Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-572/2022 01.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçıların vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1, Maraqlı şəxs X3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (X4 maraqlı şəxs qismində cəlb edilməklə) icarə müqaviləsinin etibarsızlığı tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar onların iştirakı olmadan cavabdehin rəsmiləşdirdiyi 11 avqust 2021-ci il tarixdə ünvan 1 ünvanındakı qeyri-vaşayış binasının yerləşdiyi 306.1 kv.metr torpaq sahəsinə dair 708 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (bundan sonra Qeyri-yaşayış sahəsi) 1/3 hissədə İddiaçı1, 2/3 hissədə isə İddiaçı2 paylı mülkiyyətindədir. Qeyri-yaşayış sahəsinin yerləşdiyi 0,03061 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, iddiaçıların istifadəsinə verilmişdir. 11.08.2021-ci il tarixdə 306,1 kv.m (0,03061 ha) torpaq sahəsinin iddiaçıların müvəqqəti istifadələrinə verilməsi barədə onlarla cavabdeh arasında “özəlləşdirilən dövlət müəssisə və obyektlərinin habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” 708 saylı müqavilə bağlanmşdır. İddiaçıların adından müqaviləni üçüncü şəxs, X4 imzalamışdır. Kərim Səfərov İddiaçı1 atasıdır. İddiaçılar yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişlər ki, ümumi sahəsi 519,2 kv.metr və tikintialtı sahəsi 306,1 kv.metr olan qeyri-yaşayış binası Qeyri-yaşayış sahəsi 10 yanvar 2015-ci il tarixdən etibarən 1/3 hissədə İddiaçı1, 2/3 hissədə isə İddiaçı2 xüsusi mülkiyyətindədir. Dövlət Reyestrində 10 yanvar 2015-ci il tarixdə verilmiş ******* nömrəli çıxarışdan məlum olur ki, **********18-06301 reyestr nömrəsi əsasında onlara məxsus olan əmlakın yerləşdiyi 0,03061 ha ölçüdə torpaq sahəsi onların daimi istifadələrindədir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 30 may 1994-cü il tarixli, 801 nömrəli Sərəncamı əsasında ünvan 3 ünvanda torpaq sahəsi ayrılmışdır. Xüsusi mülkiyyətlərində olan əmlakın yerləşdiyi 306,1 kv.metr torpaq sahəsi, hüquq münasibətlərin yarandığı zaman qüvvədə olmuş Torpaq Məcəlləsinə əsasən İcra Hakimiyyətinin Sərəncamına uyğun olaraq daimi istifadələrinə ayrılmışdır. Torpaq sahəsinin istifadələrində olması qanunvericiliyə uyğun qaydada 10 yanvar 2015-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə verilmiş ******* nömrəli Çıxarışda qeyd edilmişdir. Qeyri-yaşayış sahəsinin altındakı 306,1 kv.metr torpaq sahəsinin özəlləşdirilməsi üçün, avqust 2021-ci il tarixdə nə qədər məbləğdə pul vəsaitin ödənilməli olmasını öyrənmək məqsədilə, Dövlət orqanına müraciətlər edilmişdir. 11 avqust 2021-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini E.Yusubov ilə İddiaçı2 və İddiaçı1 arasında 708 nömrəli “icarə müqaviləsi” rəsmiləşdirilmişdir. Qeyd olunan "icarə müqaviləsi” qanunsuzdur. Bu “icarə müqaviləsindəki imzalar onlara məxsus deyildir. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, əgər müqavilə iddiaçıların adından Səfərov Kərim tərəfindən imzalanırdısa, bu müqavilədə qeyd olunmalı idi. Cavabdehin nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsini qəbul etməyərək bildirdi ki, iddiaçılarla birlikdə Səfərov Kərim də gəlirdi əvvəllər. Pandemiya şəraiti ilə əlaqədar olaraq vətəndaşlarla birinci mərtəbədə - foyedə ünsiyyətdə olurdular. X2 etibarnaməsi olub-olmadığını soruşanda o, etibarnamənin olduğunu bildirib, süründürməçilik olmasın deyə müqaviləni Kərim Səfərov imzalayıb. Daha sonra, yoxlanılanda etibarnamənin olmaması müəyyən olunub. Əgər iddiaçı deyirsə ki onu aralıq sənədi imzalaması barədə aldadaraq müqavilə imzalatdırıblarsa, bunu sübut etsin. O halda həmin əməkdaş da işdən çıxarılacaq. Üçüncü şəxs X4 məhkəmə baxışı zamanı izahat verərək bildirdi ki, oğlu ona zəng edərək dedi ki, torpağın qiyməti ilə bağlı vəziyyətin nə yerdə olmasını öyrənməsi üçün idarəyə getsin. Həmin yerə getdikdə cavabdehin Renat adlı əməkdaşına yaxınlaşmış, o isə torpaqla bağlı yuxarı qiymət dediyinə görə bir neçə dəfə gedib gəlməli olmuşdu. Həmişə yuxarı mərtəbəyə çıxıb. Sonuncu dəfə gedəndə Renat ona bildirib ki, formal bir sənədə imza etməlidir ki, həmin torpağı özəlləşdirmə hüququnun ona məxsus olmasını təsdiq etsin. Sənəd çox xırda şriftlə yazıldığına görə də tam aydın oxuya bilməmişdir. Sonradan sənədi evdə oxuyanda görüb ki, onlar torpağı sıfırdan icarəyə veriblər. Yenidən idarəyə gedəndə cavabdehin Səfa adlı əməkdaşı aşağı düşüb onu dinləyəndən sonra bildirdi ki, imza etməyə onu məcbur etməyiblər, imza etməzdi. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin, cavabdehin nümayəndəsinin və iş üzrə üçüncü şəxsin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Məhkəmə hesab edir ki, icarə müqaviləsinin etibarsız hesab edilməsinə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 337-ci maddəsi təşkil edir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsində isə deyilir ki, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Qeyd edilən maddəalarda əqdlərin etibarsızlığının əsasları və qaydası göstərilmişdir. Qanunun etibarsız əqdlərə verdiyi ümumi anlayışdan isə görünür ki, etibarsızlıq üçün əsas şərt əqdin məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanılmasıdır. Bu şərtlər əsasən subyektlə bağlı olan, habelə əqdin forma və məzmununa aid olan şərtlərdir. Əqdlərin etibarlı olması üçün onu bağlayan şəxsin səlahiyyətinin olub-olmaması isə vacib əlamətdir. Çünki lazımı səlahiyyətə malik olmayan şəxs tərəfindən bağlanmış əqd əhəmiyyətsizdir və belə əqd hər hansı hüquqi nəticə yaratmaq qabiliyyətinə malik deyil. Əhəmiyyətsiz əqdin etibasızlığı anını isə qanun (MM-nin 337-cü maddəsi) onun bağlanması ilə eyni vaxtda baş verməsini müəyyən etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.04.2021-ci il tarixli Qərarında da qeyd edilir ki, Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Məhkəmə işin haktiki hallarını nəzərə alaraq, həm Mülki Məcəllənin 337-ci maddəsini, həm də Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hesab edir ki, hazırkı mübahisə Qeyri-yaşayış sahəsinin müvəqqəti istifadəsinə dair bağlanmış əqdin etibarsızlığı faktlarının olub-olmaması yoxlanılmalıdır. Yuxarıda da qeyd edildiyi kimi, etirbarlı əqdin əsas şərtlərinən biri əqdi bağlayan şəxsin onu bağlamağa səlahiyyətinin (hüququnun) olub-olmaması ilə bağlıdır. Konkret iş üzrə hazırkı mübahisəyə gəldikdə məhkəmə qeyd edir ki, Qeyri-yaşayış sahəsinə dair müqaviləni imzalamış X3 bu müqaviləni imzalamaq üçün lazımı səlahiyyəti olmamışdır. Belə ki, iddiaçılar icarə müqaviləsindəki imzaların onlara məxsus olmadığını əsas gətirərək müqavilənin etibarsız hesab edilməsini tələb edirlər. İş materiallarında olan 11.08.2021-ci il tarixli, 708 saylı “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin surətindən müəyyən olunur ki, müqavilənin icarəyəverən qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini E.Yusubov, icarəçi qismində isə iddiaçılar tərəfindən bağlanması qeyd olunmuş, müqavilənin son bölməsində icarəçi qismində iddiaçıların adları qeyd olunsa da, Kərim Səfərov tərəfindən imzalanmışdır. Bu həm də işin mübahisəsiz halıdır. Cavabdehin nümayəndəsi də işin həmin halını etiraf edərək, etibarnaməni təqdim etmədən Kərim Səfərovun sözügedən müqaviləni imzaladığını məhkəmə baxışı zamanı bildirmişdir. Cavabdehin nümayəndəsi bunu onunla izah etmişdir ki, Kərim Səfərovun iddiaçılar tərəfindən ona etibarnamə verildiyini bildirdiyi üçün və sərt pandemiya şəraiti ilə əlaqədar olaraq müəyyən məhdudiyyətlər mövcud olduğu üçün müqavilənin iddiaçıların adından onun tərəfindən imzalanmışdır. Sonradan belə bir etibarnamənin mövcud olmaması müəyyən olunmuşdur. Məhkəmə qeyd edrir ki, müqavilə imzalanan zaman, öncə X3 müqaviləni imzalamaq səlahiyyətini təsdiq edən iddiaçılar tərəfindən ona verilmiş etibarnamə tələb olunmalı, yalnız belə etibarnamə təqdim olunduqdan sonra müqavilə onun tərəfindən imzalanmalı idi. Bundan başqa, cavabdehin nümayəndəsi məhkəmə baxışı zamanı verdiyi izahatında Səfərov Kərimin müqavilə imzalamaq səlahiyyətini təsdiq edən etibarnamənin olmamasının sonradan - əməkdaş yuxarı mərtəbəyə çıxıb yoxladıqdan sonra yoxlanıldığını bildirmişdir. Lakin cavabdeh qurum müqavilənin səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığını daha sonra bilsə də, bununla bağlı heç bir lazimi tədbir görməmişdir. İşin şərh edilən hallarından isə görünür ki, Kərim Səfərov səlahiyyəti olmadığı halda, yəni sözügedən müqaviləni imzalamaq səlahiyyətini təsdiq edən etibarnamə olmadan Qeyri-yaşayış sahəsinin icarəsinə dair 11.08.2021-ci il tarixli müqavilə bağlanmışdır. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, Qeyri-yaşayış sahəsinə dair 11.08.2021-ci il tarixli müqavilə əhəmiyyətsiz əqdir, əqdin əhəmiyyətsiziliyini doğuran hal isə müqavilə bağlanarkən X3 əqdi imzalamağa səlahiyyətinin olmamasıdır. Bundan başqa, İddiaçı2 verilmiş Dövlət reyestrindən Çıxarış əsasında müəyyən edilir ki, sözügedən torpaq sahəsi iddiaçıların istifadəsinə verilmişdir. Bu halda, torpaq sahəsinə dair yenidən müvvəqqəti istifadə müqaviləsinin bağlanmasının hansı zərurətdən irəli gəlməsini cavabdeh sübut edə bilməmidşir. Beləliklə, şərh edilənlər əsasında məhkəmə hesab edir ki, X4 müvafiq etibarnamə (səlahiyyəti) olmadan “özəlləşdirilən dövlət müəssisə və obyektlərinin habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” 11.08.2021-ci il tarixli, 708 saylı müqaviləni imzaladığından iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İddiaçı1 və İddiaçı2 arasında bağlanmış 11.08.2021-ci il tarixli qeyri-yaşayış sahəsinin icarə müqaviləsi etibarsız hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №e-2(011)-572/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-572/2022
01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver