Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5724/2022 01.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə **********4011 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə 12 ay müddətinə, illik 32% olmaq şərtilə, 2000 manat məbləğində kredit verilmişdir.
2. xx.xx.2016-cı il tarixdə isə tərəflər arasında xx.xx.2015-ci il tarixli müqaviləyə əlavə dəyişikliklə bağlı saziş bağlanmışdır. Sazişə görə kredit müqaviləsi üzrə borc qalığı restrukturizasiya edilməklə, cavabdehin əsas borcu 829,97 manat müəyyən edilmişdir. Restrukturizasiya edilmiş kreditin illik faiz dərəcəsi 16%, müddəti 17 ay, aylıq ödənişi isə 55 manat olmaqla müəyyənləşdirilmişdir.
3. Həmçinin, iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixdə **********4011 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 kredit müqaviləsi üzrə borclunun (Cavabdeh1) öhdəliklərini tam icra etməsi öhdəliyini üzərinə götürmüşdür.
4. İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
5. İddiaçı cavabdehlərdən müştərək qaydada, əsas borc üzrə 775.97 manat, faiz borcu üzrə 90.00 manat, cərimə borcuna görə 13.50 manat olmaqla cəmi 879.47 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh1 ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli, **********4011 saylı kredit müqaviləsinə əsasən şəxsə istehlak məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 32.00% faiz dərəcəsi olmaqla 12 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 198 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, xx.xx.2015-ci il tarixli, **********4011 saylı kredit müqaviləsi xx.xx.2016- cı il tarixli eyni nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 829.97 AZN, faiz 0,00 AZN, cərimə 0,00 AZN müəyyən edilmişdir.
7. Cavabdehlərin iddia ərizəsinə etirazının dəlilləri:
8. Cavabdehlər iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.
9. Məhkəmə iclasında verilən izahatlar:
10. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə iştirakları olmadan baxılmasını və qərar qəbul edilməsini xahiş etmişdir.
11. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrnin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
12. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
13. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
16. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
17. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
18. Maddə 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
19. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
20. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi:
25. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
26. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə **********4011 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdehə 12 ay müddətinə, illik 32% olmaq şərtilə, 2000 manat məbləğində kredit verilmişdir. xx.xx.2016-cı il tarixdə isə tərəflər arasında xx.xx.2015-ci il tarixli müqaviləyə əlavə dəyişikliklə bağlı saziş bağlanmışdır. Sazişə görə kredit müqaviləsi üzrə borc qalığı restrukturizasiya edilməklə, cavabdehin əsas borcu 829,97 manat müəyyən edilmişdir. Restrukturizasiya edilmiş kreditin illik faiz dərəcəsi 16%, müddəti 17 ay, aylıq ödənişi isə 55 manat olmaqla müəyyənləşdirilmişdir.
27. Həmçinin, xx.xx.2022-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh1 borc məbləği, əsas borc üzrə 775.97 manat, faiz borcu üzrə 90.00 manat, cərimə borcuna görə 13.50 manat olmaqla cəmi 879.47 manat təşkil edir.
28. Məhkəmənin qənaətinə görə iddia kredit borcunun cavabdehlərdən tutulması hissəsində əsaslıdır.
29. Belə ki, borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc prdmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.
30. İşin mübahisəsiz halıdır ki, iddiaçı ilə Cavabdeh1 arasında kredit (borc) müqaviləsi bağlanmış, iddiaçı müqavilədə nəzərdə tutulmuş pul vəsaitini həmin cavabdehə verməklə öhdəliyini icra etmişdir. Lakin cavabdeh aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş qrafikinə uyğun ödəməmiş, bununla da öhdəliyini icra etməmişdir (§ 14).
31. İddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışında da xx.xx.2022-ci il tarixinə cavabdehin əsas borc üzrə 775,97 manat, faiz borcu üzrə 90 manat, 13,50 manat cərimə olmaqla, cəmi 879,47 manat kredit borcunun olması göstərilmişdir.
32. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə, şərtlərlə və hesablanmış faizi ilə birlikdə və eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh göstərilən müqavilə əsasında pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin onu qaytarmaqla bağlı vəzifəsini isə yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.
33. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir.
34. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır.
35. Məhkəmə eyni zamanda, iddia tələbinin digər Cavabdeh2 aid hissədə araşdıraraq hesab edir ki, o, kredit müqaviləsi üzrə Cavabdeh1 aldığı pul məbləğinin iddiaçıya qaytarmasına dair öhdəliyinin tam icra olunmasına görə zamin olduğundan, borcun ödənilməməsi üçün məsuliyyət daşıyır (§ 16).
36. Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər Cavabdeh2 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, pul öhdəliyi isə icra edilmədiyindən, o, iş üzrə Cavabdeh1yla bərabər iddiaçı qarşısında birgə məsuliyyət daşıyır.
37. Məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutulmalıdır.
38. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. 775,97 manat məbləğində əsas, 90 manat faiz, 13,50 manat cərimə olmaqla, cəmi 879,47 manat pul məbləği, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qeyri-Bank Kredit Təşkilatı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı