Məhkəmə qərarları › İş №e-2(011)-5779/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5779/2022

06.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5779/2022 06.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh1 və qeyrisinə qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh1 və Cavabdeh2 qarşı – 01/435/19 saylı, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əşyaların ödənilməmiş dəyəri 1667,19 manat, dəbbə pulu 132,81 manat, cəmi 1800 manat məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 38 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında 18 noyabr 2019-cu il tarixdə 01/435/19-Göy saylı Nisyə alqı-satqı müqaviləsi bağlanıb. Müqaviləyə əsasən iddiaçı qiyməti 3532.19 manat olan 1 ədəd 2018-ci il buraxılışlı divardan asılan məişət qaz qazanını sənəd və ləvazimatları ilə birlikdə cavabdehə təhvil verib, cavabdeh isə bunun müqabilində müqaviləyə əlavə olan ödəniş qrafikinə müvafiq olaraq aybaay ödəniş etməyi öhdəsinə götürüb. Hazırda cavabdehin həmin müqaviləyə əsasən qalan borcu 1667,19 manat, dəbbə pulu 6089,49 manat olmaqla, cəmi 7756,68 manat təşkil edir. Müqavilədən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilib. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər edilməsi 611 gün müddətində gecikdirilib və beləliklə də, müqavilədən irəli gələn öhdəliklər icra edilməyib. Deyilənlərdən əlavə, qeyd etmək lazımdır ki, hazırki iş üzrə cavabdeh sayılan Cavabdeh2 18 noyabr 2019-cu il tarixli 01/435/19-Göy-Z3 saylı Zaminlik müqaviləsinə əsasən Nisyə alqı-satqı müqaviləsi üzrə zaminlik qəbul etmişdir. Bu isə o deməkdir ki, o, həmin müqavilə üzrə mövcud öhdəliklərin icrasının təmin olunmamasına və ya lazımınca icra olunmamasına görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış NAS-01/435/19-Göy saylı xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 3532.19 manat məbləğində 2018-ci il buraxılışlı divardan asılan məişət qaz qazanı satılmışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 01/435/19- Göy saylı xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 MMC qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə Cavabdeh2 onunla birgə məsuliyyət daşımasına dair öhdəlik götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli əmlakın təhvil-təslim aktının surətindən görünür ki, 1 ədəd divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, 2 ədəd pol oborot vintil, 1 ədəd qaz requlyatoru, 1 ədəd stabilizator optimal, 1 ədəd qaz şlanqı, 1 ədəd qaz vintili, 7,8 ədəd panel, 14 ədəd radiator vintili köşə, 1 ədəd tangit ip, 20 ədəd boru 20, 72 ədəd boru 25, 10 ədəd dirsək 90*20 mm, 40 ədəd dirsək 90*25 mm, 2 ədəd mufta 20 mm, 10 ədəd mufta 25 mm, 6 ədəd keçid 25-20, 12 ədəd rekor düz 20 mm, 5 ədəd rekor düz 25 mm, 10 ədəd troynik 25 mm, 12 ədəd troynik 25-20 mm və 2 ədəd troynik 20 mm Cavabdeh1 təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı MMC-yə 1667,19 manat məbləğində qalıq borcu, 6089,49 manat məbləğində isə cərimə borcu vardır. İş materiallarında olan xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli tələb məktublarının surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh1 borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməyən borcu və ona hesablanmış cəriməni tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Yenə həmin Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh nisyə alğı-satqı müqaviləsi əsasında pul vəsaitinin və həmin müqavilə ilə müəyyən edilmiş cərimənin qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə əsasında nisyə alqı-satqısına dair hüququndan istifadə etmiş, pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı ona güzəş edilmiş borcun və ona hesablanmış cərimənin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın əsas və cərimə borcunun ödənilməsinə dair hissələri əsaslıdır. Odur ki, iddia təmin edilməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin digər Cavabdeh2 qarşı hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə həmçinin iddianın 38 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdehlər iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdurlar. Odur ki, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 18 noyabr 2019-cu il tarixli müqaviləyə görə 1667,19 (bir min altı yüz altmış yeddi, on doqquz qəpik) manat ödənilməmiş hissə, 132,81 (bir yüz otuz iki manat, səksən bir qəpik) manat cərimə, ümumilikdə 1800 (bir min səkkiz yüz) manat məbləğində pul vəsaiti və 38 manat məbləğində dövlət rüsumu müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar