Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5765/2025 31.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Mülki işin mahiyyəti: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “X3 15” markalı kompüter, 1 il zəmanət xidməti üçün, 2711.93 manat ödənilməmiş hissə, 271.19 manat dəbbə, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, “Roboroc” markalı robot tozsoran üçün, 2021.40 manat ödənilməmiş hissə, 202.14 manat dəbbə pulu, ümumilikdə 5206.66 manat borc, 72.07 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2025-cü il tarixli müqavilələrə əsasən “X3 15” markalı kompüter, 1 il zəmanət xidməti və “Roboroc” markalı robot tozsoran almış, nəticədə 5206.66 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4104.4 manat (12 ay x 271.2 manat + 850 manat ilkin ödəniş) olan “X3 15” markalı kompüter, 1 il zəmanət xidməti üçün ümumilikdə, 2983.12 manat olmaqla ondan, 2711.93 manat ödənilməmiş hissə, güzəşt olunaraq 271.19 manat dəbbə pulu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2747.4 manat (18 ay x 112.3 manat + 726 manat ilkin ödəniş) olan “Roboroc” markalı robot tozsoran üçün ümumilikdə, 2223.54 manat olmaqla ondan, 2021.4 manat ödənilməmiş hissə, güzəşt olunaraq 202.14 manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2118.47 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tərəflərin mövqeləri: İddiaçı MMC-nin nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış 05078059 nömrəli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, müqaviləyə əsasən iddiaçı “X3 15” markalı kompüteri 1 il zəmanət xidməti ilə birlikdə cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə öz növbəsində ödəniş cədvəlində qeyd edilən vaxtda və məbləğdə ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlindən görünür ki, əşyanın dəyəri 4104,40 manat, ödəniş müddəti 12 ay, ilkin ödəniş 850 manat məbləğində olmaqla, aylıq ödəniş 271,20 manat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, “X3 15” markalı kompüter, 1 il zəmanət xidməti cavabdehə xx.xx.2024-cü il tarixdə təhvil verilmişdir. İddiaçı MMC-nin ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə bağlanmış bildirişin surətindən görünür ki, müqaviləyə əsasən iddiaçı “Roboroc” markalı robot tozsoranı cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə öz növbəsində ödəniş cədvəlində qeyd edilən vaxtda və məbləğdə ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlindən görünür ki, əşyanın dəyəri 2499,99 manat, ödəniş müddəti 18 ay, ilkin ödəniş 726 manat məbləğində olmaqla, aylıq ödəniş 112,30 manat müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Roboroc” markalı robot tozsoran cavabdehə xx.xx.2025-ci il tarixdə təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən xx.xx.2024-cü il tarixli müqavilə üzrə Cavabdeh qalıq borcu 2711,93 manat borcu, cərimə borcu 271,19 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə qalıq borcu 2021,40 manat borcu, cərimə borcu 202,14 manat təşkil edir. İşin müəyyən edilən halları: Tərəflər arasında xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərində nisyə alqı-satqı müqavilələri imzalanmış, müqavilələrə əsasən iddiaçı müqavilələrdə göstərilmiş əşyaları Cavabdeh təhvil verməyi, Cavabdeh isə ödəniş cədvəlində müəyyən edilmiş müddətdə və məbləğdə ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etməyərək, müqavilə şərtlərini pozmuş, ödəniş cədvəlinə əsasən hər ay ödənilməli olan pul vəsaitini vaxtında ödəməmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1392,47 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 726 manat məbləğində ödəniş edimişdir, hazırda Cavabdeh qalıq borcu ümumilikdə 5206,66 manat təşkil edir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Maddə 576. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki Məcəllənin 576-cı maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandlğı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqavilələri bağlanmış, müqavilədə nəzərdə tutulmuş mallar Cavabdeh verilmiş və müqavilənin hissə-hissə ödənilməsi müddəti və məbləği müqaviləyə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək Cavabdeh tərəfindən də imzalanmışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında Cavabdeh iddiaçıdan müqavilədə göstərilən əşyaları almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin əşyaların dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh isə göstərilən müqavilə əsasında əşyaları almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır. Məhkəmə həmçinin, iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Məhkəmə hesab edir ki, əsas borc və cərimə borcunun nisbəti nəzərə alınmaqla iddia ərizəsində tələb olunan yüksək cərimə pulu ağlabatan həddə azaldılaraq xx.xx.2024cü il tarixli müqavilə üzrə 50 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 50 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə xərclərinin bölüşdürülməsi: Məhkəmə həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Lakin, Cavabdeh tutulmalı olan dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 68,34 manat məbləğində müəyyən edilməli, qalan dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 05078059 nömrəli müqaviləyə görə 2711,93 manat əsas borc, 50 manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqaviləyə görə 2021,40 manat əsas borc, 50 manat cərimə borcu olmaqla, cəmi 4833,33 manat pul və 68,34 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi 373,33 manat məbləğində cərimənin tutulması hissəsində təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 3,73 manat hissəsi İddiaçı MMC-yə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Nağıyev
Məhkəmə qərarları › İş №e-2(011)-5765/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5765/2025
31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver