Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5768/2024 27.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı "PSG X4 Kredit Təşkilatı" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı "PSG X4 Kredit Təşkilatı" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı – kredit üzrə əsas borcun məbləği kredit üzrə əsas borcun məbləği 3.536,74 manat, kredit üzrə faiz borcunun məbləği 3.384,18 manat, kredit üzrə hesablanmış cərimə məbləği 163,21 manat olmaqla, cəmi 7084,13 manat məbləğdə kredit borcunun və ərizənin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 91 manat məbləğdə dövlət rüsumunun cavabdehlər - Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı - "PSG X4 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə edilən sənədlərdən də göründüyü kimi, iddiaçı - "PSG X4 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC adlandırılacaq) ilə cavabdeh - Cavabdeh2 arasında 13 avqust 2021-ci il tarixli, 950/3 nömrəli Kredit Müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən, cavabdeh - Cavabdeh2 22 ay müddətinə, illik 24 % olmaqla, 8800 manat məbləğdə kredit verilib. 13 avqust 2021-ci il tarixli, 950/3 nömrəli Kredit Müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı - "xxxx" MMC ilə cavabdeh -Cavabdeh3 və Cavabdeh1 arasında 13 avqust 2021-ci il tarixli, 950/3 nömrəli zaminlik müqaviləsi bağlanıb. Həmin Zaminlik müqaviləsinə əsasən, cavabdeh - Cavabdeh3 və Cavabdeh1 13 avqust 2021-ci il tarixli, 950/3 nömrəli Kredit Müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün əsas borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürüblər. Cavabdeh2 uzun müddətdir ki, kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmir. İddiaçı - "xxxx" MMC tərəfindən cavabdehlərə dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklər hələ də icra edilmir, kredit borcu ödənilmir. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən, cavabdeh - Cavabdeh2 13 avqust 2021-ci il tarixli, 950/3 nömrəli kredit müqaviləsi üzrə kredit borcu - kredit üzrə əsas borcun məbləği 3.536,74 (üç min beş yüz otuz altı manat yetmiş dörd qəpik) manat, kredit üzrə faiz borcunun məbləği 3.384,18 (üç min üç yüz səksən dörd manat on səkkiz qəpik) manat, kredit üzrə hesablanmış cərimə məbləği 163,21 (bir yüz altmış üç manat iyirmi bir qəpik) manat olmaqla, cəmi 7.084,13 (yeddi min səksən dörd manat on üç qəpik) manat təşkil edir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia tələbinin tam təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddiaçının zaminlik müqaviləsinə əsasən, ona qarşı iddia irəli sürməsi vaxtını ötürdüyündən işə xitam verilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: 13 avqust 2021-ci il tarixli, 950/3 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 22 ay müddətinə, illik 24 % olmaqla, 8800 manat məbləğində kredit verilmişdir İddiaçı "PSG X4 Kredit Təşkilatı" MMC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında 13 avqust 2021-ci il tarixli, 950/3 nömrəli “zaminlik müqavilə” –ləri bağlanmışdır. Maliyyə arayışından görünür ki, Cavabdeh2 13 avqust 2021-ci il tarixli, 950/3 nömrəli kredit müqaviləsi üzrə "PSG X4 Kredit Təşkilatı" MMC-yə 3536,74 manat əsas və 3384.18 manat isə hesablanmış faiz borcu, 163,21 manat cərimə borcu olmaqla, cəmi 7084,13 manat borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli pretenziya məktublarının surətlərindən görünür ki, "PSG X4 Kredit Təşkilatı" MMC tərəfindən cavabdehlərə borcun ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunların tələblərinə uyğun olaraq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, "PSG X4 Kredit Təşkilatı" MMC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 91 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5768/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7803 nömrəli ekspertiza rəyindən görünür ki, 13 avqust 2021-ci il tarixli, 950/3 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 kreditin təyin edildiyi tarixdən etibarən qarardadda ekspert qarşısında qoyulmuş suallar üzrə xx.xx.2024-cü il tarixinədək iddiaçı "PSG X4 Kredit Təşkilatı" MMC-yə olan əsas borc üzrə 3537,24 manat, faiz borcu üzrə 1410,18 manat, 5% faiz borcu üzrə 175,88 manat məbləğində müəyyən edilişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi və Cavabdeh1 izahatlarını dinləyərək, iş üzrə təqdim edilmiş sübutları məcmu şəkildə qiymətləndirərək, hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan, iddia qismən təmin edilməlidir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5768/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7803 nömrəli ekspertiza rəyindən görünür ki, 13 avqust 2021-ci il tarixli, 950/3 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 kreditin təyin edildiyi tarixdən etibarən qarardadda ekspert qarşısında qoyulmuş suallar üzrə xx.xx.2024-cü il tarixinədək iddiaçı "PSG X4 Kredit Təşkilatı" MMC-yə olan əsas borc üzrə 3537,24 manat, faiz borcu üzrə 1410,18 manat, 5% faiz borcu üzrə 175,88 manat məbləğində müəyyən edilişdir Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehlərdən kredit borcuna görə 3536,74 manat əsas və 1410,18 manat məbləğində faiz tutulmadır. Məhkəmə habelə iddianın cərimə pulunun ödənilməsi barəsində hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də qismən əsaslıdır. Eyni zamanda iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə (cərimə) pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 3536,74 manat əsas və 1410,18 manat faiz borca münasibətdə cavabdehlərdən 163,21 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə 50 manat cərimə tutulmalıdır. Məhkəmə eyni zamanda iddia tələbinin digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, qanunvericiliyə görə zaminlər kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Məhkəmə Cavabdeh1 zaminliyə xitam verilməsi barədə ərizəsinə münasibətdə hesab edir ki, ərizə əsassızdır. Belə ki, Cavabdeh2 22 ay müddətinə 13 avqust 2021-ci il tarixdən 13 iyun 2023-cü il tarixədək kredit verilərək kredit müqaviləsi, eyni tarixdə yəni 13 avqust 2021-ci il tarixdə iddiaçı "PSG X4 Kredit Təşkilatı" MMC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Göründüyü kimi iddiaçı tərəf öhdəliyin icrası vaxtının çatdığı gündən yəni 13 iyun 2023-cü il tarixdən bir il ərzində xx.xx.2024-cü il tarixdə zaminlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "PSG X4 Kredit Təşkilatı" MMC ilə Cavabdeh2 arasında bağlanmış 13 avqust 2021-ci il tarixli, 950/3 nömrəli kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 3536,74 manat əsas,1410,18 manat hesablanmış faiz borcu, 50 manat cərimə borcu olmaqla, cəmi 4996,92 manat məbləğində pul müştərək qaydada tutularaq iddiaçı "PSG X4 Kredit Təşkilatı" MMC-yə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 91 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. 3536,74 (üç min beş yüz otuz altı manat, yetmiş dörd qəpik) manat əsas, 1410,18 (min dörd yüz on manat, on səkkiz qəpik) manat hesablanmış faiz borcu, 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 4996,92 (dörd min doqquz yüz doxsan altı manat, doxsan iki qəpik) manat borcun, həmçinin ödənilmiş 91 (doxsan bir) manat məbləğində dövlət rüsumunun əvəzi müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq "PSG X4 Kredit Təşkilatı" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-5768/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5768/2024
27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver