçinin məhkəmə öz hökmündə onu da vurğulayıb ki, X11 "xxxx" MMC-nin baş mühasibi vəzifəsində işləyərkən eyni mənzillərin müxtəlif şəxslərə satıldığını bilmiş, həmin sənədlərin qeydiyyatını aparmış, bu mənzillərə aid başqa şəxslərdən pulların alınmasında və həmin mənzillərin alqı-satqısına dair müqavilələrin bağlanılmasında iştirak edib özgənin əmlakını ələ keçirmişdir. O, mənzillərin satılmasını, satılmış mənzillərin addan-ada keçirilməsinə dair sənədlərin verilməsi kimi hərəkətlərin qanuna uyğun olmayan hərəkətlər olub özgəsini aldatmağa yönəldilib, onların əmlakını ələ keçirmə məqsədi daşıdığını bilmiş və bunu arzu etmişdir. Göründüyü kimi, Roza Minaçayeva mənzillərin qanuni sahibləri ola-ola istənilən mənzillə bağlı sənədləri tərtib etmək imkanına malik olmuşdur və təbii ki, məlumatlı idi ki, kimin daha əvvəl müqaviləsi olmuşdursa, ona üstünlük verilir. Məhz buna görə Cavabdeh1 08 may 2006-ci il tarixli müqaviləsi müqabilində Roza Minaçayevanın bacısı İddiaçı 20 aprel 2006-ci il tarixli müqaviləsi üzə çıxmışdır. Həmçinin həmin hökmə əsasən mübahisə predmeti olan mənzil Cəmiyyətin rəhbərliyi 21 iyun 2011-ci il tarixli saxta müqavilə ilə X2 ondan 37790 manat vəsait almışdırlar. Həmin şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İddia ərizəsində qeyd olunur ki, MMC-nin rəhbərliyi tərəfindən müqavilə əsasında onun adına olan mənzilin ondan xəbərsiz qeyri-qanuni olaraq başqa birisinə satıldığından məlumatı olmayıb və bundan çox gec xəbər tutmuşdur. Gec xəbər tutmağın da səbəbi vaxtaşırı tikinti sahəsinə baş çəkərkən yuxarıda qeyd olunan məsələ ilə bağlı hər hansı məlumat ala bilməməsi məlum olmuşdur. Halbiki artıq məlum olur ki, həmin şirkətdə İddiaçı doğma bacısı rəhbər vəzifə olan baş mühasib vəzifəsində işləmişdir və hətta saxta müqavilələr tərtib edilməsində və s. cinayətlərə görə məhkum olunmuşdur. Ona görə o mənzilin başqa şəxslərə satılması barədə məlumatın olmaması real deyil. Lakin, bütün bunlarla yanaşı, onu xüsusi ilə bildirmək lazımdır ki, artıq bu məsələ ilə bağlı Ali Məhkəmə səviyyəsinədək çatan məhkəmə mübahisəsi olmuşdur və qanuni qüvvəsini almış qətnamələr var. Həmçinin bu iş üzrə tərəflərin müqavilələrdən də öncə bir nəfərin də 2005-ci il tarixə aid müqaviləsi olmuşdur və məhkəmə tərəfindən onun iddiasının təmin olunmaması barədə də qanuni qüvvəsini almış qətnamə var. Belə ki, Cavabdeh1 "xxxx" MMC-yə qarşı məhkəməyə müraciət edərək "xxxx" MMC-nin inşa etdiyi Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən 20 saylı yaşayış evinin İİ-ci blok, 5-ci mərtəbə, ümumi sahəsi 117 kv.m. olan 32 saylı üç otaqdan ibarət mənzilin ona təhvil verilərək maneələrin aradan qaldırılması barədə iddia tələbi ilə Xətai rayon Məhkəməsinə müraciət etmişdit. Xətai rayon Məhkəməsi 2(011)- 2213/12 saylı iş üzrə 02 avqust 2012-ci il tarixli qətnamə qəbul etmişdir və qət etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən 20 saylı yaşayış evinin İİ-ci blok, 5-ci mərtəbə, ümumi sahəsi 117 kv.m. olan 32 saylı üç otaqdan ibarət mənzil Cavabdeh1 təhvil verilsin və mənzildən istifadəyə yaradılan maneələr aradan qaldırılsın. Bakı Apellyasiya Məhkəməsi 11 yanvar 2013-cü il tarixli qətnaməsi ilə Xətai rayon Məhkəməsinin 02 avqust 2012-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlamışdır. Sonradan Ali Məhkəmə 22 may 2013-cü il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 11 yanvar 2013-cü il tarixli qətnaməsini dəyisdirmədən saxlamışdır. Həmin mülki iş üzrə məhkəməyə cavabdeh "xxxx" MMC tərəfindən hazırki işdə qeyd olunan 20 aprel 2006-ci il tarixli İddiaçı adına olan müqaviləni təqdim etmişdir və məhkəmə həmin müqaviləyə artıq münasibət bildirmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 11 yanvar 2013-cü il tarixli qətnaməsində aşağıdakılar qeyd olunur: “Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, həmin mənzil iddiaçıdan əvvəl 20 aprel 2006-ci il tarixli müqavilə əsasında İddiaçı satıldığından, "xxxx" MMC-nin onun qarşısında öhdəliyi daha əvvəl yaranmışdır. Belə olan halda isə iddiaçının həmin mənzilə heç bir hüququ yoxdur, o, yalnız zərərin əvəzini tələb etmək hüququna malikdir. Aşağıda göstərilənlərə əsasən kollegiya apellyasiya şikayətinin göstərilən dəlilini əsassız hesab edir. Cavabdeh iddia edir ki, mübahisəli mənzilə dair həmçinin İddiaçı ilə də müqavilə bağlanılmış, müqavilədə onun dəyəri olan 31600 dollarının tam ödənildiyi göstərilməklə qalıq borc olmadığı göstərilmişdir. Kollegiya cavabdehin təqdim etdiyi həmin müqaviləni mötəbər sübut kimi qəbul etmir. Belə ki, müqavilənin bağlanma tarixini göstərən hissəsinə sonradan düzəliş edildiyi aşkar görünür. Əvvəlcə, onun bağlanma tarixi kompüter yazısı ilə 20 aprel 2011-ci kimi yazılmış, sonradan isə başqa rəng qələmlə əllə düzəliş edilərək tarix 20 aprel 2006-ci il kimi göstərilmişdir. Yazılı sübutların düzgünlük və tamlıq prezumpsiyasına görə təqdim olunmuş müqavilə o zaman konkret fakt və ya halla bağlı sübut dəyəri daşıyır ki, o, zahirən toxunulmaz olsun və imza həqiqətən də imzalayan şəxsə məxsus olsun. Buna görə, yazı zahirın toxunulmaz deyildirsə, yəni sənəddə qaralama, sonradan düzəliş və ya dəyişikliklər edilmişdirsə onun sübut dəyəri xeyli azalır. Hazırki halda cavabdehin əsas sübut kimi təqdim etdiyi İddiaçı ilə bağlanmış müqavilədən isə görünür ki, onun tarixində aşkar düzəliş edilmişdir. Bu hal ona görə əhəmiyyətlidir ki, həmin düzəlişə inanılarsa deməli, İddiaçı ilə iddiaçıdan daha əvvəlki tarixlə mənzilə dair müqavilə bağlanılmışdır və bu hal iddiaçının tələbinin əsaslığına təsir edə bilər. Kollegiya ekspertiza təyin edilməsinə lüzum görməmişdir. Çünki müqavilənin mətnindəki düzəliş və həmin düzəlişin müqavilənin tərtib edildiyi qələmin rəngindən fərqlənən qələmlə edildiyi aşkar şəkildə bəllidir. Hazırki işdən həmçinin görünür ki, tərəflər müqavilənin mətnindəki sözügedən düzəlişi sonradan xüsusi imzaları ilə ayrıca təsdiq edərək rəsmiləşdirməmişlər”. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə görə Bakı Apellyasiya Məhkəməsi “həmin mənzil iddiaçıdan əvvəl 20 aprel 2006-ci il tarixli müqavilə əsasında İddiaçı satıldığından, "xxxx" MMCnin onun qarşısında öhdəliyi daha əvvəl yaranmışdır. Belə olan halda isə iddiaçının həmin mənzilə heç bir hüququ yoxdur” cavabdehin dəlilini əsassız hesab etmişdir və İddiaçı adına olan müqaviləni mötəbər sübut kimi qəbul etməmişdir. Həmçinin, X15 adlı şəxs Cavabdeh1 məhkəməyə verərək mübahisəli mənzilin ona aid olduğunu, həmin mənzili təmir etdiyini qeyd edərək sonuncudan maddi zərərin ödənilməsini istəmişdir. Nəsimi rayon Məhkəməsinin 2(006)- 3854/2013 saylı, 05 noyabr 2013-cü il tarixli qətnaməsinə əsasən X9 iddiası təmin olunmamışdır. Bu az olmayaraq, X3 adlı şəxs Xətai rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 ona məxsus Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən 20 saylı yaşayış evinin İİ-ci blok, 5-ci mərtəbə, ümumi sahəsi 117 kv.m. olan 32 saylı üç otaqdan ibarət mənzildən çıxarılması və onun həmin mənzilə köçürülməsini istəmişdir. İddianı onunla əsaslanmışdır ki, "xxxx" MMC ilə X3 arasında 15 avqust 2005-ci il tarixdə müqavilə bağlanmışdır. Xətai rayon Məhkəməsinin 2(011)-3724/2019 saylı 07 avqust 2019-cü il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə Mətanət Allahverdiyevanın iddiasını mənzildən çıxarılma və mənzilə köçürülmə hissəsində təmin etməmişdir və Azərbaycan Respublikası Mülki Məcəllənin 452.1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, məhkəmə hesab edir ki, mübahisəli mənzil otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş mənzil olduğundan, bununla da bağlanmış müqavilə və qanuni qüvvəyə minmiş qətnamə əsasında yalnız Cavabdeh1 məxsus olduğundan, bununla da fərdi müəyyən əşya hesab olunduğundan, iddiaçının iddia ərizəsində göstərilənləri tələb etməsi əsassızdır. Odur ki, iddia əsassızdır. Həmçinin, Cavabdeh1 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinə ərizə ilə müraciət edərək Roza Minaçayevanın qohumu Rumiyyə Nizamovanın adına onun müqaviləsindən 19 gün öncə 20 aprel 2006-ci il tarixli saxta müqavilə tərtib edilməsi barədə məhkəməyə məlumat verib və məhkəməyə mənzillə bağlı məhkəmə qətnamələrin onun xeyrinə olduğundan zərərçəkmiş şəxs kimi tanınmadığını nəzərə çatdırmışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, İddiaçı müqaviləsi əslində 2011-ci il tarixli olmasına baxmayaraq, sonradan 2006-ci il tarixə düzəliş olunub, bu qanuni qüvvəsini almış məhkəmə qətnamələrində öz əksini tapmışdır və məhkəmə tərəfindən müəyyən edilmişdir. Ona görə sözügedən müqavilə əhəmiyyətsiz olduğundan etibarsızdır və bu hal sonuncu müqavilə üzrə tərəflərə bəllidir. Sonda Vəkil2 ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilkin iddia tələbi rədd, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan icraçı "xxxx" MMC ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, icraçı ünvan 2 ünvanda 14 mərtəbəli yaşayış evinin İİ blok, V mərtəbə, ümumi sahəsi 117 kv.m. 32 saylı mənzil, izolə olunmuş 3 otaqdan ibarət bir pay kimi payçıya verməyi öz öhdəsinə götürür. Payçı müqavilədə göstərilmiş məbləği vaxtında və tamamilə ödəməyi, mənzili qəbul etməyi öz öhdəsinə götürür. Müqavilə üzrə mənzilin dəyəri 1 kv.m. sahə üçün 270 manat təşkil edir. Sahəsi 117 kv.m. olan mənzil üçün cəmi 31600 manat ödənilməlidir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2006-cı il tarixli kassa mədaxil orderinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 31600 manat qəbul edilib. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2006-cı il tarixli Maliyyə arayışının notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 ünvanda inşa olunan yaşayış evləri "xxxx" MMC-yə məxsusdur. Bu binanın İİ blok, V mərtəbəsində ümumi sahəsi 117 kv.m. 3 otaqlı 32 saylı mənziin pay dəyəri 31600 manat İddiaçı tərəfindən ödənilib. Onun heç bir borcu yoxdur. İş materiallarında olan icraçı "xxxx" MMC ilə payçı Cavabdeh1 arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin surətindən görünür ki, icraçı ünvan 2 ünvanda 14 mərtəbəli yaşayış evinin İİ blok, V mərtəbə, ümumi sahəsi 117 kv.m. 32 saylı mənzil, izolə olunmuş 3 otaqdan ibarət bir pay kimi payçıya verməyi öz öhdəsinə götürür. Payçı müqavilədə göstərilmiş məbləği vaxtında və tamamilə ödəməyi, mənzili qəbul etməyi öz öhdəsinə götürür. Müqavilə üzrə mənzilin dəyəri 1 kv.m. sahə üçün 235,81 ABŞ dolları təşkil edir. Sahəsi 117 kv.m. olan mənzil üçün cəmi 34515,81 ABŞ dolları ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2213/2012 saylı xx.xx.2012-ci il tarixli Qətnamənin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Bakı şəhəri Xətai rayonu Rahib Məmmədov küçəsində yerləşən 20 saylı yaşayış evinin 11-ci blok, 5-ci mərtəbə, ümumi sahəsi 17 m2, 32 saylı 3 otaqdan ibarət mənzilin Cavabdeh1 təhvil verilməsi və mənzildən istifadəyə yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Həmin qətnamə ilə məhkəmə tərfindən müəyyən edilmişdir ki, Cavabdeh1 Bakı şəhər, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən 20 saylı yaşayış evinin 11-ci blok, 5-ci mərtəbə, ümumi sahəsi 117 m2, 32 saylı 3 otaqdan ibarət mənzili almaqla mənzilin mülkiyyətçisi olduğundan, cavabdeh mənzili başqa şəxsə sataraq müqavilənin şərtlərini pozduğundan, həmin mənzil iddiaçıya təhvil verilərək mənzildən istifadəyə yaradılan maneələr aradan qaldırılmalıdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-638/2013 saylı 11 yanvar 2013-cü il tarixli Qətnaməsindən görünür ki, cavabdeh "xxxx" MMC-nin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2213/2012 saylı iş üzrə 02 avqust 2012-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, “Birlik İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında 08 may 2006-cı il tarixdə Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən 20 saylı yaşayış evinin İİ blok, 5-ci mərtəbə, ümumi sahəsi 117 m 2, 32 saylı 3 otaqdan ibarət mənzilinə dair müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən Cavabdeh1 mənzilin razılaşdırılmış dəyərini ödəməyi, Cavabdeh2 isə tikinti işləri başa çatdıqdan sonra mənzili təhvil verməyi öhdəsinə götürmüşdür. Yenə müqavilədən görünür ki, Cavabdeh1 mənzilin razılaşdırılmış dəyəri olan 34515 ABŞ dollarını Cavabdeh2nə ödəmişdir, qalıq borc yoxdur. Müqavilənin bağlanıldığını, mənzilin razılaşdırılmış dəyəri kimi iddiaçı tərəfindən 34515 ABŞ dollarının ödənildiyini və binada tikinti işlərinin artıq başa çatdığını tərəflər mübahisələndirmirlər. Cavabdeh tərəf məhkəmənin gedişatında müqavilənin özünü mübahisələndirməmişdir, onun nümayəndəsi hətta birinci instansiya məhkəməsində hazırki mənzilin əvəzinə Xırdalanda yerləşən binada iddiaçıya hazır mənzil verməyi və ya mənzil üçün ödənilmiş pulun geri qaytarılmasını təklif etmişdir. Cavabdeh iddia edir ki, mübahisəli mənzilə dair həmçinin İddiaçı ilə də müqavilə bağlanılmış, müqavilədə onun dəyəri olan 31600 dollarının tam ödənildiyi göstərilməklə qalıq borc olmadığı göstərilmişdir. Kollegiya cavabdehin təqdim etdiyi həmin müqaviləni mötəbər sübut kimi qəbul etmir. Belə ki, müqavilənin bağlanma tarixini göstərən hissəsinə sonradan düzəliş edildiyi aşkar görünür. Əvvəlcə onun bağlanma tarixi kompüter yazısı ilə 20 aprel 2011-ci kimi yazılmış, sonradan isə başqa rəng qələmlə əllə düzəliş edilərək tarix 20 aprel 2006-cı il kimi göstərilmişdir. Hazırki halda cavabdehin əsas sübut kimi təqdim etdiyi İddiaçı ilə bağlanılmış müqavilədən isə görünür ki, onun tarixində aşkar düzəliş edilmişdir. Bu hal ona görə əhəmiyyətlidir ki, həmin düzəlişə inanılarsa deməli İddiaçı ilə iddiaçıdan daha əvvəlki tarixlə mənzilə dair müqavilə bağlanılmışdır və bu hal iddiaçının tələbinin əsaslılığına təsir edə bilər. Odur ki, bu hala istinad edən tərəf kimi cavabdeh düzəlişin həqiqətən tərəflərin iradəsini əks etdirdiyini və beləliklə, müqavilənin həqiqətən 20 aprel 2006-cı il tarixdə bağlanıldığını sübut etməlidir. Cavabdeh isə bu hala dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmənin sualına cavab olaraq cavabdehin nümayəndəsi düzəlişin kim tərəfindən və nə vaxt edilməsi ilə bağlı məlumatsız olduğunu bildirmiş, yalnız bu halın aydınlaşdırılmasına yönəlmiş ekspertiza təyin edilməsini xahiş etmişdir. Kollegiya isə ekspertiza təyin edilməsinə lüzum görməmişdir. Çünki müqavilənin mətnindəki düzəliş və həmin düzəlişin müqavilənin tərtib edildiyi qələmin rəngindən fərqlənən qələmlə edildiyi aşkar şəkildə bəllidir. Hazırki işdən həmçinin görünür ki, tərəflər müqavilənin mətnindəki sözügedən düzəlişi sonradan xüsusi imzaları ilə ayrıca təsdiq edərək rəsmiləşdirməmişlər”. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1750 saylı 22 may 2013-cü il tarixli Qərarından görünür ki, cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-638/2013 saylı 11 yanvar 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3854/2013 saylı xx.xx.2013-cü il tarixli Qətnaməsindən görünür ki, iddiaçı X9 Cavabdeh1 qarşı pul tələbinə dair ilkin iddiası, iddiaçı Cavabdeh1 cavabdeh X12 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3724/2019 saylı xx.xx.2019-cu il tarixli Qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, X1 məxsus olan və ünvan 1 ünvanında “Birlik-İnşaat “MMC tərəfindən inşa edilmiş 14 mərtəbəli yaşayış binasının İİ bloku, V mərtəbə, ümumi sahəsi 117,4 kv.m olan, üç otaqlı, 32 nömrəli mənzildə olan əşyalar, yəni bir ədəd şifoner, divan – kreslo, yataq mebel dəsti, bir ədəd “Samsung” markalı ledplazma televizor, televizor altlığı, bir ədəd “Siemens” markalı kondisioner, bir ədəd “Samsung” markalı soyuducu, bir ədəd “Samsung” markalı paltaryuyan maşın, bir ədəd “Samsung” markalı mikro dalğa, bir ədəd sensor markalı piltə, bir ədəd ütü və ütü altlığı, bir ədəd radiator qızıdırıcı, dörd ədəd xalça, Mətanət Allahverdiyevaya və qızına məxsus olan paltarlar, qab-qacaq, çəngəl-qaşıq dəstləri, yemək boşqabları və kababqoyan boşqablar Cavabdeh1 və X10 alınaraq X1 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, “qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mübahisəli mənzilin Cavabdeh1 təhvil verilməsi qət edilmişdir. Belə olan halda, iddiaçının mövcud iddia tələbinin hüquqi əsası yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzil otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş mənzil olduğundan, bununla da bağlanmış müqavilə və qanuni qüvvəyə minmiş qətnamə əsasında yalnız Cavabdeh1 məxsus olduğundan, bununla da fərdi müəyyən əşya hesab olunduğundan, iddiaçı iddia ərizəsində göstərilənləri tələb etməsi əsassızdır. Odur ki, ilkin iddia əsassızdır”. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2014-cü il tarixli 1(101)-65/2014 saylı Hökmün surətindən görünür ki, Roza Minaçeva Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2 və 313-cü maddələri ilə təqsirli bilinərəq, ona qəti olaraq dövlət, özünüidarə orqanlarında və kommersiya təşkilatlarında 3 il müddətində maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Cavabdeh1 Bakı Ağır Cinayətlər Məhkəməsinə ünvanlanan xx.xx.2013-cü il tarixli ərizəsinin surətindən görünür ki, “"xxxx" MMC-nin nümayəndəsi Cəfər Cəfərova və zərərçəkmiş X6 qanunsuz əməllərinin qarşısının alınması və onların mənim mənzilə olan hər hansı iddia ərizələrini qəbil etməkdən imtina edilməsi və həmin iddialarən rədd edilməsi” xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Vəkil1 tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsi üzrə cəmi 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh1 tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsi üzrə cəmi 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 08 may 2006-ci il tarixli müqavilə əsasında "xxxx" MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən, sahəsi 117 kv.m. olan 20 saylı yaşayış evinin, 32 saylı mənzil Cavabdeh1 tərəfindən müqavilə üzrə tam ödəniş həyata keçirilməklə alınmış, mənzil sonuncu tərəfindən təmir edilmiş və o, hazırda da həmin mənzildə yaşayır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2213/2012 saylı xx.xx.2012-ci il tarixli Qətnaməsi ilə Bakı şəhəri Xətai rayonu Rahib Məmmədov küçəsində yerləşən 20 saylı yaşayış evinin 11-ci blok, 5-ci mərtəbə, ümumi sahəsi 17 m2, 32 saylı 3 otaqdan ibarət mənzilin Cavabdeh1 təhvil verilməsi və mənzildən istifadəyə yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Həmin qətnamə ilə məhkəmə tərfindən müəyyən edilmişdir ki, Cavabdeh1 Bakı şəhər, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən 20 saylı yaşayış evinin 11-ci blok, 5-ci mərtəbə, ümumi sahəsi 117 m2, 32 saylı 3 otaqdan ibarət mənzili almaqla mənzilin mülkiyyətçisi olduğundan, cavabdeh mənzili başqa şəxsə sataraq müqavilənin şərtlərini pozduğundan, həmin mənzil iddiaçıya təhvil verilərək mənzildən istifadəyə yaradılan maneələr aradan qaldırılmalıdır, həmin qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 2(103)-638/2013 saylı 11 yanvar 2013-cü il tarixli Qətnaməsi ilə təmin edilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2213/2012 saylı iş üzrə 02 avqust 2012-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Həmçinin həmin məhkəmə qətnaməsi ilə işin aşağıdakı halları müəyyən olunmuşdur: “müqavilənin bağlanma tarixini göstərən hissəsinə sonradan düzəliş edildiyi aşkar görünür. Əvvəlcə onun bağlanma tarixi kompüter yazısı ilə 20 aprel 2011-ci kimi yazılmış, sonradan isə başqa rəng qələmlə əllə düzəliş edilərək tarix 20 aprel 2006-cı il kimi göstərilmişdir. Hazırki halda cavabdehin əsas sübut kimi təqdim etdiyi İddiaçı ilə bağlanılmış müqavilədən isə görünür ki, onun tarixində aşkar düzəliş edilmişdir. Bu hal ona görə əhəmiyyətlidir ki, həmin düzəlişə inanılarsa deməli İddiaçı ilə iddiaçıdan daha əvvəlki tarixlə mənzilə dair müqavilə bağlanılmışdır və bu hal iddiaçının tələbinin əsaslılığına təsir edə bilər. Odur ki, bu hala istinad edən tərəf kimi cavabdeh düzəlişin həqiqətən tərəflərin iradəsini əks etdirdiyini və beləliklə, müqavilənin həqiqətən 20 aprel 2006-cı il tarixdə bağlanıldığını sübut etməlidir”, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1750 saylı 22 may 2013-cü il tarixli Qərarı ilə cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-638/2013 saylı 11 yanvar 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bununla belə, İddiaçı mübahisəli mənzilə mülkiyyət hüququna əsas verən, Cavabdeh1 isə həmin mənzilə sahiblik və istifadə hüququnu istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, ilkin və qarşılıq iddia tələblərinə münasibətdə qeyd edir ki, əvvəla, Cavabdeh1 "xxxx" MMC-nin verdiyi mənzil üçün pay haqqını mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə hüququnu əldə etmiş, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mübahisəli mənzilin Cavabdeh1 təhvil verilməsi və mənzildən istifadəyə yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir, Cavabdeh1 həmin mənzili təmir etməklə orada yaşayır, beləliklə nəticə etibarilə mübahisəli mənzil üzrə öhdəliklər qarşılıqlı olaraq tam yerinə yetirilmişdir. Bu hallar, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə uyğun olaraq, ilkin iddia tələbinin rədd edilməsi üçün əsasdır. Belə ki, həmin maddəyə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin 11 yanvar 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, “İddiaçı ilə bağlanmış müqavilədən isə görünür ki, onun tarixində aşkar düzəliş edilmişdir; Əvvəlcə, onun bağlanma tarixi kompüter yazısı ilə 20 aprel 2011-ci kimi yazılmış, sonradan isə başqa rəng qələmlə əllə düzəliş edilərək tarix 20 aprel 2006-ci il kimi göstərilmişdir”. Məhkəmə qətnaməsi ilə işin müəyyən olunmuş hallarından göründüyü kimi, məhkəmə tərəfindən İddiaçı adına olan alqı-satqı müqaviləsi mötəbər sübut kimi qəbul edilməmiş, əksinə, "xxxx" MMC ilə payçı Cavabdeh1 arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilə üzrə mənzilin Cavabdeh1 təhvil verilməsi barədə nəticəyə gəlinmişdir. Bundan fərqli olaraq, İddiaçı və "xxxx" MMC arasında qisa (18 gün) müddət fərqi ilə bağlanması iddia edilən müqavilələr üzrə sonuncu tərəfindən öhdəliklər yerinə yetirilməmiş (mənzil təhvil verilməməklə), İddiaçı tərəfindən isə Cavabdeh1 müqavilə əsasında mənzilə köçərək orada yaşaması, o cümlədən təmir işləri görməklə fasiləsiz sahiblik və istifadə etməsi müqabilində üzun dövr (18 il) ərzində mənzillə dair hər hansı bir tələb və s. formada etiraz bildirilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilənlər ilkin iddia tələbinin təmin olunmaması, qarşılıqlı iddia tələbinin isə təmin olunması üçün kifayət edir. Məhkəmə, iddiaçının vəkili və nümayəndəsinin “İddiaçı və "xxxx" MMC arasında bağlanmış müqavilənin etibarlılığı - müqavilə, mədaxil orderi və maliyyə arayışındakı tarixlərin eyni olması” barədə dəlillərinə münasibətdə qeyd edir ki, mübahisəli binada mənzillərə dair bağlanmış müqavilələrin reyestrinin və ödənilmiş məbləğə dair ciddi maliyyə sənədinin olmaması mənzilə dair müqavilənin bağlanma tarixi və ödənişlərə dair sübutetmə vəzifəsi yaradır. Lakin iş materiallarına ilkin iddiaçı tərəfindən buna dair sübutlar əlavə edilməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən olunmamışdır. Məhkəmə, həmin mənzillərin dəyərinin ödənilməsinə dair iddiaçı tərəfindən verilmiş maliyyə arayışına və mədaxil orderinə münasibətdə isə hesab edir ki, maliyyə arayışı məlumat xarakterli sənəd hesab olunmaqla, mübahisələndirilən mənzilin dəyərinin həqiqətən də ilkin iddiaçı tərəfindən ödənilməsini təsdiq edən rəsmi maliyyə sənədini əvəz edə bilməz. İş materiallarına əlavə edilmiş “mədaxil orderi” isə ciddi maliyyə blankı barədə tələblərə cavab vermədiyindən (seriya, nömrə və s.) və həmin sənəddə ödənildiyi göstərilən məbləğin hansı mənzilə dair və hansı əsasla ödənilməsi müəyyən olunmadığından məhkəmə tərəfindən mənzilin dəyərinin ödənilməsi məbləği və tarixinin müəyyən olunması məqsədilə mötəbər sübut kimi nəzərə alına bilməz. Bununla bərabər, "xxxx" MMC adından səlahiyyətli şəxs kimi mənzil müqaviləsini imzalayan X7 da Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-65/2014 saylı xx.xx.2014-cü il tarixli hökmü ilə dələduzluq və vəzifə saxtakarlığı (yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi) cinayətlərini törətməkdə təqsirli bilinərək məhkum olunması da qeyd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəlləsinin 560.3.1-ci maddəsinə əsasən, qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi hüquqdan sui-istifadədir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010cu il tarixli qərarına əsasən, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarındakı hüquqi mövqeyinə görə, ...qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqdlər baxımından etibarsızlıq ümumi hal və nəticəni ifadə edir. Lakin belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Mülki qanunvericilikdə etibarsızlığa səbəb olan halların tabe olduğu hüquqi rejim və şərtlər də fərqli şəkildə tənzimlənir. Məsələn, əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisə edilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqdin bağlandığı andan etibarlı olan hüquqi vəziyyəti dəyişmir. Həmçinin mülki qanunvericiliyə nəzər yetirdikdə məlum olur ki, əqdin etibarsızlığına səbəb olan hallar yalnız əhəmiyyətsizlik və mübahisə edilən hallardan ibarət deyildir. ... Bəzən qanunvericilikdə məcburi qanun normalarına zidd olaraq bağlanan əqdlərin etibarsız hesab olunması üçün məhkəmə qərarı tələb olunur. Əqdin etibarsız hesab olunması üçün məhkəmə qərarı tələb olunan etibarsızlıq halları əqdlərin etibarsızlığına səbəb olan digər bir növü təşkil edir. Belə əqdlər qanunvericiliyə zidd olmalarına baxmayaraq məhkəmə tərəfindən etibarsızlığa dair qərar verilməyənədək müvafiq hüquqi nəticələri, yəni hüquq və öhdəlikləri yaradan etibarlı əqd kimi qəbul olunur. Məhkəmə tərəfindən etibarsızlığa dair qərar verildiyi təqdirdə isə həmin əqdlər bağlandığı andan etibarsız hesab olunurlar. Bir sıra əqdlərin etibarsızlığının yalnız məhkəmə qərarı ilə müəyyən edilməsi həmin əqdlərin mahiyyəti ilə bağlıdır. Belə əqdlər əsasən səlahiyyətli dövlət qurumlarının iştirakı ilə və ictimai şəkildə baş verdiyindən mülki hüquq subyektlərinin həmin əqdlərin etibarlılığı ilə bağlı etimad və inamını qorumaq zərurəti yaranır. Bu səbəbdən qanunvericilikdə bəzi əqdlərin yalnız məhkəmə qərarı əsasında etibarsız hesab edilməsi ilə bağlı normalar müəyyən edilmişdir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh1, "xxxx" MMC-yə qarşı “Cavabdeh1 adına "xxxx" MMC tərəfindən qeyri-qanuni olaraq tərtib olunub təqdim edilmiş 08 may 2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 və Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 32 nömrəli mənzildəki digər şəxslərin sözügedən mənzildən çıxarılması, eyni zamanda İddiaçı mənzilə sahiblik və istifadə hüququnun tanınmaqla onun həmin mənzilə köçürülməsi və yaradılmış süni maneələrin aradan qaldırılması” barədə barədə ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi təmin edilməli, “Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən 20 saylı yaşayış evinin İİ-ci blok, 5-ci mərtəbə, ümumi sahəsi 117 kv.m. olan 32 saylı üç otaqdan ibarət mənzilə dair "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 20 aprel 2006-ci il tarixli müqavilənin etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “Cavabdeh1 adına "xxxx" MMC tərəfindən qeyri-qanuni olaraq tərtib olunub təqdim edilmiş 08 may 2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 və Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 32 nömrəli mənzildəki digər şəxslərin sözügedən mənzildən çıxarılması, eyni zamanda İddiaçı mənzilə sahiblik və istifadə hüququnun tanınmaqla onun həmin mənzilə köçürülməsi və yaradılmış süni maneələrin aradan qaldırılması” barədə ilkin iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ilkin iddiaçının özünə aid edilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən 20 saylı yaşayış evinin İİ-ci blok, 5-ci mərtəbə, ümumi sahəsi 117 kv.m. olan 32 saylı üç otaqdan ibarət mənzilə dair "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 20 aprel 2006-ci il tarixli müqavilə etibarsız hesab edilsin. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat İddiaçı alınaraq Cavabdeh1 ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar