Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5720/2024 25.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh1 qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh1 qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh1 arasında ünvan 1 ünvanında yerləşən 249.5 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2020-ci il tarixli, 11 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifəsinə daxildir. Müqavilə ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə xx.xx.2024-cü il tarixinə ödənilməli olan 3493 manat məbləğində icarə haqqı borcu mövcuddur. Bununla əlaqədar olaraq Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cavabdehə “dövlət büdcəsinə yaranmış icarə haqqı borcunun ödənilməsi tələbi barədə” xx.xx.2024-cü il tarixli, 3-21-3/2-3867/2024 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh məktubu qəbul etməkdən, eyni zamanda icarə haqqı borcunu ödəməkdən imtina etmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, cavabdehdən icarə haqqı borcu üzrə 3493 manat məbləğində icarə haqqı borcunun Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz etməklə yanaşı, məhkəməyə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, iddiaçı ilə aralarında 24 aprel 2020-ci il tarixli 11 saylı İcarə müqaviləsi bağlanmış, həmin müqavilənin 4.1-ci maddəsinə əsasən göstərilmişdir ki, bu müqavilə ilə icarə müddəti 24 iyul 2020-ci il tarixdən 24 iyul 2022-ci il tarixədək müəyyən edilir. İcarə müqaviləsinin qeyd olunan maddəsində göstərilən müddətdə icarə haqlarını vaxtlı-vaxtında ödəmiş, cavabdehin həmin müqaviləyə görə iddiaçıya borcu qalmamışdır. Hazırda iddiaçı müqavilə müddəti bitdikdən, başqa sözlə qüvvədən düşmüş və ləğv edilmiş müqaviləyə əsasən əsassız hesablanmış pul məbləğinin pul məbləğini icarə haqqı adlandıraraq cavabdehdən tələb edir. İddiaçı ilə aralarındakı hazırkı məbləği təsdiq edən qüvvədə olan icarə müqaviləsi olmadığından həmin məbləğin ondan tutulması qanunsuz və əsassızdır. Bundan başqa Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ona verilən mülkiyyətə dair çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 579 kv.m qeyri-yaşayış binasının ½ hissəsi cavabdehin xüsusi mülkiyyətindədir. Həmin binanın altında yerləşən 249.5 kv.m torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi katerqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Göründüyü kimi cavabdehin xüsusi mülkiyyətində olab əmlakın altında yerləşən torpaq sahəsi ona əvəzsiz olaraq verilməli olduğu halda, iddiaçı ilə icarə müqaviləsi bağlanmış və cavabdeh icarə müqaviləsinə əsasən icarə haqlarını ödəmişdir. Həmin torpaq sahəsinin ½ hissəsi, yəni 124,75 kv.metrin cavabdehə aid olması nəzərə alınmadan, başqa bir şəxsin əmlakının altına düşən hissəsinin də, yəni tam 249,5 kv.metr torpaq sahəsinin icarə haqqı da cavabdeh tərəfindən ödənilmişdir. Bundan başqa qanunvericiliyin tələbinə əsasən icarə haqqı cavabdehdən o zaman tələb oluna bilər ki, cavabdeh mülkiyyətində olan əmlakın altında yerləşən torpaq sahəsini özəlləşdirilməsindən notarial qaydada imtina etmişdir. İcarə müqaviləsində cavabdehə aid hissənin deyil, tam hissənin ona icarəyə verilməsi təsdiq edir ki, cavabdehin notarial qaydada torpaq sahəsinin özəlləşdirilməsindən imtina etmişdir. Cavabdeh qeyd etmişdir ki, əvəzsiz verilməli olan torpaq sahəsi cavabdehə verilmədiyindən, bundan başqa icarə müqaviləsi bağlanması üçün torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı cavabdehdən notarial qaydada imtina alınmadığından, onunla bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən ona aid olmayan digər şəxsin mülkiyyətində olan əmlakın altına düşən torpaq sahəsinin də əlavə olaraq icarə haqqını ödəməsinə baxmayaraq, hazırda iddiaçının yenidən cavabdehdən 3493 manat məbləğində pul tələb etməsi qanunsuz olduğundan, iddia tələbi rədd edilməlidir. Cavabdeh həmçinin bildirmişdir ki, iddiaçı təşkilata icarə müqaviləsinin predmeti olan torpaq sahəsində yerləşən daşınmaz əmlakın artıq iki paylı mülkiyyətçisi olduğu barədə məlumat verilərək yeni müqavilənin bağlanmasını dəfələrlə təklif etmişdir, lakin belə bir müqavilə bağlanmamışdır. Bununla yanaşı cavabdeh həmin torpaq sahəsinin özəlləşdirmək istədiklərini də dəfələrlə bildirdiyini, lakin bununla bağlı da bir nəticəldə etmədiyini bildirmişdir. Məhkəmə iclası barədə iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan icarəyəverən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə icarəçi Cavabdeh1 arasında bağlanmış Özəlləşdirilən müəssisə və obyektlərinin, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında 11 nömrəli, 24 iyul 2020-ci il tarixli müqavilənin surətindən görünür ki, tərəflər arasında ünvan 2 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 249,5 kv.m torpaq sahəsi 24 iyul 2022-ci il tarixədək Cavabdeh1 icarəyə verilmiş, icarə haqqı aylıq 218,31 manat, illik 2619,75 manat müəyyən edilmişdir. Həmin müqavilənin 4-cü maddəsində müqavilə ilə icarə müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Həmin müqavilənin 7-ci maddəsinə görə müqavilənin müddəti başa çatdıqda ona xitam verilə bilər. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş şəxsi hesab vərəqindən görünür ki, Cavabdeh1 11 nömrəli müqavilə üzrə 6605,71 manat ödəniş olunmuş, 3493 manat ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh1 ünvanlanmış 07 mart 2024-cü il tarixli dövlət büdcəsinə yaranmış icarə haqqı borcunun ödənilməsi barədə məktubun surətindən görünür ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə görə ünvan 1 ünvanında yerləşən 249,5 kv.m torpaq sahəsinin icarəyə verilməsinə dair xx.xx.2020-ci il tarixli,11 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə 31 mart 2024-cü il tarixinə 3056,38 manat məbləğində icarə haqqı borcunun 7 iş günü müddətində dövlət büdcəsinə ödənilməsi, əks halda yaranmış icarə haqqı borcunun ödənilməsinin təmin edilməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 579,82 kv/m olan qeyriyaşayış binası tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestr nömrəsi ilə 25 aprel 2017-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 579,82 kv/m olan qeyri-yaşayış binasının ½ hissəsi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestr nömrəsi ilə 30 iyun 2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları X5, X1 Bəhruz Əli oğlu tərəfindən tərtib edilmiş 14 mart 2024-cü il tarixli aktın surətindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən vətəndaş Cavabdeh1 icarəsindəki ünvan 1 ünvanında yerləşən 249,5 kv.m torpaq sahəsinin icrası üzrə dövlət büdcəsinə yaranmış icarə haqqı borcunun ödənilməsinin tələb edilməsi barədə 3-21-3/2-3867/2024 nömrəli, 07 mart 2024cü il tarixli bildiriş məktubunun təqdim edilməsi üçün ünvan 2 ünvanına müraciət edilmişdir, lakin icarəçi bildiriş məktubunun qəbul etməkdən imtina etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin maddələrinə istinad ediləcək) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (442ci maddə) Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (443.1 maddə) Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. (399.1-ci maddə) Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. ( 399.2-ci maddə) Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. (399.3-cü maddə) Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. (399.4-cü maddə) Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. (405.1-ci maddə) Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. (405.2-ci maddə) Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərsəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. (421.2-ci maddə) İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. (Maddə 700.1.) Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. (Maddə 700.3.) Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: (Maddə 685.2.) 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Beləliklə, mülki işin materiallarında olan sübutlarla təsdiq edilir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh1 arasında 24 iyul 2020-ci il tarixdə icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehin tam mülkiyyətində olan ünvan 2 ünvanındakı qeyriyaşayış binasının yerləşdiyi 249,5 kv.m torpaq sahəsi Cavabdeh1 icarəyə verilmiş, icarə haqqı aylıq 218,31 manat, illik 2619,75 manat müəyyən edilmişdir. Həmin müqavilənin 4.1ci maddəsinə əsasən göstərilmişdir ki, bu müqavilə ilə icarə müddəti 24 iyul 2020-ci il tarixdən 24 iyul 2022-ci il tarixədək müəyyən edilir. İcarə müqaviləsinin qeyd olunan maddəsində göstərilən müddətdə cavabdeh tərəfindən icarə haqları vaxtlı-vaxtında ödənilsə də, həmin tarixdən sonra cavabdeh tərəfindən müqavilənin müddətinin bitdiyi üçün ödəniş edilməmiş, cavabdehin bildirdiyinə görə iddiaçı təşkilata icarə müqaviləsinin predmeti olan torpaq sahəsində yerləşən daşınmaz əmlakın artıq iki paylı mülkiyyətçisi olduğuna istinad edilərək, paylı mülkiyyətçilərin paylarına uyğun yeni müqavilənin bağlanması təklif edilsə də, belə bir müqavilə bağlanmamışdır. İş materiallarında olan sübutlarla təsdiq edilir ki, xx.xx.2021-ci il tarixdən ünvan 2 ünvanında yerləşən 579 kv.m qeyri-yaşayış binasının ½ hissəsi Cavabdeh1, ½ hissəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir. Həmin binanın altında yerləşən 249.5 kv.m torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi katerqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Göründüyü kimi cavabdehin xüsusi mülkiyyətində olab əmlakın altında yerləşən torpaq sahəsinin özəlləşdirilməsi hüququna malik olduğu halda, iddiaçı ilə müddətli icarə müqaviləsi bağlanmış və cavabdeh icarə müqaviləsinə əsasən icarə haqlarını müqavilə qüvvədə olduğu müddətdə ödəmişdir. xx.xx.2021-ci il tarixdən sonra həmin torpaq sahəsinin ½ hissəsi, yəni 124,75 kv.metrin cavabdehə aid olması nəzərə alınmadan, başqa bir şəxsin əmlakının altına düşən hissəsinin də, yəni tam 249,5 kv.metr torpaq sahəsinin icarə haqqı da cavabdeh tərəfindən ödənilmişdir. Məhkəmə mülki işdə olan sübutları qiymətləndirib, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, iddianın hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh1 arasında 24 iyul 2020-ci il tarixdə bağlanmış icarə müqaviləsi 24 iyul 2022-ci il tarixdən qüvvədə olmadığından, icarə müqaviləsinin predmeti olan torpaq sahəsində yerləşən daşınmaz əmlakın artıq iki paylı mülkiyyətçisi olduğu halda, həmin mülkiyyətçilərlə yeni müqavilə bağlanmadığından, həmin müqavilənin qüvvəsi bitdiyi dövrdən sonrakı dövr üçün icarə haqqının cavabdehdən tutulması əsassız olduğundan iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh1 qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-5720/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5720/2024
25.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver